Aleks Haykens: Azərbaycan ilə UNİCEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq bundan sonra da davam edəcək
Digər xəbərlər

Aleks Haykens: Azərbaycan ilə UNİCEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlıq bundan sonra da davam edəcək

Avqustun 10-da Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov BMT-nin Uşaq Fondunun (UNİCEF) Azərbaycandakı nümayəndəliyinin yeni rəhbəri Aleks Haykens ilə görüşüb. Aleks Haykens təyinatı ilə bağlı məktubun surətini nazir Ceyhun Bayramova təqdim edib.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildiriblər ki, nazir Ceyhun Bayramov təyinatı münasibətilə nümayəndəliyin yeni rəhbərini təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Azərbaycanın müstəqilliyinin ilk illərindən etibarən UNİCEF ilə qarşılıqlı faydalı əməkdaşlıq qurulduğunu diqqətə çatdırıb. Ceyhun Bayramov, həmçinin nümayəndəliyin yeni rəhbərinin təcrübəsinin Azərbaycan ilə UNİCEF arasında mövcud əməkdaşlığın daha da möhkəmləndirilməsinə töhfə verəcəyinə inamını ifadə edib.

Aleks Haykens öz növbəsində görüşə görə nazir Ceyhun Bayramova təşəkkürünü ifadə edib və Azərbaycana təyin olunmasından məmnunluq hissi keçirdiyini bildirib. O, Azərbaycan ilə UNİCEF arasında bir çox sahələrdə uğurlu əməkdaşlığın bundan sonra da davam edəcəyindən əmin olduğunu bildirib. Eyni zamanda, nümayəndəliyin rəhbəri hər bir uşağın keyfiyyətli təhsilə çıxışının olmasının əhəmiyyətini qeyd edərək, qlobal COVİD-19 pandemiyası dövründə UNİCEF tərəfindən bu xüsusda görülən işlərdən geniş bəhs edib.

Nazir Ceyhun Bayramov qarşı tərəfə Ermənistanın Azərbaycana qarşı təcavüzkar siyasətinin nəticələrindən, o cümlədən dinc azərbaycanlı sakinlərin, evlərin, məktəblərin və digər mülki obyektlərin məqsədli şəkildə hədəfə alınmasından danışıb. O, işğaldan azad olunmuş ərazilərdəki dağıntıların miqyası, mədəni və dini abidələrə dəymiş ziyan, mina təhlükəsi, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidən quruculuq işləri barədə ətraflı məlumat verib.

Görüşdə, həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

AZƏRTAC