Aksiya qanunlar çərçivəsində həyata keçirilir
MÜSAHİBƏLƏR

Aksiya qanunlar çərçivəsində həyata keçirilir

Artıq bir neçə gündür ki, Şuşa-Xankəndi yolunda ekofəalların, ictimai birliklərin nümayəndələrinin iştirakı ilə "Ekoloji terrora yox deyirik" şüarı altında dinc aksiya davam etdirilir. Aksiyanın keçirilməsində əsas məqsəd işğaldan azad olunmuş ərazilərdə, "Qızılbulaq" və "Dəmirli" qızıl yataqlarında qazıntı işlərinin aparılması, yataqların ermənilər tərəfindən istismar olunaraq daşınmasına etiraz ilə bağlıdır. Və tələbləri ondan ibarətdir ki, eko-mütəxəssislər əraziyə buraxılsın və yatağın istismarı ilə bağlı monitorinq aparılsın. Hələ ki, bu günə kimi onların öz doğma torpaqlarında hüquqları pozulur, tələblərinə ərazidə müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələr tərəfindən heç bir cavab verilmir. Aksiya iştirakçıları tələblərinin yerinə yetirilməsinə kimi aksiyanı davam etdirməyə israrlıdırlar.

Rusiya sülhməramlılarının bu qanunazidd davranışları onların vəzifələrinin tələblərinə cavab vermir. Sülhməramlıların müvəqqəti nəzarətində olan Azərbaycan ərazisindəki erməni silahlı separatçılarının hələ də tərk-silah edilməməsi, müxtəlif təxribatçı hərəkətlərinə şərait yaratmaları çox ciddi narahatlıqlar və suallar yaradır. Ancaq indi vətəndaş cəmiyyəti nümayəndələrini ərazilərimizə buraxmamaqla Azərbaycan vətəndaşlarının konstitusion hüquqlarını pozmuş olurlar. Öz ölkəsində sərbəst hərəkət etmək hüququ olan vətəndaşlarımızın, o cümlədən eko-ictimaiyyət nümayəndələri və könüllülərin qarşısına zirehli maşınlarla çıxan sülhməramlılar bir daha göstərir ki, onların fəaliyyətləri ermənilərin məqsəd və məramlarına xidmət edir. Ancaq sülhməramlılar anlamalıdırlar ki, onlar Azərbaycanın bütün ərazilərində, o cümlədən Xankəndi, Xocavənd, Xocalı və digər ərazilərimizdə istər hakimiyyət, istərsə də vətəndaş cəmiyyəti təmsilçilərini və digər təşkilatların nümayəndələrini görməyə, onların haqlı tələblərini yerinə yetirməyə məhkumdurlar. Rusiya sülhməramlılarının komandanı Volkov başda olmaqla onlar ərazimizdə həyata keçirilən ekoloji terrorun qarşısını almalıdırlar. Onlar yataqlarımızda aparılan qazıntı işlərinin monitorinqini aparmağa imkan və şərait yaratmalıdırlar. Əks halda, etirazlar davam edəcək və günü-gündən aksiyaya qoşulanların sayı artacaq. Azərbaycan cəmiyyəti görür ki, sülhməramlılar öz səlahiyyətlərinə aid olmayan işlərlə məşğuldurlar. Buradan belə nəticə çıxır ki, Qarabağda ekoloji cinayətlərin həyata keçirilməsində günahkar həm də sülhməramlılardır. Bilməlidirlər ki, Qarabağ ərazisi, həm də Laçın yolu bütün dünya tərəfindən tanınmış Azərbaycan ərazisidir. Qarabağdakı ermənilərin Azərbaycan qanunlarına tabe olmaqdan başqa yolları yoxdur.

Minayə ORUCOVA,

ADPU-nun nəzdində Azərbaycan Dövlət

Pedaqoji Kollecinin müəllimi.