Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markası
Sosial həyat

Akademik Zərifə Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markası

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyində Azərbaycanın görkəmli alimi, Əməkdar elm xadimi, tibb elmləri doktoru, professor, Azərbaycan Elmlər Akademiyasının həqiqi üzvü Zərifə Əziz qızı Əliyevanın 100 illik yubileyinə həsr olunan poçt markasının möhürlənmə mərasimi keçirilib. Bu barədə nazirliyin mətbuat xidmətinin məlumatında bildirilir.

Rəqəmsal inkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev çıxışında Zərifə xanım Əliyevanın oftalmoloq-alim və ictimai xadim olaraq ölkəmiz üçün göstərdiyi xidmətlər haqqında danışıb, onu böyük insan, əsl ziyalı, nəcib, qayğıkeş xanım kimi və ulu öndər Heydər Əliyevin ömür-gün yoldaşı kimi həmişə böyük sevgi və ehtiramla anıldığını qeyd edib.

Nazirlik yanında İctimai Şuranın sədri Siruz Abasbəyli və “Azərbaycan Filatelistlər İttifaqı” İB-nin sədri İntiqam Bağırlı akademik Zərifə Əliyevanın Azərbaycan tibb elminə verdiyi töhfələr və zəngin irsi barədə danışıblar.

Xatirə markası bir markadan ibarət blok şəklində “Azərpoçt” MMC tərəfindən hazırlanıb və Belarus Respublikasının “Bobruisk Integrated Printing House” mətbəəsində 4000 tirajla çap edilib.

Əli SADIQOV,

“Respublika”.