Akademik Zərifə Əliyeva yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib
Sosial həyat

Akademik Zərifə Əliyeva yüksəkixtisaslı səhiyyə kadrlarının hazırlanmasına böyük əmək sərf edib

Aprelin 28-də Səhiyyə Nazirliyi, akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzi və Azərbaycan Oftalmoloqlar Cəmiyyətinin təşəbbüsü ilə akademik Zərifə Əliyevanın anadan olmasının 99 illiyinə həsr edilmiş "Oftalmologiyanın aktual məsələləri" mövzusunda elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə çıxış edən mərkəzin direktoru, Azərbaycan Milli Elmlər Akademiyasının müxbir üzvü, professor Elmar Qasımov Azərbaycan oftalmologiyasının inkişafının məhz akademik Zərifə Əliyevanın adı ilə bağlı olduğunu, onun həyat yolu, elmi istiqamətləri, pasiyentlərə, gənc həkimlərə davranışının hər kəs üçün örnək olduğunu bildirib.

"Görkəmli oftalmoloq-alim Azərbaycan oftalmologiyasını inkişaf etdirib və bütün dünyaya tanıtdırıb. Belə ki, Zərifə Əliyeva Sovet İttifaqında yeganə olaraq Azərbaycanda Eksperimental Klinik Laboratoriyanın təşkilinə nail olub. Onun ən böyük arzusu Milli Oftalmologiya Mərkəzinin tikintisi ilə bağlı idi. Akademikin həmin arzusu həyata keçib və 12 il olacaq ki, mərkəz fəaliyyət göstərir", - deyə Elmar Qasımov diqqətə çatdırıb.

O, daha sonra gənc oftalmoloqlara müraciət edərək gələcəyin, müasir inkişafın onların əlində olduğunu və bunun üçün hər bir şəraitin yaradıldığını vurğulayıb. Mərkəzin direktoru bugünkü konfransın da məhz gənc oftalmoloqlar üçün faydalı olacağına əminliyini ifadə edib.

Azərbaycanın tanınmış oftalmoloq-alimi, akademik Zərifə Əliyevanın oftalmologiya elminin inkişafında müstəsna xidmətləri olduğunu qeyd edən Milli Oftalmologiya Mərkəzinin elmi işlər üzrə direktor müavini Hicran Namazova akademikin vaxtilə Azərbaycanda geniş yayılmış traxomanın, xüsusilə kimya və elektron sənayelərində peşə fəaliyyəti ilə bağlı göz xəstəliklərinin öyrənilməsi, profilaktikası və müalicəsinə, habelə oftalmologiyanın müasir problemlərinə dair bir çox sanballı tədqiqatların müəllifi olduğunu vurğulayıb.

H.Namazova görkəmli alimin "Gözün və görmə siniri yolunun yaşla əlaqədar dəyişiklikləri", "Gözün hidrodinamik sisteminin anatomik və fizioloji xüsusiyyətləri", "İridodiaqnostika", "Şəkərli diabet zamanı gözün patologiyası", "Oftalmologiyanın aktual problemləri" və bu kimi digər monoqrafiyalarının çap edildiyini bildirib: "Ümumiyyətlə Zərifə xanımın 200-ə qədər elmi işi, 14 monoqrafiyası və 12 səmərələşdirici təklifi vardı. Z.Əliyeva yüksəkixtisaslı səhiyyə kadrları hazırlanmasına da böyük əmək sərf edib".

Konfransa onlayn qoşulan Türkdilli Ölkələrin Oftalmoloji Cəmiyyətinin sədri Sunay Duman "Akademik Zərifə Əliyevanın işıqlı yolunda dünəndən bu günə və sabaha" mövzusunda məruzə söyləyib. O, akademikin işinə sevgi ilə yanaşmasından, ölkəsində oftalmologiyanın inkişafı üçün gördüyü işlərdən söz açıb, Azərbaycan oftalmologiyasının bugünkü inkişafı naminə göstərdiyi müstəsna xidmətlərə görə ona böyük heyranlıq duyduğunu bildirib.

Konfrans məruzələrlə davam edib.

Türkiyənin Retina Oftalmoloji Araşdırma Mərkəzinin əməkdaşı professor Süleyman Kaynak "Quru tip makula degenerasiyasında oksidatif stres və mikronutrisyon", Milli Oftalmologiya Mərkəzinin oftalmoloqları Nigar Həsənova "Uşaqlarda ikincili qlaukoma", Lalə Axundova "Vitreoretinal cərrahiyyəsində rast gəlinən bəzi problemlər", Rəvanə Həsənova "Azərbaycanda anadangəlmə kataraktanın rast gəlinmə tezliyi və xüsusiyyətləri", Xalid Əliyev "Torlu qişa xəstəliklərinin diaqnostikasında OKT angioqrafiya müayinəsi", Azərbaycan Tibb Universitetinin Tədris Cərrahiyyə Klinikasının oftalmologiya kafedrasının əməkdaşı Gülnar Əliyeva "Optikonevromielit (Devik xəstəliyi) - klinik praktikada müşahidə", Şirvan Müalicə Diaqnostika Mərkəzinin oftalmoloqu Günel Sayılova "Psevdoeksfoliativ sindromla müşayiət olunan katarakta cərrahiyyəsi zamanı dar bəbəklərin genişləndirilmə üsulları", Mərkəzi Neftçilər Xəstəxanasının oftalmoloqu İmran Carullazadə "Cərrahi əməliyyatdan sonrakı yaranan blefaroptozlara dair" mövzularında və başqaları müxtəlif təqdimatlarla çıxış ediblər. Mövzular ətrafında müzakirələr aparılıb.

AZƏRTAC