Aİ tərəfindən maliyyələşdirilən minatəmizləmə layihəsi
Digər xəbərlər

Aİ tərəfindən maliyyələşdirilən minatəmizləmə layihəsi

Fevralın 7-də Avropa İttifaqı (Aİ), Birləşmiş Millətlər Təşkilatının İnkişaf Proqramı (BMT İP) və Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə yeni layihəyə başlayıb.

Bu barədə verilən məlumata görə, tədbirdə əvvəlcə Türkiyədə baş verən zəlzələ qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla anılıb.

Tədbirdə Prezidentin xüsusi nümayəndəsi Aydın Kərimov minatəmizləmə məsələlərinə həsr olunan tədbirin əhəmiyyətindən söz açaraq deyib: "Şuşada minatəmizləmə prosesləri qısa müddətdə yerinə yetirilib. Mina problemi işğaldan azad olunmuş ərazilərimizdə yenidənqurma işlərinə, eləcə də soydaşlarımızın öz doğma yurd-yuvalarına qayıtmasına mane olur. Dövlət qurumlarımız insanların öz evlərinə qayıtması üçün çalışır. Bu istiqamətdə istənilən təşəbbüslərə dəstək vermək istəyirik".

Qeyd edib ki, Şuşada olan 2 mindən çox tarixi bina işğal dövründə dağıdılıb. "Eyni zamanda, biz maddi-mədəni irsimizi də bərpa edirik. Şuşada yerli enerji şəbəkəsini də qurmuşuq. Burada xəstəxanalar, məktəblər tikirik. Şuşada beşulduzlu otel də təhvil veriləcək.

Sonra Minatəmizləmə Agentliyinin İdarə Heyətinin sədri Vüqar Süleymanov diqqətə çatdırıb ki, layihə geri qayıdan 33 minə yaxın ailənin özlərini daha təhlükəsiz hiss etmələrinə və yaşayış vasitələrini bərpa etmələrinə kömək edəcək. Minaların və partlamamış hərbi sursatların (PHS) mövcudluğu məcburi köçkünlərin təhlükəsiz və könüllü qayıdışının qarşısını alır. Bunu nəzərə alaraq Aİ, ANAMA və BMTİP öz səylərini mina və PHS-ləri təmizləyən cavab qruplarını hazırlamaq, təchiz etmək və yerləşdirmək istiqamətində birləşdirib. Layihə çərçivəsində Azərbaycanda ilk qadın minatəmizləmə qruplarının yaradılması da nəzərdə tutulur. Bu tədbirlər, həmçinin layihə müddətindən sonra da münaqişədən zərər görmüş ərazilərdə insanların həyatını xilas etmək və icmaların yenidən qurulmasına yardım üçün ANAMA əməkdaşlarının strategiya və məlumatların idarə edilməsi üzrə təlim sessiyalarına dəstək verəcək.

"Azərbaycan hökuməti regionda sülh və təhlükəsizlik prinsiplərinə sadiq qalaraq, beynəlxalq tərəfdaşlar, vətəndaş cəmiyyəti və donor təşkilatlarla əməkdaşlığını davam etdirir. Bu layihə ərazilərin minalardan təmizlənməsi, məcburi köçkünlərin təhlükəsiz və davamlı şəkildə qayıdışının təmin edilməsi, o cümlədən ANAMA-nın potensialının artırılması, bilik və bacarıqlarının gücləndirilməsi, minalarla mübarizədə gender əsaslı fəaliyyətlərin təşviqi baxımından xüsusi əhəmiyyət kəsb edir. İnanırıq ki, mina təhlükəsi ilə mübarizə sahəsində beynəlxalq tərəfdaşların səyləri və həyata keçirilən fəaliyyətlər çərçivəsində birgə əməkdaşlıq, ərazilərin təhlükəsiz bərpası və yenidən qurulmasına, o cümlədən uzun illər ərzində öz doğma yurdlarından didərgin düşən məcburi köçkünlərin dinc yolla geri qayıtmasına yardım edəcək", - ANAMA-nın idarə heyətinin sədri Vüqar Süleymanov qeyd edib.

İşğaldan azad edilmiş ərazilərin bərpası və yenidənqurması üzrə Əlaqələndirmə Qərargahının İdarələrarası Mərkəzinin rəhbər müavini Sultan Hacıyev qeyd edib ki, yenidənqurma və bərpa işlərində Azərbaycan öz resurslarından istifadə edir. Minatəmizləmə Agentliyi də bu sahədə böyük işlər görüb. Ona görə də xarici ölkələr minatəmizləmə sahəsində bizim təcrübəmizdən istifadə edə bilər.

BMT-nin İnkişaf Proqramının Azərbaycan üzrə rezident-nümayəndəsinin səlahiyyətlərini icra edən Nuno Queiros deyib: "Biz bu layihəyə "Heç kəs kənarda qalmasın" prinsipinə sadiqliyimizi paylaşmaq məqsədilə başlayırıq. Azərbaycanda məcburi köçkünlərin təhlükəsiz qayıdışının dəstəklənməsi məqsədilə başlayan yeni layihə BMT İP üçün vacibdir.

O qeyd edib ki, BMT İP Minatəmizləmə Agentliyi ilə uzunmüddətli tərəfdaşlığa malik olmaqdan qürur duyur. Biz 1999-cu ildən minatəmizləmə tədbirlərini dəstəkləmişik və o zaman ANAMA-nın atdığı ilk addımlara kömək etmişik. Son 20 il ərzində BMT İP Azərbaycanda 850 mindən çox mina və digər partlayıcı silahların təmizlənməsində ANAMA-ya dəstək verib və 160 min 500-dən çox məcburi köçkün uşaq, qadın və kişilərin təhlükəsiz geri qayıtmasına yardım edib.

Bu gün Avropa Komissiyasının Xarici Siyasət Alətləri Xidmətinin 4 milyon 250 min avro məbləğində maliyyə dəstəyi ilə, o cümlədən Azərbaycan hökuməti ilə çiyin-çiyinə çalışaraq məcburi köçkünlərin təhlükəsiz şəkildə geri qayıtmasına dəstək vermək üçün bu layihəyə başlayırıq. Bu gün imzalanan layihə 20 kəndi əhatə edərək 33 604 ailənin faydalanmasına imkan verəcək.

Nuno Queiros, həmçinin deyib: "Layihə yerli və beynəlxalq QHT-lər arasında unikal tərəfdaşlığı gücləndirməklə yanaşı, yerli institutların potensialını artıracaq. Həmçinin ANAMA-nı informasiya idarəçiliyi və minalardan təmizləmədə innovativ həllərin tətbiqi sahəsində gücləndirəcək. BMT İP minaları və partlamamış hərbi sursatları aşkar etmək və məhv etmək üçün fövqəladə hallara cavab qruplarının hazırlanması, təchiz edilməsi və yerləşdirilməsində ANAMA-ya dəstək olmağı nəzərdə tutur. Bundan əlavə, biz minaların aşkarlanması üçün xəritələrin işlənib hazırlanması, minatəmizləmə avadanlığının, itlərin və siçovulların alınması, yaxşı təlim keçmiş və təchiz olunmuş gender baxımından inklüziv qrupların yaradılması, mina tədqiqatının aparılması, habelə maarifləndirmə materiallarının hazırlanması və rəqəmsal kanallar vasitəsilə PHS-ə dair məlumatlandırma mesajlarının yayılması sahəsində tədbirlər görəcəyik".

Digər çıxış edənlər də layihənin məqsədindən danışıblar.

Mustafa KAMAL,

“Respublika”.