Aİ-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 15 illiyi qeyd edilib
Digər xəbərlər

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 15 illiyi qeyd edilib

Yanvarın 26-da Avropa İttifaqının (Aİ) Azərbaycandakı nümayəndəliyinin fəaliyyətə başlamasının 15 illiyinə həsr olunmuş tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirdə Avropa İttifaqının ölkəmizdəki nümayəndəliyinin rəhbəri səfir Petr Mixalko çıxış edərək Aİ-nin Azərbaycanla əməkdaşlığa böyük önəm verdiyini söyləyib. Avropa İttifaqının Azərbaycanın strateji tərəfdaşı olduğunu və əlaqələrin gündən-günə genişləndiyini diqqətə çatdıran P.Mixalko tərəflər arasında ticarət dövriyyəsinin getdikcə artdığını bildirib. Onun sözlərinə görə, Azərbaycan Prezidenti İlham Əliyev və Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel arasında görüşlər, qarşılıqlı səfərlər əməkdaşıq əlaqələrini daha da gücləndirir. Vurğulayıb ki, tərəflər arasında Anlaşma Memorandumunun imzalanması əlaqələrimizi yeni mərhələyə yüksəldib.

Müxtəlif sahələrdəki əlaqələrdən danışan səfir qeyd edib ki, Aİ işğaldan azad edilmiş ərazilərin minadan təmizlənməsində yardımını əsirgəmir. O, aviasiya sahəsində əməkdaşlıq proqramının da artıq hazır olduğunu diqqətə çatdırıb.

Aİ-nin ölkəmizdəki nümayəndəliyinin rəhbəri bildirib ki, bundan sonra da mühüm layihələr həyata keçiriləcək və Avropa İttifaqı Azərbaycanı dəstəkləməkdə davam edəcək.

Tədbir konsert proqramı ilə davam edib.