Aİ Komissarı: Azərbaycan bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir
Digər xəbərlər

Aİ Komissarı: Azərbaycan bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir

Bu, mənim Azərbaycana ilk səfərimdir və səfər çərçivəsində münasibətlərimizə yeni təkan verdik. Səfər çərçivəsində keçirdiyim görüşlərdə Azərbaycan hökuməti ilə müzakirə etdiyimiz İqtisadi və İnvestisiya Planı postpandemiya dövründə regiona dəstək göstərmək baxımından çox faydalı olacaq. Bu plan ortaq fəaliyyətin nəticəsidir. Region ölkələrinin sosial və iqtisadi cəhətdən daha güclü olması üçün bu plan reallaşdırılacaq və biz bu planla regionda iqtisadi, sosial inkişafa təkan verə biləcəyik.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycana səfərini başa vuran Avropa İttifaqının (Aİ) Qonşuluq Siyasəti və Genişlənmə danışıqları üzrə Komissarı Oliver Varhelyi keçirdiyi mətbuat konfransında bildirib.

O deyib: “Azərbaycan bölgədə pandemiyadan minimum zərərlə çıxan ölkədir. Azərbaycan iqtisadi cəhətdən inkişaf etmiş və güclü ölkədir. Ona görə də biz əsas diqqəti iqtisadi və sosial sahələrə yönəltmişik. Bununla yanaşı, digər sahələrdə də əməkdaşlığı möhkəmləndirmək niyyətindəyik”.

Ələt Beynəlxalq Dəniz Ticarət Limanında olduğunu bildirən Oliver Varhelyi deyib ki, bu liman Şərq-Qərb nəqliyyat marşrutu üçün mühüm əhəmiyyətə malikdir. Bu limanın yaşıl iqtisadiyyata keçməsi, elektronlaşdırılması ilə bağlı təkliflər vermişik. Azərbaycan enerji sahəsində Avropa İttifaqı üçün önəmli tərəfdaşdır.

Səfər çərçivəsində keçirdiyi görüşlərdə Qarabağ münaqişəsini də müzakirə etdiklərini və Aİ-nin uzunmüddətli və dayanıqlı sülhün əldə olunması üçün dəstək verəcəyini bildirən Aİ-nin komissarı deyib: “Aİ münaqişədən sonra regionda daha uzunmüddətli və dayanıqlı sülhün əldə olunmasına dəstək verəcək. Artıq tərəflər saxlanılanların azad olunması və mina xəritələrini təqdim etməklə bu istiqamətdə addım atıb. Avropa İttifaqı olaraq bu mübadiləni alqışlayırıq. Gürcüstanın bu prosesdə rolu təqdirəlayiqdir. Aİ dayanıqlı sülhün əldə olunması üçün istənilən dəstəyi göstərməyə hazırdır. Avropa İttıfaqı, həmçinin maliyyə dəstəyi göstərməyə hazırdır və bu, hər iki tərəf üçün faydalı olar”.

AZƏRTAC