AĞSTAFA: Qürur və ehtiram anı
Region

AĞSTAFA: Qürur və ehtiram anı

Torpaqlarımızı yağı düşməndən azad edərkən canlarından keçərək şəhidlik zirvəsinə ucalan oğullarımız hər zaman ehtiramla anılırlar. Şəhidlərimizin adlarının əbədiləşdirilməsi istiqamətində müxtəlif tədbirlər həyata keçirilməkdədir.

Bu günlərdə Ağstafa rayonunun Dağ Kəsəmən kəndindən olan Vətən müharibəsi şəhidi Fariz Şahin oğlu Həsənovun doğum günü məzarı başında qeyd olunmuşdur. Tədbirdə YAP Ağstafa rayon təşkilatının sədri Etibar Hacıyev, rayon Gənclər və İdman İdarəsinin müdiri Əziz Məsməliyev, Ağstafa Rayon İcra Hakimiyyətinin Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Arif Qədimalıyev, şəhidin yaxınları və ictimaiyyət nümayəndələri iştirak etmişlər.

Tədbirdə çıxış edənlər Fariz Həsənovun keçdiyi şərəfli döyüş yolundan, igidliyindən bəhs etmişlər. Sonra şəhidimizin məzarı ziyarət olunub, önünə gül dəstələri düzülüb, ruhuna dualar oxunub. Sonra doğma evində Farizin keçdiyi şərəfli ömür yolu və Vətən uğrunda gedən şiddətli döyüşlərdə göstərdiyi qəhrəmanlıq nümunəsi bir daha yad edilərək əziz  xatirəsi ehtiramla anılıb.

Fariz Həsənov 12 oktyabr 1987-ci ildə Ağstafa rayonunun Dağ Kəsəmən kəndində anadan olmuşdur. O, 2005-2006-cı illərdə Xüsusi Dövlət Mühafizə Xidmətinin (XDMX) Milli Qvardiyasının sıralarında müddətli həqiqi hərbi xidmətdə olub. 2008-ci ildən isə müddətdən artıq həqiqi hərbi xidmət qulluqçusu kimi hərbi xidmətini davam etdirmişdir.

Azərbaycan Ordusunun çavuşu olan Fariz Həsənov Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən şiddətli döyüşlərdə misilsiz igidliklər göstərmişdir. İgid əsgər oktyabrın 13-də Füzuli rayon uğrunda gedən amansız döyüşlərdən birində düşmən gülləsinə tuş gələrək şəhidlik zirvəsinə ucalmışdır.

Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyinə görə  Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına əsasən Fariz Həsənov ölümündən sonra "Vətən uğrunda", "Döyüşdə fərqlənməyə görə", "Füzulinin azad olunmasına görə" medalları ilə təltif olunmuşdur.

Şəhid Fariz Həsənov ailəli idi. Ondan bir qız və bir oğul övladı bizlərə əmanət qalmışdır. Şəhidin anası Həsənova Larisa Nikolayevna dövlət başçısı İlham Əliyev və Birinci vitse-prezident Mehriban Əliyevaya şəhid ailələrinə göstərdikləri diqqət və qayğıya görə öz minnətdarlığını bildirdi.

Vəli VƏLİYEV,

«Respublika».