Ağsaqqallar Şurasının iclası
Region

Ağsaqqallar Şurasının iclası

Kəlbəcər Rayon İcra Hakimiyyətində Rayon Ağsaqqallar Şurasının iclası keçirilib. Kəlbəcər Rayon İcra Hakimiyyətinin akt zalında baş tutan tədbirdə YAP Kəlbəcər rayon Təşkilatının sədri Həbib Misirov, Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov və mətbuat katibi Rafiq Rzayev, Kəlbəcər Rayon İcra Hakimiyyətinin məsul əməkdaşları, rayon ağsaqqalları və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Ümummilli lider Heydər Əliyevin, Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və ötən dövr ərzində vəfat etmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Tədbirdə çıxış edən YAP Kəlbəcər Rayon Təşkilatının sədri Həbib Misirov tədbir iştirakçılarını salamlayıb. Bildirib ki, öz sıralarında elm, mədəniyyət və incəsənət adamlarını, ictimai-siyasi xadimləri birləşdirən Azərbaycan Ağsaqqallar Şurası cəmiyyətimizin, xüsusilə də yeniyetmə və gənclərin Vətənə məhəbbət, milli-mənəvi dəyərlərimizə və adət-ənənələrimizə hörmət ruhunda tərbiyə edilməsində və maariflənməsində üzərinə düşən öhdəlikləri yerinə yetirir.

Azərbaycan Respublikası Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov çıxış edərək ağsaqqalların ölkəmizin ictimai-mədəni həyatında rolundan, yaşlı nəslin nümayəndələrinə göstərilən dövlət qayğısından danışıb.

Vəlyəddin İsmayılov Kəlbəcər Rayon Ağsaqqallar Şurasının sədri seçilib. İclasda, həmçinin Ağsaqqallar Şurasının İdarə Heyətinin və Təftiş Komissiyasının üzvləri müəyyənləşdirilib.

Rayon Ağsaqqallar Şurasının sədri Vəlyəddin İsmayılov göstərilən etimada görə minnətdarlığını ifadə edərək, şuranın uğurlu fəaliyyəti üçün əlindən gələni əsirgəməyəcəyini bildirib.

Z.CƏMŞİDOĞLU,

"Respublika".