AĞDAŞDA TAXIL BİÇİNİ
İQTİSADİYYAT

AĞDAŞDA TAXIL BİÇİNİ

Müasir dövrdə bəşəriyyətin ən qlobal problemlərindən biri əhalinin ərzaq məhsulları ilə təminatı, ən ümdə vəzifə və şərəf isə bu təminatı ödəməkdir. Məhz bu baxımdan ölkə Prezidentinin diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri də ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsidir. Ölkə Prezidenti cənab İlham Əliyevin dediyi kimi, “qeyri-neft sektoru Azərbaycanın gələcəyidir, Azərbaycan iqtisadiyyatının hərtərəfli inkişafı üçün başlıca şərtdir”.

Bu gün Azərbaycanda aqrar sahədə kənd təsərrüfatı məhsulları istehsalının artımı həm torpaq sahələrinin genişləndirilməsi, həm də becərmə texnologiyası baxımından mövcud texnologiyaların daha səmərəlisindən istifadə edilməsi hesabına təmin edilir. Azərbaycanın aqrar sahə ilə məşğul olan bölgələrində olduğu kimi, Ağdaşda da bu sahəyə xüsusi diqqət verilir. Belə ki, 2021-ci ilin məhsulu üçün rayon ərazisində 17082 hektar sahədə payızlıq və yazlıq taxıl əkini aparılmışdır. Rayonda taxıl sahələri aqrotexniki qaydalara uyğun becərilmiş, vaxtında suvarma işləri aparılmış, becərmə dövründə fermerlər tərəfindən əkin sahələri gübrə və bitki mühafizə vasitələri ilə yetərincə təmin edilmişdir.                            

2021-ci ilin taxıl biçini kampaniyasının optimal müddətdə başa çatdırılması üçün taxılçılıq təsərrüfatları sahiblərinə və fermerlərə, dövlət vəsaiti hesabına xarici ölkələrdən alınmış və yüksək texniki parametrlərə malik kombaynlardan səmərəli istifadə edilməsi məqsədilə müvafiq tövsiyələr verilmiş, taxıl biçininin vaxtında və itkisiz həyata keçirilməsi üçün bütün mövcud imkanlar səfərbər edilmişdir.

Qeyd edək ki, cari ilin biçin kampaniyasına 40 ədəd kombayn cəlb edilmişdir. Onların 18 ədədi “Aqrolizinq” ASC-yə, 5 ədədi yerli sahibkarlara məxsus olmaqla, 17 ədədi kənar rayonlardan dislokasiya olunmuş kombaynlardır. Artıq taxıl biçini müvəffəqiyyətlə yerinə yetirilir.

Zabit XƏLİLOV,

“Respublika”.