Ağdaşda STEAM Mərkəzi açılıb
Elm və təhsil

Ağdaşda STEAM Mərkəzi açılıb

Martın 11-də Ağdaş şəhəri M.Şeyxzadə adına internat tipli texniki, humanitar və təbiət təmayüllü gimnaziyada STEAM Mərkəzi açılıb. Mərasimdə təhsil naziri Emin Əmrullayev iştirak edib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, açılışdan öncə ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət edilib, önünə gül dəstələri düzülüb.

Emin Əmrullayev Mərkəzdə şagirdlər üçün yaradılmış şəraitlə tanış olub. Bildirilib ki, Mərkəz regional xarakter daşıyır. Belə ki, Ağdaş rayonu ilə yanaşı, Yevlax, Bərdə, Ucar, Mingəçevir və Kürdəmirdən olan şagirdlər də bu Mərkəzdə yaradılmış imkanlardan faydalana bilərlər.

Artıq bir neçə bölgədə bu cür STEAM Mərkəzinin istifadəyə verildiyini qeyd edən təhsil naziri bildirib ki, ölkə üzrə ümumilikdə 15 STEAM Mərkəzinin tikilməsi nəzərdə tutulub. Emin Əmrullayev deyib ki, STEAM yanaşması Azərbaycan təhsilinin müasirliyini təmin etməklə yanaşı, şagirdlərin zəruri bilik və bacarıqlara yiyələnmələrinə də kömək edəcək.

Qeyd edək ki, hazırda ölkə üzrə 100 mindən çox şagirdi əhatə edən STEAM layihəsinin növbəti tədris ilində genişləndirilməsi planlaşdırılır.

Layihənin məqsədi təhsilalanlarda tənqidi, yaradıcı düşüncə, əməkdaşlıq etmə və digər bacarıqları formalaşdırmaq, yaradıcı proses vasitəsilə öyrənmə imkanı yaratmaqdır. Habelə, fənləri inteqrativ, real problemlərin həlli istiqamətində tətbiqlərə əsaslanan vahid öyrənmə modelində birləşdirmək, müxtəlif proqramlaşdırma dillərini tətbiq etməklə müasir İKT avadanlıqlarından istifadə edə bilmə qabiliyyətlərini yüksəltmək də layihənin məqsədlərindəndir.

Təhsil naziri Emin Əmrullayev STEAM Mərkəzinin açılışından sonra Heydər Əliyev Mərkəzində gənc müəllimlərlə görüşüb.

AZƏRTAC