Ağdamın əkin sahələri mexaniki üsulla suvarılır
Region

Ağdamın əkin sahələri mexaniki üsulla suvarılır

İşğaldan azad edilən digər bölgələr kimi, Ağdamda da minatəmizləmə, bununla paralel olaraq bərpa-quruculuq, tikinti, yol infrastrukturu işləri sürətlə davam etdirilir. Bu rayon böyük kənd təsərrüfatı potensialına malikdir. Xatırladaq ki, işğaldan əvvəl 143 min nəfər əhalisi olan Ağdamın geniş üzüm bağları, pambıq, taxıl sahələri vardı. Ölkə taxılının 1.4 faizini verirdi, heyvandarlığın inkişafında böyük potensiala malik idi.

Təbii ki, indi bütün bunlar orada müasir meliorasiya sistemi qurmadan mümkün deyil. Azərbaycan Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyəti bildirir ki, Ağdam rayonunda son illər mexaniki üsulla suvarma, o cümlədən meliorativ tədbirlər uğurla yerinə yetirilir. 36 min hektardan artıq kənd təsərrüfatı bitkilərinin suvarılması və 83 min nəfərə yaxın rayon sakininin içməli-məişət suyuna olan tələbatını hayata keçirən Ağdam Mexaniki Suvarma İdarəsində mövsümə uyğun olaraq işlər davam edir.

Bu xidmətlərin aparılması üçün idarənin balansında olan 986 subartezian quyusu, 4 nasos stansiya, 4 suyığıcı göl, 11 kəhriz və qaynamalar, 365 kilometr suvarma kanalları, 236 hidrotexniki qurğu mövcuddur. İdarə tərəfindən müasir standartlara uyğun olaraq 102 subartezian quyusunda "Scada" sistemi quraşdırılıb, 238 subartezian quyusunda isə quraşdırılması nəzərdə tutulub. Bundan başqa, balansda olan subartezian quyularına baxış keçirilərək nasaz olan dərinlik nasosları dəyişdirilib.

Rayon ərazisində əkin aparan fermerlərin və su istifadəçilərinin tələbatını ödəyən Ağdam Mexaniki Suvarma İdarəsi daimi olaraq subartezian quyularının işlək vəziyyətdə olmasına diqqət yetirir. İdarənin tabeliyində olan emalatxanada işçi heyəti tərəfindən nasosların sazlığı yoxlanılır və təmir prosesi həyata keçirilir. Hər il mütəmadi olaraq yeni subartezian quyularının qazıldığı Ağdam rayonunda bu il də 10 ədəd quyunun qazılması nəzərdə tutulub və artıq bu işlərin icrası yekunlaşır.

Ağdam Mexaniki Suvarma İdarəsi balansında olan suvarma kanallarında da lildən təmizləmə işlərini ilin əvvəlindən etibarən davam etdirir. Hazırda idarənin texnikaları bir neçə istiqamətdə kanalları lildən təmizləyir. Nəticədə suvarma kanalları ilə sahələrə ötürülən suyun maneəsiz axını təmin olunur.

N.ƏHMƏDOĞLU,

"Respublika".