Ağdamın ağ günləri hələ qarşıdadır
Siyasət

Ağdamın ağ günləri hələ qarşıdadır

"Otuzillik işğal bitsə də, onun ağır fəsadları hələ də qalmaqdadır. Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi Ermənistan tərəfindən yer üzündən silinib. Vaxtilə böyük və çiçəklənən şəhər olmuş Ağdam o dərəcədə dağıdılıb ki, xarici ekspertlər onu "Qafqazın Xirosiması" adlandırırlar".

İlham ƏLİYEV,

Azərbaycan Respublikasının Prezidenti.

Torpaqlarımızın 20 faizdən çox hissəsini zəbt edən Ermənistan işğalçılıq siyasətini sərasər 30 il davam etdirdi. Qanunsuz şəkildə məskunlaşdıqları şəhərlərimiz, kəndlərimiz də oldu, viran qoyub yer üzündən sildikləri yurd yerlərimiz də. Bu illər ərzində yalnız talançılıqla məşğul olaraq, sözün əsl mənasında xarabalığa çevirdikləri ərazilərin sahiblərinə nə vaxtsa hesab verəcəklərini və bu hesabın nə qədər ağır olacağını bəlkə heç düşünmədilər də. Anlamadılar ki, uzun müddət ərzində göstərilən səbrin, dözümün bir səbəbi var. Azərbaycanın 30 il ərzində torpaqlarının işğaldan azad olunması, düşmənin cavabının layiqli şəkildə verilməsi üçün məqsədyönlü, düşünülmüş siyasət apardığını, hər ötən gün öz Zəfərinə daha da yaxınlaşdığını da dərk edə bilmədilər. Bir sözlə, başı işğalçılığa, terrora, "ərazilərini genişləndirməyə" qarışan düşmən ölkə öz aqibətindən xəbərsiz idi.

2020-ci il sentyabr ayının 27-də Ermənistan silahlı birləşmələri Azərbaycanla sərhəddə növbəti təxribat törətdilər. Hər zaman münaqişənin sülh yolu ilə həll edilməsinə çalışan, müharibənin tərəfdarı olmayan Azərbaycanın reaksiyası bu dəfə tamam başqa oldu. Səbir kasası daşan, artıq qarşı tərəfin sabitlik, əmin-amanlıq marağında olmadığına tam əmin olan Ali Baş Komandan İlham Əliyev erməni təxribatlarının qarşısının alınması məqsədilə Azərbaycan Silahlı Qüvvələrinə əks-hücum əməliyyatına başlaması əmrini verdi. Vətənimizin azadlığı, ərazilərimizin bütövlüyü uğrunda Vətən müharibəsi başladı. 1993-cü ildən etibarən ulu öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi ilə ordusunu formalaşdırmağa başlayan, iqtisadi gücünü kifayət qədər artıran, heç bir ölkədən iqtisadi asılılığı olmayan dövlətimiz əzmlə, qətiyyətlə itirdiyi torpaqlarının müdafiəsinə qalxdı. İkinci Qarabağ müharibəsi cəmi 44 gün çəkdi. 44 günlük bir zamanda isə Azərbaycan 30 il ərzində BMT, ATƏT kimi aparıcı beynəlxalq təşkilatların, nüfuzlu qurumların qərar və qətnamələrinə məhəl qoymayan Ermənistanın öhdəsindən təkbaşına gəldi. Hər günü xalqımızın şərəfli tarixinə çevrilən İkinci Qarabağ müharibəsi ermənilərin rüsvayçı şəkildə məğlubiyyəti ilə nəticələndi.

44 gün davam edən İkinci Qarabağ müharibəsində şanlı ordumuzun rəşadəti, şücaəti sayəsində oktyabr ayının 4-də Cəbrayıl, 17-də Füzuli, 20-də Zəngilan, 25-də Qubadlı rayonu, noyabr ayının 8-də isə Şuşa şəhəri işğaldan azad edildi. Yenilməz Azərbaycan Ordusu Şuşa şəhərinin ardınca bir gündə 70-dən artıq kəndi, 8 strateji yüksəkliyi azad etməklə Ermənistanı diz çökdürdü və kapitulyasiyaya məcbur etdi. 2020-ci il noyabr ayının 10-da müzəffər Azərbaycan Ordusunun gücünə, yenilməzliyinə, "dəmir yumruğ"un zərbəsinə tab gətirə bilməyən düşmən təslim oldu. Dünyanın gözü qarşısında kapitulyasiya aktı imzalayaraq döyüşü davam etdirə bilmədiyini açıq şəkildə etiraf etdi. 10 noyabrda Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Federasiyasının Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyan üçtərəfli Bəyanat imzaladılar. Bəyanata əsasən, Ermənistan 2020-ci il noyabrın 20-də Ağdam, 25-də Kəlbəcər, dekabrın 1-də isə Laçın rayonlarını Azərbaycan Respublikasına qaytarmalı oldu. Və 44 gün ərzində daim irəliyə gedən, hər qarış torpağı üçün canından keçən Azərbaycan Ordusu hərb meydanında döyüşü dayandırdı. Kəlbəcər, Ağdam və Laçın rayonları bir güllə atılmadan öz sahibinə qaytarıldı.

Kəlbəcər, Şuşa, Laçın rayonlarının işğalından sonra ermənilərin növbəti hədəfi Ağdam rayonu idi. Belə ki, erməni silahlı birləşmələri tərəfindən 1993-cü il iyulun 4-dən etibarən artilleriya atəşinə tutulan Ağdam rayonu iyulun 23-də işğal olunmuşdu. Müdafiəsi uğrunda 5 ildən artıq qanlı döyüşlər gedən Ağdamın böyük bir hissəsi - ümumi ərazisinin 77,4 faizi işğal edilmiş, minlərlə igid oğullarımız bu torpaq uğrunda canından keçərək şəhidlik zirvəsinə ucalmışdır. İşğal nəticəsində 100 min nəfərdən artıq ağdamlı doğma el-obasından didərgin düşmüş, 100-ə yaxın kənd darmadağın edilmişdir.

1992-ci il may ayının 8-də Şuşanın erməni silahlı birləşmələri tərəfindən işğal olunması Ağdamın da işğalına yol açmışdı. 2020-ci il noyabrın 8-də Azərbaycanın baş tacı, Qarabağın dilbər guşəsi qədim Şuşamızın işğaldan azad olunması Vətən müharibəsinin qalibiyyətinə nöqtə qoydu və bütün dünyanı heyrətə gətirən Şuşa əməliyyatından sonra Laçın, Kəlbəcər rayonları ilə yanaşı, Ağdam rayonu da səssiz-səmirsiz, gülləbaransız geri qaytarıldı. Düşməndən geri alındıqdan 3 gün sonra - 2020-ci il noyabrın 23-də Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyev Ağdam şəhərində olarkən Azərbaycanın dövlət bayrağını qaldırmış və birinci xanım Mehriban Əliyeva ilə Ağdam məscidini ziyarət etmişdir. Məkkədən gətirdiyi "Qurani-Kərim"i Ağdam məscidinə bağışlayan Prezident məscidin qarşısında çıxış edərkən demişdir: "Biz Ağdama qayıtmışıq... Bilirəm ki, ağdamlılar bu günü uzun illər ərzində səbirsizliklə gözləyiblər. Həm işğal dövründə - 30 ilə yaxın müddət ərzində, eyni zamanda, İkinci Qarabağ müharibəsi, Vətən müharibəsi dövründə gözləyirdilər ki, Ağdam işğaldan nə vaxt azad ediləcək. Biz öz tarixi missiyamızı şərəflə yerinə yetirdik, işğal olunmuş torpaqları düşməndən azad etdik... Biz Ağdam şəhərini bərpa edəcəyik, bütün kəndləri bərpa edəcəyik. Heç kimdə bu haqda şübhə olmasın".

Hələ işğal dövründə dövlət başçısı İlham Əliyev rayona doqquz dəfə səfər etmiş, o zaman Ağdam şəhəri işğal altında olduğu üçün rayon mərkəzi kimi müəyyən edilmiş Quzanlı qəsəbəsinin inkişafı ilə bağlı bir sıra tədbirlər həyata keçirilmişdir. Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının icrası nəticəsində Ağdam rayonunun inkişaf planları da təsdiq edilmişdi. Məhz Dövlət proqramları çərçivəsində burada bir çox sosial layihələr icra edilmiş, məktəblər, Muğam Mərkəzi, uşaq xəstəxanası, mərkəzi rayon xəstəxanası, Olimpiya Mərkəzi tikilmiş, infrastruktur layihələr reallaşdırılmışdı. Hətta burada göstəricilər ölkə üzrə göstəricilərdən də yüksək olmuşdu. Elektrik enerjisi, su təchizatı ilə təmin edilmiş bölgədə qazlaşdırma təxminən 100 faiz təşkil etmiş, burada 150-dən çox artezian quyusu qazılmışdı.

Bu gün işğaldan azad olunmuş bütün rayonlarımız yenidən qurulur. 30 il düşmən əsarətində qalan şəhər və kəndlərimizə həyat bəxş edilir. Ağdam da öz ağ günlərinə qayıdır. Rayonda geniş quruculuq işləri aparılır, infrastrukturu bərpa olunur. Bu il fevral ayının 13-də Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Ağdam rayonuna səfəri zamanı "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq, tam rəqəmsallaşdırılaraq avtomatlaşdırılan "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ" Regional Elektrik Şəbəkəsinin Rəqəmsal İdarəetmə Mərkəzinin açılışlarında iştirak etmişlər. Ölkə başçısına rayonun dayanıqlı və fasiləsiz elektrik enerjisi ilə təchiz edilməsi, ölkənin ümumi enerji sisteminə qoşulması üçün "Azərenerji" ASC tərəfindən "Xındırıstan" yarımstansiyasından 35 kilometr məsafədə ikidövrəli 110 kilovoltluq yüksəkgərginlikli elektrik verilişi xəttinin çəkildiyi və görülən işlərin nəticəsində rayonun təkcə elektrik xətti ilə deyil, həmçinin yüksək ötürmə qabiliyyətinə malik sürətli internet xətti ilə təmin olunduğu bildirilmişdir.

Sonra Prezident İlham Əliyev Ağdam Sənaye Parkında fəaliyyət göstərəcək alternativ və bərpaolunan enerji mənbələri ilə qidalanan işıq dirəklərinin, digər qurğuların və Xalça istehsalı müəssisələrinin, "Park Forest Otel Ağdam" mehmanxanasının, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin təməllərini qoymuşdur. Ölkə başçımız Heydər Əliyev Fondu tərəfindən Ağdam Cümə məscidində aparılan bərpa-restavrasiya işlərinin gedişi ilə də tanış olmuşdur.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva oktyabrın 4-də Ağdam rayonuna növbəti dəfə səfər edərkən dövlətimizin başçısı yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmuş, birinci xanım Mehriban Əliyeva ilə birlikdə Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Ağdam rayonunun Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, City Hotel Agdam mehmanxanasının təməlqoyma mərasimlərində iştirak etmişlər. Onlar Pənahəli Xanın Sarayı və İmarət Kompleksində görüləcək işlərlə tanış olduqdan sonra Xurşidbanu Natəvanın abidəsinin açılışında, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak ediblər.

Bu il oktyabr ayının 5-də BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumu keçirilmişdir. 40-dan çox ölkədən nümayəndələrin iştirak etdiyi Forumda çıxış edən Prezident İlham Əliyev 30 il ərzində işğal etdiyi Azərbaycan ərazilərində vandallıq edən ermənilərin əməllərindən bəhs etmiş, 28 il ərzində Minsk qrupunun yarıtmaz fəaliyyətini bir daha diqqətə çatdırmışdır. İşğaldan azad olunmuş Ağdamda keçmiş məcburi köçkünlərin öz yurdlarına tezliklə qayıtması üçün ölkəmizin bütün potensialının səfərbər olunduğunu bildirən dövlət rəhbəri burada böyük infrastruktur layihələrinin icra olunduğunu, magistral və kənd yollarının tikildiyini, Bərdə-Ağdam dəmir yolunun gələn il istifadəyə veriləcəyini, yeni dəmir yolunun təməlinin qoyulduğunu qeyd etmişdir. Ağdamda 3 kəndin - Xıdırlı, Kəngərli və Sarıcalı kəndlərinin təməlinin qoyulduğunu, burada məktəb və xəstəxana binalarının tikildiyini bildirən ölkə başçısı yaxın iki il ərzində Ağdama bir neçə min insanın köçürüləcəyini bildirmişdir.

"Azərbaycan Respublikasının 2022-2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyasında əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə hazırlanmış "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı"nın əsasını Ermənistanın Azərbaycana qarşı təcavüzünün nəticələrinin aradan qaldırılması, işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası, regiona əhalinin geri qayıdışının təmin edilməsi, bölgənin dayanıqlı inkişafına nail olunması kimi mühüm məsələlər təşkil edir. Dövlət Proqramının prioritet istiqamətləri arasında Ağdam rayonunun bərpasına da xüsusi yer ayrılıb. Belə ki, yaxın illərdə həyata keçiriləcək tədbirlər çərçivəsində rayonun yaşayış məntəqələrində müasir təhsil infrastrukturunun qurulması istiqamətində 29 ümumtəhsil müəssisəsinin tikintisi və bərpası, Heydər Əliyev Mərkəzinin, "Art Mall" Kompleksinin və bir sıra mədəniyyət müəssisələrinin tikintisi, Dost Mərkəzinin filialının açılması müəyyən edilmişdir. Rayonun 30 illik işğalı nəticəsində tamamilə dağıdılmış infrastrukturunun bərpası da Dövlət Proqramının icrası zamanı reallaşdırılacaq ən vacib məsələlərdəndir. Bərdə-Ağdam, Ağdam-Füzuli, Ağdam-Hindarx-Ağcabədi avtomobil yollarının yenindənqurma işlərinin davam etdirilməsi, Ağdam şəhərinin daxili yollarının layihələndirilməsi və tikintisi, Bərdə-Ağdam dəmir yolu xəttinin tikintisi bu istiqamətdə görüləcək işlər sırasındadır. Həmçinin, rayonun işğaldan azad olunmuş ərazilərində meliorasiya və su təsərrüfatı kompleksinin bərpası və inkişafı, Azad Qaraqoyunlu-Ağdam qaz kəmərinin və üzərində QPS quraşdırılmaqla qaz kəməri qolunun və Ağdam-Xocavənd qaz kəmərinin və QTM-in tikintisi, əhalinin yüksəkkeyfiyyətli içməli su və dayanıqlı elektrik enerjisi ilə təmin olunması, fərdi yaşayış evlərinin tikilməsi və s. kimi mühüm əhəmiyyət kəsb edən işlərin həyata keçirilməsi də Dövlət Proqramında nəzərdə tutulub.

Bütün görülən və yaxın gələcəkdə görüləcək işlər postmüharibə dövründə Ağdamda olan xarici ekspertlərin, media nümayəndələrinin "urbisid qurbanı", "Qafqazın Xirosiması" adlandırdıqları Ağdamın tez bir zamanda yenidən coşub-daşan günlərinə qovuşacağına, sakinlərinin daimi yurd yerlərinə dönəcəklərinə böyük əminlik yaradır.

Mehparə ƏLİYEVA,

"Respublika".