Ağdamda sosial-iqtisadi inkişaf davam edir
Region

Ağdamda sosial-iqtisadi inkişaf davam edir

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət Proqramının növbəti mərhələsi uğurla davam etdirilir. Yeni yollar çəkilir, şəhər və kəndlərin siması dəyişir, infrastruktur layihələr həyata keçirilir. Əhalinin məşğulluğu təmin edilir, yeni iş yerləri açılır, sosial müdafiə tədbirləri gücləndirilir, şəhid ailələrinə və Qarabağ müharibəsi əlillərinə diqqət və qayğı durmadan artırılır.

Azərbaycan Prezidenti İlham Əliyev respublikanın hər bir regionu, rayonu və kəndinin problemlərini diqqət mərkəzində saxlamağı tövsiyə edir və bunu öz çıxışlarında dönə-dönə bildirir ki, respublikamızda inkişaf dayanıqlı və uğurludur. Növbəti illərdə Azərbaycan ancaq və ancaq yüksək sürətlə, böyük uğurlarla irəliyə gedəcək. Qarşıda duran vəzifələr hələ çoxdur. Biz bütün problemləri, insanları narahat edən məsələləri həll etməliyik. Həm Bakının, həm böyük şəhərlərin, ən xırda kəndin də problemi diqqət mərkəzində olmalıdır.

Bu tövsiyələri fəaliyyət proqramı kimi qəbul edən Ağdam Rayon İcra Hakimiyyəti əhalini narahat edən məsələlərin həllinə xüsusi diqqət yetirir. Eyni zamanda, rayon iqtisadiyyatının inkişaf etdirilməsi üçün məqsədyönlü tədbirlər həyata keçirilir. Bərəkətli torpaqları, bol suyu, işgüzar insanları ilə seçilən Ağdam işğala qədər ölkəmizin ən iri məhsul istehsalçılarından biri kimi tanınırdı. Həmin ənənə bu gün də uğurla davam etdirilir.

Rayonda 2022-ci ilin yanvar-iyun aylarında iqtisadiyyatın əsas sahələrində məhsul istehsalı və xidmətlərin həcmi ötən ilin müvafiq dövrünə nisbətən 57, 5 faiz artaraq 170 milyon 157,3 min manat olub. Məhsul və xidmətlərin 93 faizi istehsal, 7 faizi xidmət sahələri üzrədir. Rayon Statistika İdarəsindən qəzetimizə bildirilib ki, ümumi məhsul buraxılışının 42,6 faizi aparıcı sahə olan kənd təsərrüfatının payına düşür. İlin ilk 6 ayında 13 milyon 163, 3 min manatlıq sənaye, 72 milyon 495, 5 min manatlıq kənd təsərrüfatı məhsulları istehsal edilib, 72 milyon 638 min manatlıq tikinti-quraşdırma işləri yerinə yetirilib.

 Salman ALIOĞLU,

 "Respublika".