Ağdam Sənaye Parkının inşasına başlanılıb
MÜSAHİBƏLƏR

Ağdam Sənaye Parkının inşasına başlanılıb

Prezidentin xüsusi nümayəndəsi Emin Hüseynov AZƏRTAC-ın bölgə müxbirinə bildirib ki, Sənaye Parkında ilkin olaraq inşa edilən ərazidə sənaye zonasının tikintisində çalışacaq fəhlə və mühəndis kollektivinin yaşayışı üçün lazımi şərait yaradılacaq. Sosial sahədə inzibati bina, ofis və resurs təlim mərkəzi, bank və sığorta xidmətləri, gömrük xidməti, laboratoriya, idman və sağlamlıq mərkəzi, idman meydançası, tibb məntəqəsi, qonaq evi, köşk, kafe, bərbərxana, camaşırxana, avtopark və istirahət parkı fəaliyyət göstərəcək.

Ümumilikdə isə Ağdam Sənaye Parkında İqtisadi Zonaların İnkişafı Agentliyi üçün mobilizasiya, qida sənayesi müəssisələri, kiçik istehsal və xidmət müəssisələri, istehsal sahəsi, tikinti materiallarının satışı, TIR parkı, texnika təmiri sahəsi, texniki zona və iri sənaye müəssisələri üçün nəzərdə tutulmuş sahələr olacaq. Burada tikinti materiallarının istehsalı müəssisələrinin yaradılması, kənd təsərrüfatı məhsullarının qablaşdırılmasının, meyvə-tərəvəz konservlərinin, ət və süd məhsullarının, şərab, yem, gübrə istehsalı və emalının, eyni zamanda, xidmət sahələrinin, soyuducu kameraların təşkili planlaşdırılır.

Sənaye mərkəzində kiçik istehsal və xidmət müəssisəsi, iri sənaye və qida sənayesi müəssisələri də fəaliyyət göstərəcək. Yaxın zamanlarda ilk bir neçə belə müəssisənin tikintisinə başlanması gözlənilir. Ağdamın strateji coğrafi mövqeyi, insan resursları potensialı və infrastruktura çıxış imkanları rayonun gələcəkdə Qarabağın sənaye mərkəzinə çevrilməsi imkanlarını genişləndirir.

Qeyd edək ki, işğaldan azad olunmuş ərazilərin müqayisəli üstünlükləri əsasında 4 regional mərkəzin yaradılması nəzərdə tutulub. Ağdamda sənaye mərkəzi, Cəbrayılda logistika və ticarət mərkəzi, Şuşada mədəniyyət və turizm mərkəzi, Kəlbəcərdə hasilat və turizm mərkəzi yaradılacaq.

AZƏRTAC