AĞDAM: şəhid və qazi ailələrinə davamlı dövlət qayğısı
Region

AĞDAM: şəhid və qazi ailələrinə davamlı dövlət qayğısı

Otuz ilə yaxın Ermənistan tərəfindən dağıdılan, daşı-daş üstə qalmayan, vəhşilər tərəfindən yer üzündən silinən, ruhlar şəhərinə çevrilən Ağdam, mübaliğəsiz demək olar ki, həm də şəhidlər yurdudur. Altı min nəfərdən çox ağdamlı torpaqlarımızın erməni işğalçılarından müdafiə edilməsində və 44 günlük Vətən müharibəsində qəhrəmanlıqla şəhid olub, yüzlərlə insan əlillik taleyi yaşayır. Birinci və İkinci Qarabağ müharibələrində ağdamlılar dəhşətli günlər və ağrılar yaşayıblar. Şəhid xəbəri iki evdən birinin qapısını döyüb, bir ailədən iki, üç nəfər Vətən müharibəsində iştirak edib, ata oğlu, qardaş qardaşı ilə birlikdə işğalçılara qarşı döyüşüb. Şəhid oğul atanın, şəhid qardaş qardaşın çiynində son mənzilə yola salınıb, əbədiyyətə qovuşub. Yeri gəlmişkən qeyd edək ki, Ağdamda üç Şəhidlər xiyabanı salınmışdı.

Buna baxmayaraq, Ağdam camaatı heç vaxt ruhdan düşməyib, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda silaha sarılaraq düşməndən qisas alıb. Məhz buna görə də Ağdamda şəhid ailələrinə, müharibə əlillərinə, qazilərə səmimi və doğma münasibət göstərilir, onların qayğılarına həssaslıqla yanaşılır.

Dövlət tərəfindən şəhid ailələrinə, müharibə əlillərinə göstərilən diqqət və qayğı Ağdam rayonunda da uğurla davam etdirilir. Bu günlərdə Ağdam Rayon İcra Hakimiyyəti tərəfindən Çəmənli kəndində Vətən müharibəsi şəhidi Emil Rafael oğlu Qurbanovun ailə üzvləri üçün tikiləcək evin təməlqoyma mərasimi keçirilib.

Mərasimdə şəhidin ailə üzvləri, rayon icra hakimiyyətinin başçısı Vaqif Həsənov, Yeni Azərbaycan Partiyası rayon təşkilatının sədri Mənsur Məmmədov, ictimaiyyət nümayəndələri və kənd sakinləri iştirak ediblər. Qeyd olunub ki, üçotaqlı evin bu ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur.

Şəhidin ailə üzvləri onlara göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti cənab İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını ifadə ediblər.

Adı və xatirəsi uca tutulan Emil Qurbanov 2020-ci il oktyabrın 10-da Suqovuşanın azadlığı uğrunda gedən döyüşlərdə şəhid olub. O, "Vətən uğrunda", "Suqovuşanın azad olunmasına görə" və "Kəlbəcərin azad olunmasına görə" medalları ilə təltif edilib. Vətəni, milləti, torpağı ucaldan şəhidlərin əziz xatirəsi heç zaman unudulmayacaq. Şəhidlərin adı əbədiləşdirilir, onların əziz xatirəsinə abidələr ucaldılır, ailələri dövlət tərəfindən himayə edilir, qəhrəmanlıqları tarix kitablarında və bədii əsərlərdə öz əksini tapır. Təsəllimiz odur ki, şəhidlərin qanı tökülən yerlərdə indi quruculuq işləri başlayıb, şəhərlər və kəndlər yenidən bərpa edilir, işğaldan azad edilən torpaqlara yeni bir həyat qayıdır.

Salman ALIOĞLU,

"Respublika".