Ağdam şəhərindəki meşə parkı ərazisində ağacəkmə aksiyası keçirilib
Ekologiya

Ağdam şəhərindəki meşə parkı ərazisində ağacəkmə aksiyası keçirilib

Noyabrın 20-də Ağdam şəhərinin işğaldan azad edilməsinin birinci ildönümü münasibətilə ağacəkmə aksiyası keçirilib.

Prezidentin xüsusi nümayəndəliyinin, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və Ağdam Rayon İcra Hakimiyyətinin birgə təşkilatçılığı ilə keçirilən aksiyada şəhid ailələri də iştirak ediblər.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, aksiya zamanı Ağdam şəhərindəki meşə parkı ərazisində 1000 ədəd Eldar şamı ağacı əkilib. Həmçinin Ağdam rayonundan olan Vətən müharibəsinin 53 şəhidinin hərəsinin adına bir ağac əkilərək, adları əbədiləşdirilib.

Ağacəkmə aksiyasında iştirak edən ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev jurnalistlərə açıqlamasında bildirib ki, işğaldan azad olunmuş torpaqlarımızda türk tərəfdaşlarla birlikdə müasir və böyük tinglik yaradılır. Bu cür tingliklər Qarabağ torpaqlarında yaşıllıqların bərpasına töhfə verəcək. Respublika üzrə böyük yaşıllaşdırma işlərinin aparıldığını vurğulayan nazir deyib: "Şadıq ki, bu gün Ağdamdayıq, burada gözəl park salırıq. Əminəm ki, bu yerlər tezliklə yaşıllaşacaq və təbiətə töhfə olacaq".

Aksiya iştirakçıları sonra Şəhidlər xiyabanına gedərək, Birinci Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin məzarlarını ziyarət ediblər. Daha sonra Ağdam Cümə məscidinə və Şahbulaq qalasına baş çəkiblər.

Şahbulaq qalasında davam edən tədbir zamanı Ağdamın işğaldan azad olunmasının ildönümünə həsr edilən videoçarx nümayiş olunub. Tədbirdə çıxış edən Ağdam rayonunun işğaldan azad edilmiş hissəsində Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov şəhidlərimizə Allahdan rəhmət diləyib, şəhid ailələrinə səbir diləyib. O, çıxışında doğma torpaqlarımızın Müzəffər Ali Baş Komandan İlham Əliyevin qətiyyətli siyasəti və rəşadətli Azərbaycan Ordusunun qüdrəti sayəsində işğaldan azad olunduğunu bildirib, doğma yurdlarına qovuşan həmyerlilərimizi təbrik edib, xoş arzularını çatdırıb.

Şəhid ailələrinin üzvləri göstərilən diqqət və qayğıya, şəhidlərin xatirələrinin yüksək tutulmasına və əbədiləşdirilməsinə görə dövlətimizin başçısına minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, ağacəkmə aksiyası Prezident İlham Əliyevin ölkə üzrə başlatdığı 44 min ağacın əkilməsi kampaniyasının davamı kimi keçirilib.

AZƏRTAC

 

 

 

 

 

Leyla Abdullayeva: Prezident İlham Əliyev Brüsseldə Ermənistanın baş naziri ilə görüşəcək

Azərbaycan tərəfi hər zaman siyasi dialoqa açıqdır və bu kimi təmasları müsbət qarşılayır. Bu xüsusda, Avropa İttifaqı (Aİ) Şurasının Prezidentinin Brüssel Zirvəsi çərçivəsində Aİ-nin vasitəçiliyi ilə iki ölkə liderinin görüşünün təşkili təklifinə Azərbaycan tərəfindən razılıq verilib.

AZƏRTAC xəbər verir ki, bunu Azərbaycan Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Leyla Abdullayeva Aİ Şurasının Prezidenti tərəfindən bəyan edilmiş, Şərq Tərəfdaşlığı ölkələrinin qarşıdan gələn Zirvə Görüşü çərçivəsində Azərbaycan və Ermənistan liderlərinin görüşünün keçirilməsi təklifi ilə bağlı suala cavabında deyib.

Onun sözlərinə görə, Aİ Şurasının Prezidenti Şarl Mişelin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və Ermənistan Respublikasının baş naziri Nikol Paşinyan ilə noyabrın 19-da telefon danışıqları baş tutub. Aİ Şurasının Prezidenti bu il dekabrın 15-də Brüsseldə keçiriləcək Şərq Tərəfdaşlığının Zirvə Görüşü çərçivəsində hər iki ölkə liderinin görüşünün təşkil edilməsi təklifi ilə çıxış edib.

"Postmünaqişə dövrünün reallıqları müstəvisində Azərbaycanın mövqeyi dəfələrlə dövlətimizin başçısı tərəfindən, o cümlədən beynəlxalq platformalarda səsləndirilib. Bu xüsusda, Brüssel Zirvəsinin və bu çərçivədə keçirilməsi nəzərdə tutulan görüşün əlavə imkanlar yaradacağını hesab edirik", - deyə Leyla Abdullayeva vurğulayıb.

AZƏRTAC