AĞDAM: istehsal artır, həyat şəraiti yaxşılaşır
Region

AĞDAM: istehsal artır, həyat şəraiti yaxşılaşır

Vətən müharibəsində tarixi qələbə uzun illər yurd həsrəti ilə yaşayan ağdamlıların həyatına, arzularına, istəklərinə qol-qanad verib, onların əhvali-ruhiyyəsini yüksəldib, qollarına güc, əllərinə təpər gətirib. Erməni işğalının gətirdiyi ağrılara, faciələrə, çətinliyə mərdliklə sinə gərərək nəzarətimizdə qalan torpaqlarda əkin-biçinlə məşğul olublar, ölkəmizdə gedən iqtisadi inkişafdan geridə qalmayıblar. Kəndlərin siması dəyişib, yeni evlər tikilib, iş yerləri açılıb.

Hərtərəfli dövlət qayğısı ilə əhatə olunan ağdamlılar həyatın bütün sahələrində çalışaraq bu qayğıya əməli işləri, qüdrətli Azərbaycan dövlətinin inkişaf etdirilməsində fəal iştirak etmələri ilə cavab verirlər. Böyük bir elin yenidən ayaq üstə qalxması, yaşamaq eşqi, Ağdama qayıtmaq arzuları güclənib, sabaha böyük inam yaranıb. Bir sözlə, Ağdamın əkinçilik ənənələrinin, keçmiş şöhrətinin itməsinə imkan verilməyib, əksinə, məhsul bolluğu yaradıblar, ildən-ilə uğur qazanıblar.

Təqdirəlayiq haldır ki, dövlətimiz öz iqtisadi qüdrətini günbəgün artırır, xalqımızın həyat şəraiti durmadan yaxşılaşır. Sabitliyi, əmin-amanlığı, xoş güzəranı, firavanlığı hər bir adam öz həyatında daha yaxından hiss edir. Amansız müharibənin vurduğu yaralara ləyaqətlə və mətinliklə sinə gərən Ağdam camaatı onlara göstərilən dövlət qayğısından dərin razılıq edir, möhtərəm Prezidentimiz İlham Əliyevin siyasətini ürəkdən bəyəndiklərini qətiyyətlə bildirirlər. Dövlət başçımızın böyük siyasi uğuru və diplomatik məharəti nəticəsində Ağdam rayonu bir güllə atılmadan, bir nəfər şəhid vermədən işğaldan azad edildi. Məhz buna görə də Ağdamda uşaqdan tutmuş böyüyə qədər hamı ordumuzun düşmən üzərindəki qələbəsindən ruhlanıb. 44 gün ağır döyüşlərin getməsinə baxmayaraq, ağdamlılar öz evlərini tərk etmədilər, hər çətinliyə sinə gərdilər, ordumuza dəstək oldular. Yüzlərlə ağdamlı gənc döyüşün ön sıralarında gedərək qəhrəmanlıq göstərdilər. Bu gün Ağdamda kimi dindirsən sevinclə bildirir ki, hər birimiz qürur hissi keçirir, ordumuzla, Ali Baş Komandanla fəxr edirik. Haqq savaşımız, haqq yolumuz uğurla davam edir. Bir əli silahda, bir əli torpaqda olan ağdamlılar Ermənistana və bütün erməniliyə qarşı qəhrəmanlıqla döyüşüblər.

Ağır işğal illərinə baxmayaraq, ağdamlılar heç zaman ruhdan düşməyiblər. 30 ilə yaxın rayonun əlimizdə qalan ərazisində əkinçiliklə, heyvandarlıqla, quruculuq işləri ilə məşğul olublar. Kənd təsərrüfatı məhsulları istehsalçılarına dövlət dəstəyinin olması, sahibkarlara kreditlərin verilməsi, əkinçilərə istifadə etdikləri motor yağları və yanacağa görə haqların ödənilməsi, yüksək reproduksiyalı toxumların və cins mal-qaranın əldə edilməsində güzəştlərin olması hesabına sahənin inkişafı üçün əlverişli zəmin yaranmış, bu sahəyə diqqət artmışdır. Taxıl biçini uğurla başa çatdırılıb, məhsuldarlıq yüksəkdir. Belə ki, taxılçılar 32 min tondan çox buğda, 8 min tondan çox arpa istehsal ediblər. Buğda istehsalında hər hektarın məhsuldarlığı 41,1 sentner olub ki, bu da ötən illə müqayisədə bir sentner çoxdur.

Bu il rayon pambıqçıları da nailiyyət qazanıblar. 7 min tona yaxın "ağ qızıl" istehsal olunub. Göründüyü kimi, pambıqçılığın inkişaf etdirilməsi daim diqqət mərkəzində olub. Yəqin ki, işğaldan azad edilən torpaqlarda pambıq əkini yenə də xüsusi yer tutacaq. Əkinçilər yaxşı bilir ki, pambıqçılıq həm gəlirli sahədir, həm də məşğulluğun təmin edilməsində mühüm yer tutur. Tərəvəz və bostan məhsulları, meyvə istehsalında da artım müşahidə olunur. Bitkiçilikdə əldə olunan uğurlar heyvandarlıq məhsullarının istehsalında da özünü göstərir. Cari ildə ət istehsalı (diri çəkidə) 103,1 faiz, süd istehsalı (fiziki çəkidə) 104 faiz, yumurta istehsalı (min ədədlə) 102,5 faiz təşkil edib. Ötən ilə nisbətən adıçəkilən məhsulların istehsalında da artım əldə edilib.

Vaxtilə üzümçülük rayonun kənd təsərrüfatında aparıcı yer tutub və ənənəvi təsərrüfat sahələrindən biri sayılıb. Bəzi təhlillərə nəzər salanda bir daha aydın olur ki, 1985-ci ildə 21,3 min hektar sahədən 104,0 min ton üzüm istehsal edilib. Rayonda çox böyük üzüm plantasiyaları mövcud olub. 15-ə yaxın şərab istehsalı zavodu fəaliyyət göstərib. Ermənistanın torpaqlarımızı işğalı üzümçülüyün də məhv edilməsinə səbəb olub. İşğaldan sonrakı illərdə rayonun bəzi yerlərində üzüm bağları qorunub saxlanaraq məhsul istehsal edilib. Belə ki, 2019-cu ildə Ağdamda üzüm istehsalı cəmi 402 ton olub. Sonrakı illərdə üzümlüklərin ərazisi tərəvəz və s. digər kənd təsərrüfatı məhsulları ilə əvəz olunub. Bir sözlə, üzümçülük tənəzzülə uğrayıb. Torpaqlarımızın işğaldan azad edilməsi ümid verir ki, rayonda üzümçülüyün inkişaf etdirilməsi mərhələsi başlayacaq, yeni emal müəssisələri qurulacaqdır.

Ekoloqların fikrincə, Ağdam rayonunun işğaldan azad edilən ərazilərində çoxlu yeraltı su ehtiyatı da var. Qarabağ iqtisadi rayonunda ən çox suvarılan torpaqlar Ağdam rayonundadır. Rayonun ərazisindən Qarqar, Gülyataq, Xaçın, Qabartı çayları keçir. Uzun illər boyu ermənilər həmin çayların qarşısını kəsmişdilər. İndi bu çayların suyundan səmərəli istifadə ediləcək. Məsələ burasındadır ki, artezian sularının əkinçilikdə istifadəsi çox baha başa gəlir. Yəqin ki, bu səbəbdən artezian suları gələcəkdə yalnız içmək üçün istifadə ediləcək. Bununla yanaşı, Ağdamda hər biri 10-50 hektar sahədə 200 müasir fermer təsərrüfatı yaradılacaq. Dövlət torpaqlarının qalan hissəsində 50-100 hektar sahədə 50 müasir təsərrüfatın yaradılması da nəzərdə tutulub. Yeri gəlmişkən, artıq Ağdamın işğaldan azad edilən ərazilərində iqtisadi aktivlik nəzərə çarpır. İlk iri müəssisələr əkin sahələrinin boş qalmaması üçün səpin işləri aparıb və məhsul istehsal ediblər. Havası saf, torpaqları münbit, insanları əməksevər Ağdamda məhsul istehsalı ildən-ilə artır, həyat şəraiti yaxşılaşır, ağdamlılar daha yaxşı gələcəyin astanasındadırlar.

 Salman ALIOĞLU,

 "Respublika".