AĞDAM: inkişaf və quruculuq məkanı
Region

AĞDAM: inkişaf və quruculuq məkanı

"Mən çox şadam ki, biz Azərbaycan Milli Şəhərsalma Forumunu burada - Ağdam şəhərinin bir zamanlar yerləşdiyi məkanda təşkil edirik... Görə bilərsiniz ki, yarıdağılmış yeganə tikili Cümə məscidinin binası olub. Lakin onun keçmiş işğal altında olan ərazilərdə Ermənistanın dağıtdığı digər məscidlərlə birlikdə dağıdılmamasının səbəbi odur ki, onlar minarələrdən müşahidə üçün, Azərbaycan Silahlı Qüvvələrinin potensial hərəkətini görmək üçün istifadə edirdilər. Lakin bizdə Ağdam məscidinin təhqir olunmasına dair foto və video sübutlar var".

Bu fikirləri oktyabrın 5-də Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramı (UN-HABITAT) və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin birgə əməkdaşlığı, ADA Universitetinin təşkilati dəstəyi ilə Ağdamda "Dayanıqlı İnkişaf Məqsədləri" və "Yeni Şəhər Gündəliyi" - postmünaqişə dövründə bərpa və yenidənqurmanın aparıcı qüvvəsi kimi" mövzusunda Azərbaycan Milli Şəhərsalma Forumunda çıxışında bildirib.

Məlumdur ki, 30 ilə yaxın müddət ərzində bu torpaqları işğal altında saxlayan düşmən terror hərəkətləri törədib, həmin ərazilərdə daşı-daş üstə qoymayıb, evləri, infrastrukturu dağıdıb, yeraltı və yerüstü sərvətləri talan edib. Bir sözlə, bir vaxtlar həyat qaynayan rayonlarda dədə-baba torpaqlarından qovulan azərbaycanlıların ev-eşikləri erməni vandalları tərəfindən yerlə-yeksan olunub.

Qırx dörd günlük Vətən müharibəsində Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyevin diplomatik məharəti, prinsipiallığı, dəmir iradəsi və Azərbaycan Ordusunun şanlı Zəfəri Ermənistanı kapitulyasiyaya məcbur etdi. Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistan baş nazirinin imzaladığı üçtərəfli Bəyanata əsasən 2020-ci il noyabrın 20-də Ağdam rayonunun işğal olunmuş ərazisi Ermənistan ordusu tərəfindən boşaldıldı. Azərbaycan Ordusu heç bir itki, şəhid vermədən, qan tökülmədən Ağdam rayonunun işğal altındakı hissəsinə daxil oldu. 27 ildən sonra Ağdam şəhərində yenidən Azərbaycanın üçrəngli bayrağı dalğalanmağa başladı.

Vətən müharibəsi Azərbaycan üçün böyük zəfərlə yekunlaşmış və artıq ölkəmiz üçün yeni dövr başlamışdır. Bu gün isə dövlətimiz tərəfindən işğaldan azad edilmiş ərazilərimizdə infrastruktur layihələri davamlı şəkildə icra olunur. Planlı şəkildə aparılan abadlıq-quruculuq işləri deməyə əsas verir ki, erməni vəhşiliyinin qurbanı olan şəhərlərimiz, qəsəbələrimiz və kəndlərimiz əvvəlki görkəmindən də gözəl görünüşə malik olacaqdır. İki ilə yaxındır ki, ata-baba yurdumuzda azan səsi ucaldılır, şanlı üçrəngli bayrağımız dalğalanır. Qarşıda duran əsas vəzifə işğaldan azad olunmuş torpaqlarımızın bərpası, quruculuq işlərinin həyata keçirilməsidir. Prezident İlham Əliyev müharibədən sonra azad olunmuş ərazilərə səfərlər edir, qarşıda duran vəzifələrlə bağlı öz tapşırıqlarını verir.

Bu gün Azərbaycanın hər bir bölgəsi inkişaf, tərəqqi dövrünü yaşayır. Xüsusilə işğaldan azad olunmuş ərazilərdə bütün zəruri tədbirlər həyata keçirilir, yaşayış evləri, sosial, yol-nəqliyyat, iqtisadi infrastruktur sürətlə bərpa edilir. Məqsəd insanların rahat yaşayışını təmin etmək, onların məmnunluğunu artırmaqdır. İşğaldan azad edilmiş ərazilərdə bərpa və quruculuq işləri geniş miqyası ilə diqqət çəkir. Ağdamdakı özünün azad günlərini yaşayır. Hazırda Ağdamda böyük canlanma, yeni həyat başlayıb.

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu il fevralın 13-də Ağdam rayonuna səfərləri çərçivəsində "Azərenerji" Açıq Səhmdar Cəmiyyətinin 110/35/10 kV-luq "Ağdam-1" və "Ağdam-2" elektrik yarımstansiyalarının, "Qarabağ", həmçinin, "Park Forest Otel Ağdam" mehmanxanasının və 209 mənzildən ibarət yeni yaşayış kompleksinin, 210 çarpayılıq Ağdam Rayon Mərkəzi Xəstəxanasının da təməlini qoymuşlar.

Prezident İlham Əliyevin işğaldan azad edilmiş ərazilərə hər səfərini ölkə ictimaiyyəti işğaldan sonrakı dövrdə quruculuq işlərinin daha da sürətlənəcəyi inamı ilə izləyir. Bu səfərlər Böyük Qayıdışın uzaqda olmadığının təsdiqidir. Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın oktyabrın 4-də Ağdam rayonuna səfəri bu əminliyi xalqımıza bir daha yaşatdı. Ölkə başçısının və Birinci vitse-prezidentin yeni çəkilən Bərdə-Ağdam avtomobil yolunda aparılan işlərlə tanış olmaları, Ağdam rayonunun Eyvazxanbəyli kəndində Atçılıq Nəsilartırma Mərkəzinin, Xıdırlı və Kəngərli kəndlərinin, şəhərin daxili yol və kommunikasiya şəbəkəsinin, "City Hotel Agdam" mehmanxanasının, Ağdam şəhərində keçmiş məcburi köçkünlər üçün inşa olunacaq 470 mənzildən ibarət yaşayış məhəlləsinin, şəhərin dəmir yolu və avtovağzal kompleksinin, rayonun Sarıcalı kəndinin təməlqoyma mərasimlərində iştirak etmələri Ağdamın yaxın vaxtlarda daha gözəl şəkildə qurulacağına əminlik yaradır.

Bu günlərdə Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi Emin Hüseynov qeyd edib ki, 2023-cü ilin sonunda əsas tikinti layihələri həyata keçiriləcək. Yaxın 2 il ərzində Ağdamda mühüm işlərə başlanılacaq. Xüsusi nümayəndə bildirib ki, Ağdama 2025-ci ildə əhalinin köçürülməsinin başlanması gözlənilir və ilkin mərhələdə 10 min nəfərin köçü baş tuta bilər.

Azadlığına qovuşmuş bu şəhər böyük quruculuq, təmir-bərpa işlərinin şahidinə çevrilir. Bir zamanlar nəinki Qarabağın, eləcə də respublikamızın ən inkişaf etmiş, abad şəhərlərindən olan Ağdamda indi geniş tikinti işləri aparılır.

Sözsüz ki, Ağdamın qısa zaman içərisində öz sakinlərini qəbul edə bilməsi burada infrastrukturun tam formalaşmasına bağlıdır, bu işlərin daha da sürətlənməsinə isə dövlət vəsaitləri ilə yanaşı, həm yerli, həm də xarici investorların sərmayələri sayəsində nail olmaq mümkündür. Əminik ki, Ağdamda hər daş üstünə daş qoyulduqca, onun əvvəlki acı mənzərəsinin yerində müasir, işıqlı, öz sakinlərinin isti nəfəsi ilə canlanmış gözəl Ağdam olacaq.

M.CƏFƏROV,

"Respublika".