Ağdam: gələcək ümidlərin məkanı
Region

Ağdam: gələcək ümidlərin məkanı

Regionların sosial-iqtisadi inkişafı Dövlət proqramlarının  icrası  şəhər, qəsəbə və kəndlərimizin simasını köklü şəkildə dəyişib, regionların iqtisadi potensialı artıb, infrastruktur təminatı, əhaliyə göstərilən xidmətlərin keyfiyyəti yaxşılaşıb.

Ən əsası isə  əhalinin rifah halı xeyli yüksəlib, sosial müdafiəsi gücləndirilib.  Ardıcıl olaraq həyata keçirilmiş məqsədyönlü islahatlar və genişmiqyaslı tədbirlər ölkəmizin iqtisadi və hərbi-müdafiə qüdrətini daha da gücləndirib.  On minlərlə yeni iş yeri açılıb. Həm də 44 günlük Vətən müharibəsində parlaq qələbənin qazanılmasına güclü zəmin yaradıb.  Bu həqiqət və reallıq hər birimizin həyatında əks olunub.  

Azərbaycan Respublikasında iqtisadi rayonların əsas bölgüsü haqqında
Prezident İlham Əliyevin Fərmanı böyük tarixi əhəmiyyət daşıyır və eyni zamanda əsas məqsədlərin həyata keçirilməsinə təkan verir. Hazırda işğaldan azad edilmiş ərazilərin bərpası, gələcək inkişafının təmin olunması, zəruri infrastrukturun yaradılması və əhalinin doğma torpaqlarına qayıdışı istiqamətində genişmiqyaslı tədbirlər həyata keçirilir.  Qeyd edilən ərazilərin zəngin iqtisadi potensialından, təbii sərvətlərindən və geniş turizm imkanlarından səmərəli istifadə etmək qarşıda dayanan ən ümdə məsələdir.

Ağdam, Şuşa, Füzuli, Tərtər, Xocavənd, Xocalı rayonları və Xankəndi şəhəri, habelə, Qarabağ bölgəsinə aid olan Ağcabədi və Bərdə rayonları da daxil olmaqla, özünəməxsus zəngin tarixi-mədəni irsə, əsrarəngiz təbiətə malik qədim Qarabağ bölgəsinin bərpası və sürətli inkişafının təmin edilməsi üçün Qarabağ iqtisadi rayonunun  yaradılması bölgənin gələcəyinə yeni qapılar açır. Artıq işğaldan azad edilən ərazilərdə iri infrastruktur layihələr həyata keçirilir, “ağıllı şəhər” və “ağıllı kənd” lərin təməli qoyulub.

Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının uğurlu icrası nəticəsində Ağdam rayonunun sosial-iqtisadi göstəriciləri yüksəlib, iqtisadiyyatın inkişafı təmin edilib.  Rayon Statistika İdarəsindən aldığımız məlumatda bildirilir ki, 2021-ci ilin yanvar-iyun aylarında ilkin məlumata görə, iqtisadiyyatın bütün sahələri üzrə 107 milyon 634 min manatlıq məhsul istehsal olunub.  Bu, əvvəlki ilin müvafiq dövründəkindən 23 milyon 536,2 min manat və ya 28 faiz çoxdur.

Məhsul buraxılışının 62 milyon 585,6 min manatı və ya 58,2 faizi aparıcı sahə olan kənd təsərrüfatının payına düşür.  Bu dövrdə 11 milyon 402,2 min manatlıq sənaye məhsulu istehsal olunub, 25 milyon 127 min manatlıq tikinti-quraşdırma işləri görülüb.  Ümumi məhsulun 278,3 min manatı nəqliyyat və anbar təsərrüfatından, 371,5 min manatı informasiya və rabitədən, 7 milyon 869,5 min manatı ticarət sektorundan əldə edilib.

Vaxtilə Ağdam şəhərinin əhalisinin sayı 36 min nəfər olub.  Prezidentin tapşırığına uyğun olaraq, birləşdirilən kəndlərlə və əhalinin artımı da nəzərə alınaraq şəhər 100 min nəfər əhali üçün planlaşdırılıb.  Vaxtilə Ağdam şəhərinin ərazisi 700-800 hektar olub.  İndi şəhərin ərazisi iki dəfə böyüdülür.   Bir sözlə, Ağdam Azərbaycanın böyük sənaye və turizm şəhərlərindən biri olacaq.  Bundan başqa, Baş Plana uyğun olaraq birinci mərhələdə 71 kəndi daha rahat, daha uyğun qurmaq üçün 33 kənd layihəsi də işlənib.   Ondan sonrakı mərhələdə qalan kəndlər də tədricən bərpa ediləcək. Kəndlərdə ilkin islahatlar təbii ki, əkinəyararlı torpaqları əhatə edəcək.

Ağdamlılar gələcəyə nikbin baxırlar, onlar dədə-baba torpaqlarına qayıdacaqları günü səbirsizliklə gözləyirlər. Bəri başdan deyək ki, aparılan tikinti-quruculuq işlərinə xeyli ağdamlı cəlb olunub. Qarabağ iqtisadi rayonuna daxil olan Ağdam yer üzündə bənzəri olmayan bir bölgəyə çevriləcək.

                                                  Salman ALIOĞLU,

                                                    “Respublika”.