AĞCABƏDI: Şücaət və mərdlik nümunəsi
Region

AĞCABƏDI: Şücaət və mərdlik nümunəsi

Vətənə sipər oğulların igidliyi və milli ordunun hərbi qüdrəti  sayəsində  düşmən ağır məğlubiyyətə uğradıldı. Vətən müharibəsi başlayan gündən xüsusi təyinatlılar, könüllülər də daxil olmaqla, ordu hissələri döyüşə atılaraq mifləşdirilmiş erməni ordusuna sarsıdıcı zərbə vuraraq düşməni məhv etdilər. Düşməni ağır məğlubiyyətə uğradan oğullarımızın bir çoxu yaralanıb, bəziləri isə şəhid olub. Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanlardan biri də Ağcabədi rayonu Minəxorlu kənd sakini Tariyel Atayevdir. O, 1986-cı il sentyabrın 5-də Minəxorlu kəndində dünyaya göz açıb. Vətənpərvər bir insan kimi tanınıb.

Vətən müharibəsi başlayan ilk gündən döyüşən ordu sıralarına könüllü yazılıb. Taqım komandiri kimi minaatan batareyada döyüşə atılıb. Füzuli, Ağdərə, Xocavənd istiqamətində gedən qızğın döyüşlərdə minaatanlar qəhrəmanlıq və şücaət göstəriblər. Düşmən ordusuna ağır zərbələr vurublar. Tariyel 2020-ci ildə oktyabrın 11-də qəhrəmancasına həlak olub.

Bu günlərdə Minəxorlu kəndində şəhid Tariyel Atayevin doğum günü qeyd olunub. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti Aparatında Vətən müharibəsi iştirakçıları və şəhid ailələri ilə işin təşkili şöbəsinin müdiri Şöhrət Orucov, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin məsul işçiləri, şəhidin doğmaları, yaxınları, kənd sakinləri, şəhid valideynləri və şəhidin döyüş yoldaşları iştirak ediblər.

Mərasim iştirakçıları şəhidlərin xatirəsini bir dəqiqəlik sükutla yad edib, onların ruhuna dualar oxuyub. Tariyel Atayevin qısa və şərəfli həyat yolundan söz açılıb, döyüşlərdə göstərdiyi igidliyin gələcək nəsillər üçün örnək olacağını bildiriblər. Şəhidin ailəsinə dövlət tərəfindən qayğı göstərilir.

Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunan Tariyel Atayev torpaqlarımızı canından artıq sevməsini şəhid olması ilə bir daha sübut etdi. Qəhrəmanlıq tariximizə öz qanı ilə əbədi imza atan Tariyelin əziz xatirəsi xalqımızın qəlbində əbədi yaşayacaq!

S.BABAYEV,

“Respublika”.