Ağcabədi: haqqın və zəfərin yolu
Region

Ağcabədi: haqqın və zəfərin yolu

Keşməkeşli tariximizin səhifələrinə qızıl hərflərlə yazılan Vətən müharibəsi Azərbaycanın mərd və cəsarətli oğullarının qəhrəmanlığını, vətən eşqini, bayraq sevgisini, torpağa bağlılığını, həmrəyliyini  bütün dünyaya nümayiş etdirdi. Onların əzmi, hünəri, igidliyi 44 günlük müharibədə düşmənin bağrını yardı, belini qırdı,  hərbi texnikaları sıradan çıxarıldı,  işğalçı Ermənistan ordusu tar-mar edildi.  

Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisinin təşkilatçılığı ilə 18 Oktyabr - Müstəqilliyin Bərpası Gününə həsr olunmuş “Əsgərlərimizin izi ilə açılan Zəfər yolu” adlı tədbirdə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin əməkdaşı,  müharibə veteranları,  qazilər,  şəhid ailələrinin üzvləri,  GTM Qarabağ ofisinin,  Ağcabədi regional “ASAN xidmət” Mərkəzinin və Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin könüllüləri iştirak etdilər.

Əvvəlcə  respublikamızın ərazi bütövlüyü uğrunda canından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi,  Dövlət Himni səsləndirildi. Sonra GTM Qarabağ ofisinin rəhbəri Radə Telmanqızı tədbirdə çıxış edərək bildirdi ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin Milli Şurası İstiqlal Bəyannaməsini imzalamaqla Azərbaycanın müstəqilliyini dünyaya bəyan edib.  SSRİ-nin süqutu dövründə,  yəni 1991-ci il oktyabrın 18-də “Azərbaycanın dövlət müstəqilliyi haqqında” Konstitusiya Aktının qəbul edilməsi ilə Şərqdə ilk respublikanın varisi kimi Azərbaycan tarixinin yeni dönəmi - müstəqil inkişaf dövrü başlayıb.

Diqqətə çatdırılıb ki,  ulu öndər Heydər Əliyevin əsasını qoyduğu mütərəqqi inkişaf siyasətinin uğurla davam etdirilməsi sayəsində Azərbaycan qarşıya qoyduğu bir çox məqsədlərinə nail olub.  Elə 44 günlük Vətən müharibəsi də bunun bariz nümunəsidir.  Görüşdə çıxış edənlər 44 günlük Vətən müharibəsində qazanılan möhtəşəm qələbənin müstəqillik tariximizdə mühüm əhəmiyyətə malik olduğunu qeyd etməklə,  bu böyük zəfərin əldə olunmasında bütün Azərbaycan xalqının bir yumruq ətrafında birləşdiyini xüsusilə diqqətə çatdırıblar. Tədbirin sonunda “Əsgərlərimizin izi ilə açılan Zəfər

Günü”adlı sənədli film nümayiş etdirilib.

                                                             Salman ALIOĞLU,

                                                                “Respublika”.