Ağalı kəndinə növbəti köç karvanı yola salınıb
Region

Ağalı kəndinə növbəti köç karvanı yola salınıb

Zəngilan rayonunda "ağıllı kənd" konsepsiyası əsasında yenidən salınmış Ağalı kəndinə əhalinin köçürülməsinin birinci mərhələsi davam edir. İyulun 21-də Abşeron rayonunun Masazır kəndindəki "Zəngilan şəhərciyi"ndən növbəti köç karvanı yola salınıb.

Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsindən AZƏRTAC-a verilən məlumata görə, otuz ilə yaxın yurd həsrəti ilə yaşayan daha 10 ailə - 48 nəfər yeni salınmış və ən müasir infrastrukturu olan kənddə onlara verilmiş evlərdə daimi məskunlaşacaqlar. Köçürülən ailələr əsasən müvəqqəti məskunlaşma yerlərində ən ağır şəraitdə yaşayanlar arasından seçilib və bu zaman köçürülmə üçün təqdim edilən yaşayış sahələrinin həcmi nəzərə alınıb. Köçürülənlər arasında Birinci, İkinci və Üçüncü Ağalı kəndlərinin hər birinin sakinləri var.

Mövcud qanunvericiliyə əsasən, məcburi köçkünlər daimi yaşayış yerlərinə qayıtdıqdan sonra üç il müddətində dövlətin onlar üçün müəyyən etdiyi sosial müdafiə tədbirlərindən yararlana biləcəklər.

Ağalı kəndinə köçürülmə Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinə yeni yaşayış sahələrinin təqdim olunması cədvəli əsasında ardıcıl şəkildə davam etdiriləcək.

AZƏRTAC