Ağacların qanunsuz kəsilməsi ilə bağlı daha beş cinayət işi başlanıb
Digər xəbərlər

Ağacların qanunsuz kəsilməsi ilə bağlı daha beş cinayət işi başlanıb

Azərbaycan Respublikası Baş Prokurorluğu ətraf mühitin qorunması sahəsində hüquqpozmaların qarşısının alınması, aşkarlanması və araşdırılması sahəsində aidiyyəti səlahiyyətli qurumlarla birgə fəaliyyəti davam etdirir.

Baş Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, Cinayət təqibindən kənar icraatlar idarəsi tərəfindən Xaçmaz, Siyəzən, Zaqatala, Oğuz və Samux rayonlarının ərazilərində aparılmış araşdırma nəticəsində beş cinayət işi başlanıb.

Aparılmış araşdırmalarla dövlət mülkiyyətində olan, xüsusilə də qorunan ərazilərdə, həmçinin bələdiyyələrin mülkiyyətindəki ərazilərdə ağacların və meşə fonduna aid olmayan ağacların kəsilməsi faktları təsdiqini tapıb.

Ağacların qanunsuz kəsilməsi hallarına aidiyyəti vəzifəli şəxslərin vəzifə səlahiyyətlərindən sui-istifadə etməsi nəticəsində yol verilməsi müəyyənləşdirildiyindən faktlarla bağlı Cinayət Məcəlləsinin 259.1-ci, 259.2.4-cü və 308.1-ci maddələri ilə cinayət işləri başlanıb və istintaqın aparılması üçün rayon prokurorluqlarının və daxili işlər orqanlarının istintaq bölmələrinə göndərilib.

AZƏRTAC