“Ağ Sənəd” Azərbaycanda biznes mühitini daha da yaxşılaşdırmağı dəstəkləyir
İQTİSADİYYAT

“Ağ Sənəd” Azərbaycanda biznes mühitini daha da yaxşılaşdırmağı dəstəkləyir

11 iyun 2021-ci il tarixində Azərbaycanda Amerika Ticarət Palatası (AmCham), Azərbaycanın biznes mühitinin yaxşılaşdırılmasına dair müşahidələr və tövsiyələrə əsaslanan “Ağ Sənəd”inin növbəti nəşrini ictimaiyyətə təqdim etmək üçün mətbuat konfransı təşkil edib. Mətbuat konfransına AmChamın Direktorlar Şurasının üzvləri, komitə rəhbərləri, dövlət rəsmiləri, AmCham üzvləri və media nümayəndələri qatılmışdır.

“Ağ Sənəd” Azərbaycan iqtisadiyyatının müxtəlif sahələrini dəstəkləmək məqsədi ilə iki ildən bir hazırlanır və Azərbaycan hökumətinə təqdim olunur.

Sənəddə AmCham üzvlərinin Azərbaycanın biznes iqliminin və son nəticədə ölkənin inkişafına töhfə verəcək dəyişikliklər barədə kollektiv tövsiyələri əks olunub. Sənəd iki hissədən ibarətdir - ümumilikdə “Ağ Sənəd”də əks olunan məsələləri əhatə edən “Giriş” hissəsi və daha spesifik məsələlərə dair təklifləri özündə cəmləşdirən “Tövsiyələr” hissəsi. Əvvəlki illərdə tərtib edilmiş “Ağ Sənəd”lərdə əks olunan tövsiyələr Dövlət proqramlarına əlavə edilmiş və bəzi tövsiyələr qanunvericilikdə müvafiq dəyişikliklərlə nəticələnmişdir ki, bu da ölkənin biznes mühitinə öz müsbət təsirini göstərmişdir.

“AmCham hər zaman hökumət ilə fəal şəkildə əməkdaşlıq edir və ölkənin işgüzar mühitinin yaxşılaşdırılması üçün həyata keçirilən tədbirləri dəstəkləyir. Biz hökuməti özəl sektorun düşüncələri və biznes mühitindəki dəyişikliklər barədə məlumatlandırmanın çox vacib olduğunu düşünürük. “Ağ Sənəd” 2021 vergi, gömrük, bank, maliyyə, sığorta, informasiya və kommunikasiya texnologiyaları, satınalma, əmək, turizm və s. kimi müxtəlif sahələrdə həll ediləcək məsələləri əhatə edir. Pandemiyanın ölkə iqtisadiyyatına neqativ təsirlərinin aradan qaldırılması istiqamətində hökumət tərəfindən atılan addımlar təqdirəlayiq olmuş və təsadüfi deyil ki, həyata keçirilən tədbirlər əhəmiyyətli mənada öz müsbət nəticələrini də göstərmişdir. Biz inanırıq ki, AmCham üzvləri tərəfindən bu Sənəd çərçivəsində hazırlanmış təkliflərin həyata keçirilməsi ölkəmizdə aparılan iqtisadi islahatlara növbəti töhfə olacaqdır”, - AmChamın prezidenti Nuran Kərimov qeyd edib.

Daha sonra AmChamın Vergi və Gömrük, İnsan Resursları və Əmək, Rəqəmsal Texnologiya və İnnovasiyalar, Hüquq və Komplayens, Satınalmalar və digər komitələrinin rəhbərləri çıxış edərək “Ağ Sənəd”in müvafiq sahələrdəki tövsiyələri barədə ətraflı məlumat veriblər.

Tədbir sual-cavab sessiyası ilə yekunlaşıb.

AmCham Azərbaycanda 1996-cı ildən fəaliyyət göstərir və hazırda ölkədəki xarici investisiyaların 80%-dən çoxunu təmsil etməklə, ümumilikdə 250-dən çox üzv şirkəti özündə birləşdirir.

Nəriman CAVADOV,

“Respublika”.