ADPU-da professor Dilarə Seyidzadə ilə görüş
Elm və təhsil

ADPU-da professor Dilarə Seyidzadə ilə görüş

Fevralın 28-də "Heydər Əliyev İli" çərçivəsində Azərbaycan Dövlət Pedaqoji Universitetində (ADPU) Filologiya fakültəsinin təşkilatçılığı ilə tarix elmləri doktoru, professor Dilarə Seyidzadə ilə "O bizimlədir" adlı görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, görüşü açan ADPU-nun beynəlxalq əlaqələr üzrə prorektoru filologiya elmləri doktoru, professor Mahirə Hüseynova Dilarə Seyidzadənin zəngin həyat və fəaliyyəti barədə danışıb. Qeyd olunub ki, məşhur Seyidzadələr nəslinin nümayəndəsi olan Dilarə xanımın atası Bağır Seyidzadə tanınmış diplomat, jurnalist və peşəkar tərcüməçi olub. Professor Dilarə Seyidzadənin milli tarixşünaslığımızda xüsusi yeri var. Cümhuriyyətə gedən yolu ilk dəfə tədqiq edən, Cümhuriyyət quran böyük şəxsiyyətlər haqqında ilk məlumatları elmi dövriyyəyə gətirən məhz professor Dilarə Seyidzadədir. Onun "Azərbaycan XX əsrin əvvəllərində: müstəqilliyə aparan yollar" əsəri milli tarixşünaslığımızda Azərbaycan Xalq Cümhuriyyətinə aparan yolu işıqlandıran ilk tədqiqat işidir.

Görüşdə professor Dilarə Seyidzadə Ulu Öndər Heydər Əliyevlə bağlı xatirələrini bölüşüb. Vurğulayıb ki, Ümummilli Liderin həyatı daim mübarizələrdə keçib və bu mübarizələrdə qalib gəlib. Ona görə də Ulu Öndərin həyat və fəaliyyəti gənclərimiz üçün nümunədir.

Heydər Əliyevin böyük dühası haqqında danışan professor onun çox diqqətli, hər bir incəliyə önəm verən bir şəxsiyyət olduğunu bildirib: "Mənə bir dəfə tapşırdı ki, mütləq xəritə olmalıdır. Biz o xəritəni yaratdıq. Müəllim kimi hər bir xarici səfərdə bütün siyasi xadimlərə xəritə üzərində Azərbaycan həqiqətlərini izah edirdi. Bir dəfə yox, bütün prezidentlərlə görüşdə, hər dəfə. O, eyni zamanda, mədəniyyətə böyük dəyər verirdi, insanların qayğıları ilə yaxından maraqlanırdı. Hamıya mənəvi güc verirdi".

Müəllim və tələbələrin çoxsaylı suallarını cavablandıran professor Dilarə Seyidzadə gənclərin Heydər Əliyevdən öyrənməli olduqları ən böyük dəyərlərin vətəni hədsiz sevmək, məsuliyyətlilik və həyat yolunu doğru müəyyənləşdirmək olduğunu bildirib: "O həyat yolunu necə seçmişdi? Onu təbiət yetişdirmişdi. Qurub-yaratmaq üçün memarlıq oxumuşdu, Vətən təhlükədə olanda təhlükəsizlik orqanlarında işə başladı, Vətəninin tarixini dərindən mənimsəmək üçün tarix oxumuşdu, Prezident kimi xalqının mövqeyini dünyaya çatdırır, hər bir imkandan maksimum istifadə edib Qarabağ məsələsinin həllinə çalışırdı".

Görüş diskussiya formatında davam edib. Çıxış edənlərdən dosentlər Naibə Əhmədova, Nazilə Abdullazadə və başqaları təəssüratlarını bölüşüblər.

ADPU-nun rektoru professor Cəfər Cəfərov qonağa təşəkkür edib, onu tarix müəllimliyi ixtisasında təhsil alan tələbələrlə ustad dərsinə dəvət edib.