ADNSU-da anım mərasimi
Sosial həyat

ADNSU-da anım mərasimi

İyulun 15-də Azərbaycan Dövlət Neft və Sənaye Universitetində 6 il əvvəl Türkiyə Respublikasında baş verən dövlət çevrilişinə cəhd zamanı həlak olan şəhidlərin anım mərasimi keçirilib. Tədbirdə Azərbaycanın ərazi bütövlüyü uğrunda, eləcə də Türkiyədə dövlət çevrilişində şəhid olmuş qəhrəmanların xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

ADNSU-nun rektoru, professor Mustafa Babanlı çıxış edərək 15 iyul dövlət çevrilişinə cəhdin qardaş ölkənin tarixində çətin sınaq olduğunu bildirib. Bunun Türkiyənin artan qüdrətini gözü götürməyən qüvvələrin işi olduğunu deyən rektor həmin hadisələr zamanı türk xalqının dövlətçiliyə və demokratiyaya sadiqliyini nümayiş etdirdiyini, 6 il əvvəl dövlət çevrilişinə cəhdin uğursuzluğa düçar olmasının qardaş ölkənin qüdrətinin daha da artmasını şərtləndirdiyini qeyd edib. M.Babanlı 26 may 2022-ci il tarixində ADNSU-da Azərbaycan-Türkiyə Dostluq Mərkəzinin açılmasını və universitetin iki auditoriyasına 2016-cı il dövlət çevrilişi zamanı həlak olmuş şəhid professor İlhan Varank və Erol Olçokun adlarının verilməsini iki qardaş ölkə arasındakı birliyə verilmiş töhfə olduğunu bildirib. Rektor gənc nəslin Azərbaycan və Türkiyənin qəhrəman övladlarının xatirəsini daim uca tutmalı olduqlarını vurğulayıb.

Tədbirdə ADNSU-nun Tərbiyə işləri üzrə prorektoru, dosent Ata Babayev, İnformasiya Texnologiyaları və İdarəetmə Fakültəsinin (İTİF) dekanı, dosent Fərid Ağayev çıxış edərək tarixin ən çətin günlərində belə Azərbaycan və Türkiyənin qardaşlıq münasibətlərinə sadiq qaldıqlarını, iki ölkə arasında birliyin sarsılmaz olduğunu bildiriblər.

Mehparə Əliyeva,

"Respublika".