Adlarını tarixə yazan şəhidlər!
Region

Adlarını tarixə yazan şəhidlər!

Birinci və İkinci Qarabağ müharibəsində ağdamlılar dəhşətli günlər və ağrılar yaşayıblar. Buna baxmayaraq, heç vaxt ruhdan düşməyiblər, torpaqlarımızın işğalçılardan azad edilməsi uğrunda silaha sarılıblar. Ötən ilin payızında, Vətən müharibəsinin qızğın çağında Ermənistan ordusu Ağdamın keçmiş təmas xəttinə yaxın kəndlərini ağır artilleriyadan davamlı olaraq atəşə tuturdu. Evləri dağılan insanlar, yaralananlar və şəhid olanların valideynləri inamla bildirirdilər ki, ağdamlılar Ali Baş Komandan İlham Əliyevin ətrafında sıx birləşiblər. Ordumuzun uğurları ilə fəxr edirlər. Canını bu torpağa fəda edən, Vətən sevdalı igid oğullardan biri də Səxavət Məmmədovdur.

Səxavət Məmmədov 1996-cı il sentyabrın 12-də Ağdam rayonunun Paşabəyli kəndində anadan olub. Həqiqi hərbi xidmətini başa vurandan sonra uşaqlıqdan qəlbində baş qaldıran hərbçi olmaq arzusuna qovuşub. Müddətdən artıq hərbi xidmətə davam edən Səxavət tank bölüyündə xidmət edərək peşəkarlığını artırıb. Vətən müharibəsində Tərtər istiqamətində tankçı Səxavət döyüş tapşırığını qəhrəmanlıqla yerinə yetirib. İgid tankçı Füzulinin işğalçılardan azad edilməsində şücaət göstərib, düşmənin bir neçə texnikasını məhv edib. Füzuli azad edilən gün şəhid olub. Ölümündən sonra “Vətən uğrunda” medalı ilə təltif olunub.

Doğulub boya-başa çatdığı Paşabəyli kəndində şəhidin xatirəsinə inşa edilən abidə-bulaq kompleksinin açılışı olub. Bu münasibətlə keçirilən mərasimdə şəhid ailələri, rayon icra hakimiyyətinin əməkdaşları, müharibə əlilləri, veteranlar, ictimaiyyət nümayəndələri və məktəblilər iştirak ediblər. Mərasim iştirakçıları abidə önünə əklil və gül dəstələri qoyub, məktəblilərin ifasında ədəbi-bədii kompozisiya nümayiş etdirilib.

Tədbirdə çıxış edənlər bildiriblər ki, istər Birinci Qarabağ müharibəsində, istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ müharibəsində Azərbaycan Ordusunun qəhrəmanlığı, 30 ilə yaxın işğal altında qalan torpaqlarımızın azad edilməsi ilə nəticələnən şanlı Qələbə, Səxavət Məmmədovun gənclərə nümunə olan qısa, lakin şərəfli ömür yolu gələcək nəsillər üçün dəyərli bir örnəkdir.

Prezident, Ali Baş Komandan İlham Əliyev Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun rəhbər və şəxsi heyətinin bir qrupu ilə görüşündə əsgər və zabitlərimizin qəhrəmanlığına yüksək qiymət verib, şəhidlərin parlaq xatirəsinin unudulmayacağını bildirib. Prezident bir daha dünyaya bəyan edib ki, biz qalib ölkəyik, Ermənistanı məhv etmişik. Onlar 30 il istehkamlar, 6 müdafiə xətti qurmuşdular. O bölgənin təbii relyefi onlar üçün çox əlverişli idi. Biz qəhrəman övladlarımızın canı-qanı bahasına, qəhrəmanlığı bahasına bu torpaqları azad etmişik. Ölümə gedirdi bizim gənclərimiz, əsgərlərimiz, zabitlərimiz. Hər kəs bunu deyirdi - öldü var, döndü yoxdur. Biz belə çətin şəraitdə qələbə qazanmışıq. Ona görə Ermənistan tam dərk etməlidir ki, biz istənilən hərbi vəzifəni icra edə bilərik və heç kim bizi dayandıra bilməz. Onlar bilməlidirlər ki, dəmir yumruq yerindədir.

Salman ALIOĞLU,

“Respublika”.