Adları əbədiləşdirilən mərd oğullar
Region

Adları əbədiləşdirilən mərd oğullar

44 günlük Vətən müharibəsində əziz canlarından keçərək düşmən üzərində qələbə çalmaqla xalqımıza qürur bəxş etdilər. Respublikanın hər yerində şəhidlik zirvəsinə ucalan igidlərimizin adları əbədiləşdirilir. Növbəti tədbir Şəmkir rayonunun Qapanlı kəndində keçirilmişdir.

Vətən müharibəsinin şəhidi Orxan Elşad oğlu Əlilinin xatirəsi doğum günündə boya-başa çatdığı kəndində əbədiləşdirilib.

Şəhid Əlili Orxan Elşad oğlu 23 avqust 2000-ci ildə Şəmkir rayon Qapanlı kəndində anadan olmuşdur. 2007-ci ilin sentyabr ayında İsrafil Məmmədov adına Qapanlı kənd tam orta məktəbin birinci sinfinə daxil olmuşdur. 2018-ci ildə həmin məktəbin 11-ci sinfini bitirmişdir. 2018-ci ilin iyul ayında Sumqayıt şəhəri "N" saylı hərbi hissədə xidmətə başlamışdır. 2020-ci ilin aprel ayında həmin hərbi hissədən xidmətini başa vuraraq tərxis olunmuşdur. Hərbi xidmətini başa vurduqdan sonra fərdi əməklə məşğul olmuşdur.

2020-ci il Vətən müharibəsi başlayarkən könüllü olaraq döyüşlərə getmişdir. Şuşa-Xankəndi uğrunda gedən döyüşlərdə qəhrəmancasına şəhid olmuşdur. İgid əsgər Əlili Orxan Elşad oğlu Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin Sərəncamı ilə ölümündən sonra "Vətən uğrunda", "Şuşanın azad olunmasına görə" və "Cəsur döyüşçü" medalları ilə təltif edilmişdir.

Şəhidin xatirəsinə həsr olunmuş abidə-bulaq kompleksinin açılış mərasimində Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev Səfərbərlik və Hərbi Xidmətə Çağırış Xidmətinin Şəmkir rayon Şöbəsinin, Qazax-Tovuz Regional Təhsil İdarəsinin rəhbər şəxsləri, şəhid ailələri, qazilər, müharibə veteranları, kənd sakinləri və ictimaiyyət nümayəndələri iştirak ediblər.

Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev bildirib ki, torpaqlarımızın işğaldan azad edilməsi uğrunda döyüşlərdə şəhidlik zirvəsinə yüksələn həmvətənlərimizin qəhrəmanlığı gənc nəsillər üçün örnəkdir. Bu amal uğrunda şəhid olan qəhrəmanların xatirəsi xalqımızın qəlbində hər zaman yaşayacaq.

Tədbirdə məktəblilər Vətənə, ordumuza, şəhidlərimizə həsr olunan şeirlər söyləyiblər. Şəhidimizin abidə-bulaq kompleksinin açılış mərasimindən sonra Rəşad Tağıyev Qapanlı kəndinin şəhidlərinin xatirəsinə ucaldılmış kəndin mərkəzində yerləşən Şəhidlər Abidəsini ziyarət edib. İcra başçısı daha sonra şəhid Orxan Əlilinin ailə üzvlərinə baş çəkib, onların istək və qayğıları ilə maraqlanıb.

Şəhid ailələri və qazilər diqqət və qayğıya görə, Azərbaycan Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqlarını bildiriblər.

Vəli VƏLİYEV,

"Respublika".