Adınız ürəklərdə yaşayacaq
Sosial həyat

Adınız ürəklərdə yaşayacaq

44 gün davam edən Vətən müharibəsi bütün dünyaya göstərdi ki, Azərbaycanın həm say, həm də ən yeni texnologiya və silahlarla təchizat baxımından güclü ordusu var. Rəşadətli Azərbaycan ordusu uzun illərdən bəri Ermənistanın işğalı altındakı kənd və qəsəbələri, şəhərləri azad edib, torpaqlarımız murdar tapdağından qurtulub. Müharibənin ilk günlərindən Azərbaycan xalqı güclü iradə göstərdi, cəsarət göstərdi, milli ruh nümayiş etdirdi və istədiyinə də nail oldu.

Döyüş meydanında talışlar, ləzgilər, udinlər və respublikada yaşayan digər azsaylı xalqların nümayəndələri çiyin-çiyinə, qardaş kimi birgə düşmənə qarşı qəhrəmanlıqla  vuruşublar. Bir daha qeyd edək ki, ikinci Qarabağ müharibəsi şanlı tarix kimi, parlaq qələbə kimi Azərbaycan tarixinə qızıl hərflərlə əbədi yazılıb.

Qəhrəman oğullarımız 44 günlük müharibədə  Ermənistan ordusunu məhv edib.

Döyüş xronikasına və rəqəmlərə nəzər salanda bir daha aydın olur ki, igid döyüşçülərimiz Ermənistanın 336 tankını məhv edib, ya da ki, qənimət kimi götürüb. Səkkiz S300 qurğusu məhv edilib, düşmənin  hava hücumuna qarşı digər qurğuları məhv edilib. Zənnimcə, erməniliyi, daşnakları, “miatsum”çuları yalnız və yalnız güc müalicə edə bilər. Bayaqdan Qarabağda lovğalanan, şir kimi nərə çəkən, pələng kimi nərildəyən ermənilər Azərbaycanın tutarlı zərbələrindən sonra tülkü, çaqqal kimi deşik axtardılar, vay-şivən qopardılar, dünya qarşısında timsah kimi saxta göz yaşları axıtdılar.“Dəmir yumruq”ermənilərin bütün iddialarına elə bir zərbə vurub ki, ölənə qədər onu unutmayacaqlar.

Birinci və ikinci Qarabağ müharibəsində düşməndən şəhidlərimizin qisası döyüş meydanında alınıb. Şəhidlərimizin qanı yerdə qalmayıb. İkinci Qarabağ müharibəsi Azərbaycanın tam Qələbəsi ilə başa çatıb. Bu tarixi qələbənin qazanılmasında Elnur Cabbarovun da xidməti olub. Elnurun həyat yolu çox qısa olsa da, müharibədə göstərdiyi igidlik ona əbədiyaşar bir ömür bəxş edib.

Elnurun valideynləri Laçın rayonunun Qarakeçdi kəndindən məcburi köçkündür. O, 1994-cü il sentyabrın 15-də Ağcabədi rayonu ərazisindəki Taxtakörpüdə anadan olub. Uşaq yaşlarından məcburi köçkünlüyün ağrısını, acısını yaşayıb. Onun qəlbində düşmənə qarşı nifrət yaranıb.Vətənpərvərlik ana südü kimi onun qanına hopub. Hərbçi olmaq arzusu ilə böyüyüb. 2013-cü ildə həqiqi hərbi xidmətə çağrılıb. Nizam-intizamlı əsgər olub, hərbi tapşırıqları uğurla yerinə yetirib. Ordudan tərxis olunduqdan sonra bir müddət mülki işdə çalışıb.

Torpaqlarımızın işğal altında qalması ona rahatlıq verməyib. Ona görə də, 2020-ci il iyun ayının 17-də könüllü olaraq N saylı hərbi hissədə müddətdən artıq hərbi xidmətə başlayıb. Sentyabrın 27-də Ermənistanın hərbi təcavüzünə qarşı başlanan əks-hücum əməliyyatlarında iştirak edib. İgidlik və qorxmazlıq nümayiş etdirən Elnur düşmənə ağır zərbələr vurub. Hər anı yaddaqalan döyüş yolu keçən Elnur noyabr ayının 5-də Şuşa uğrunda gedən döyüşlərdə ağır yaralanıb. Həkimlərin bütün səyinə baxmayaraq altı gündən sonra şəhid olub.

Şəhid Elnur Cabbarov Ağcabədi rayonunun Taxtakörpü ərazisindəki Qarakeçdi obasındakı qəbiristanlıqda dəfn olunub. Elnur ailəli idi. Bir qızı yadigar qalıb. Ailə dövlət tərəfindən himayə olunur.Yəqin ki, şəhidimizin ruhu işğaldan azad edilən Şuşada, Laçın dağlarında dolaşır, canını qurban verdiyi torpaq onun adını əbədi yaşadacaq.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sərəncamı ilə şəhid Elnur Cabbarov torpaqlarımızın azad edilməsində igidlik və şücaət göstərdiyinə görə “Qarabağ” ordeni, “Vətən uğrunda”, “Cəbrayılın azad olunmasına görə”, “Füzulinin azad olunmasına görə” və “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

Qəhrəmanlığın, igidliyin zirvəsinə yüksələn və şəhidlik mərtəbəsinə ucalan şəhidlərin fədakarlığı inam və qürur çeşməsi kimi əbədi çağlayacaq!

     Salman ALIOĞLU,

     “Respublika”.