Adınız əbədi yaşayacaq
Sosial həyat

Adınız əbədi yaşayacaq

Vətən müharibəsində Azərbaycan Ordusunun hərbi qulluqçularının göstərdiyi şücaət,  hərbi qulluq vəzifəsini yerinə yetirərkən nümayiş etdirdiyi mərdlik və peşəkarlıq tariximizin ən şərəfli səhifələrindən biridir.  Torpaqlarımızın  işğaldan azad olunması və ərazi bütövlüyünün bərpası naminə aparılmış Vətən müharibəsində yüzlərlə ağdamlı gənc qəhrəmanlıq və fədakarlıq nümayiş etdirib,  öz canını Vətənə fəda edib.  Xatırlamaq yerinə düşər ki, təkcə Birinci Qarabağ  müharibəsi dövründə  Ağdam sakinləri az qala yalın əllə,  primitiv silahlarla torpaqlarımızın müdafiəsi uğrunda döyüşlərə atılıb. Həmin vaxt torpaqlarımızın müdafiəsi və dövlətçilik uğrunda 6 mindən çox insan şəhid olub,  minlərlə ağdamlı əlil olub.  

Qeyd edək ki,  ötən il sentyabrın 27-si səhər saatlarından Ermənistan silahlı qüvvələri genişmiqyaslı təxribat törədərək cəbhəboyu zonada yerləşən Azərbaycan Ordusunun mövqelərini və yaşayış məntəqələrimizi iriçaplı silahlar,  minaatanlar və müxtəlif çaplı artilleriya qurğularından intensiv atəşə tutub.  Dinc sakinlər hədəf alınıb,  onların evlərinə,  əmlaklarına və infrastruktura ciddi ziyan dəyib.  Ordumuz düşmənin hücumlarının qarşısını almaq,  mülki əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə bütün cəbhəboyu əks-hücum əməliyyatına başlayıb.

Düşmənin ölkəmizə qarşı növbəti hərbi təcavüzünə cavab olaraq Azərbaycan Silahlı Qüvvələri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında torpaqlarımızın işğaldan azad edilməsi məqsədilə Vətən müharibəsinə başlayıb.  Otuz ilə yaxın həsrətində olduğumuz torpaqlarımız şəhidlərimizin,  əsgər və zabitlərimizin,  qazilərimizin qanı və canı bahasına işğaldan azad edilib.  Döyüşlərdə yüzlərlə ağdamlı silaha sarılaraq düşmənin başına od yağdırıb, Vətən torpağının azad edilməsi yolunda şəhid olub, yaralanıb.

 Vətən müharibəsində təkcə Birinci Baharlı qəsəbəsində sentyabrın 27-dən noyabrın 10-dək 13 ev,  məktəb və uşaq bağçası dağılıb,  2 ev yanıb,  50-dən artıq evə,  3 mağazaya ziyan dəyib,  3 nəfər mülki şəxs yaralanıb. Ermənistan ordusunun artilleriya zərbələrinə qarşı baharlılar qətiyyət və mərdlik nümayiş etdirərək öz evlərini tərk etməyiblər. Qəsəbədən onlarla gənc döyüşlərə atılıb, Vətəni öz canları bahasına qoruyublar.  Baharlılar şəhidlərin parlaq xatirəsini uca tutur, onların qəhrəmanlığı ilə fəxr edirlər.

Bu günlərdə Birinci Baharlı qəsəbəsində Vətən müharibəsi şəhidləri, cəbhədə məlahətli səsi ilə könülləri fəth edən Xudayar Yusifzadənin,  Ramin Zeynalovun,  Məqsəd Həsənovun  və  Orxan Mönsümzadənin  əziz xatirəsinə inşa edilən abidə kompleksinin açılışı olub. Mərasimdə şəhid ailələri,  rayon icra hakimiyyətinin əməkdaşları,  müharibə əlilləri,  veteranlar,  ictimaiyyət nümayəndələri və məktəblilər iştirak edib.  

Mərasimdə qeyd olunub ki, istər Birinci Qarabağ müharibəsində,  istərsə də 44 günlük müharibə kimi tarixə düşən İkinci Qarabağ savaşında Azərbaycan Ordusunun qəhrəmanlığı,  30 ildən artıq bir müddətdə işğal altında qalan torpaqlarımızın azad edilməsi,  şanlı Qələbə xalqımızın birliyini,  qəhrəmanlığını,  fədakar xalq olduğunu nümayiş etdirib.  Şəhidlərimizin gənclərə nümunə olan qısa,  lakin şərəfli ömür yolundan, şəhid ailələrinə dövlət tərəfindən göstərilən diqqət və qayğıdan ətraflı söz açılıb.

Sonra Vətən müharibəsində iştirak etmiş bir neçə nəfər döyüşçüyə medallar təqdim edilib.  Sonra,  abidə-kompleksinin önünə gül-çiçək dəstələri düzülüb,  şəhidlərin əziz xatirəsi  ehtiramla yad edilib.  Tədbir məktəblilərin ifasında ədəbi-bədii kompozisiyası ilə başa çatıb.

                                                   Salman ALIOĞLU,

                                                     “Respublika”.