Adını zirvəyə yazan igidlər
Region

 Adını zirvəyə yazan igidlər

Ürəyi arzularla döyünən, qəlbinə ilk sevginin atəşi düşən 18 yaşlı Ömərin taleyinə müharibə sözü yazıldı, beş ay idi ki, həqiqi hərbi xidmətə çağırılmışdı, əsgər geyimində daha qürurlu görünürdü, əsgər şəkillərini onun yolunu gözləyən valideynlərinə göndərmişdi. Kim nə bilərdi ki, həmin şəkillər Ömərdən son yadigar olacaq. Ağlama şəhid anası, möhkəm dayan şəhid atası, sizin oğlunuz ən gənc yaşında qəhrəmanlığın, şücaətin, cəsurluğun zirvəsinə ucaldı, bir evdən gedən övladınız bir elin, bir məmləkətin oğlu kimi şöhrət qazandı, adı dillərdə dolaşdı. . .

Ömər Rəşad oğlu Rəhimli 2002-ci il fevralın 1-də Ağcabədi rayonunun Hindarx qəsəbəsində anadan olub. Yaşıdları ilə birlikdə orta təhsil alıb, davranışı, tərbiyəsi ilə seçilib. Valideynləri, dostları, qohumları Öməri həqiqi hərbi xidmətə  toy-bayram kimi yola salıblar. Əsgər Ömər Rəhimli 2020-ci il sentyabrın 27-də xidmət etdiyi hərbi hissənin tərkibində döyüşlərə atılıb, torpaqlarımızın işğaldan azad edilməsi üçün şiddətli savaşda iştirak edib. Döyüş yolu Cəbrayıldan,  Qubadlıdan,  Laçından,  Zəngilandan,  Xocavənddən keçib, cəsarəti, qoçaqlığı ilə fərqlənib.  Ömər Daşaltı kəndi istiqamətində gedən döyüşlərdə igidlik və hünər göstərib, düşmənin canlı qüvvəsini məhv edib.  Noyabrın 9-da  Şuşa uğrunda gedən gərgin döyüşlər zamanı yaralanıb. Həkimlərin bütün səyinə baxmayaraq həyatla ölüm arasında çarpışan igid döyüşçü Ömər Rəhimli noyabrın 22-də şəhidlik məqamına yüksəlib. Hindarx qəbiristanlığında dəfn edilib.

Şəhid Ömər Rəhimlinin məzarı başında anım mərasimi keçirilib. Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov,  hüquq-mühafizə orqanlarının rəhbərləri, şəhidin doğmaları, digər şəhid ailələrinin üzvləri və kənd sakinləri iştirak ediblər. Şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib, onların parlaq ruhuna dualar oxunub. Şəhid ailələrinə, qazilərə göstərilən dövlət qayğısından razılıqla söz açılıb.  Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən Ömər Rəhimli ölümündən sonra “Vətən uğrunda”,  “Şuşanın azad olunmasına görə”,  “Laçının azad olunmasına görə” medalları ilə təltif olunub.

                                                                    ***

Şəhidlər Vətənimizi, xalqımızı, onun qürurunu,  haqqını,  bayrağını ucaltdılar və ən ali məqama yüksəldilər. Torpaqlarımızı işğaldan azad edən oğullarla fəxr edir, öyünür, qürur duyuruq. Vətən uğrunda canından keçən oğullardan biri də Həsən Adışirin oğlu Quliyevdir. Həsən 1996-cı il oktyabrın 11-də Ağcabədi rayonunun Sarvanlar kəndində anadan olub. 2003-2014-cü illərdə Kürdlər kənd məktəbində orta təhsil alıb. Kişilik və mərdlik məktəbi hesab olunan əsgərlik illərini Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının Naxçıvan Əlahiddə Sərhəd dəstəsinin ”N” saylı hərbi hissəsində keçirib. Nümunəvi əsgər kimi tanınıb, hərbi tapşırıqları bacarıqla yerinə yetirib.

 

Vətən məhəbbəti, hərb sənətinə sevgisi Həsəni ordu sıralarında müddətdən artıq xidmət etməyə sövq edib, eyni zamanda, döyüş qabiliyyətini və peşəkarlığını artırıb. Azərbaycan ordusunun əsgəri Həsən Quliyev Vətən müharibəsi zamanı Füzulinin,  Cəbrayılın,  Zəngilanın, Qubadlının və Xocavəndin azadlığı uğrunda gedən döyüşlərdə qəhrəmanlıq göstərib, düşmənə zərbə vuraraq igidliklə savaşıb. 2020-ci il noyabrın 9-da Xocavənd rayonunun Tuğ kəndi istiqamətində gedən döyüşlər zamanı həlak olub. Sarvanlar kənd qəbiristanlığında dəfn edilib. Qəhrəman döyüşçünün iki azyaşlı övladı yadigar qalıb.  
 Həsənin şəhadətə yüksəlməsinin ikinci ildönümü münasibətilə anım mərasimi keçirilib. Rayon ictimaiyyətinin nümayəndələri, hərbçilər, şəhidin ailə üzvləri onun məzarı başında ehtiramla baş əyərək şəhidlərin xatirəsini sükutla yad ediblər. Həsən Quliyev ölümündən sonra Azərbaycan Prezidenti İlham Əliyevin sərəncamlarına əsasən “Vətən uğrunda”, “Füzulinin azad olunmasına görə”, ”Döyüşdə fərqlənməyə görə” və  “Xocavəndin azad olunmasına görə” medalları ilə təltif olunub.

                                         Salman ALIOĞLU,

                                           “Respublika”.