ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM...
Mədəniyyət

ADIM ƏLƏSGƏRDİ, GÖYÇƏ MAHALIM...

Göyçəni görən ağladı,

Aralı düşən ağladı...

Bir də yönüm o Vətənə

Nə vaxt düşər, ağladı...

Azərbaycan Aşıq poeziyasının Günəşi - Şah damarı Göyçəli Aşıq Ələsgəri vəsf etməyə sözlər belə acizdir...

Bu gözəl, Göyçə hayqırtılı, yurd sevgili misraları nə şərh etməyə ehtiyac var, nə də anlatmağa. Kökü yurduna - Vətəni Göyçəyə bağlı olan saz-söz sənətkarı Dədə Ələsgəri Göyçədən - yurdundan qoparmağa, bölünmüş, itirilmiş yurdlarımızı bir daha bölməyə, param-parça etməyə namərd birilərinin gücü çatmaz, nədən ki, “Bir şəm ki, həqdən yana, əbədən sönməz”. Haqdan yanan bir ocaqdır Aşıq Ələsgər, ümmansız dənizdir, fırtınalı dalğalardır, nə qədər Ələsgər adlı dəniz var, sahili də olacaq. Və o sahil körpüyə yan alacaq gəmini gözlər...

Aşıq Ələsgərin kökünü, kimliyini tədqiq etmək istəyənlər yaxşı olardı ki, öz kimliklərinə baxaydılar.

Ulu Göyçənin şair oğlu Eldar İsmayıl yaradıcılığında Dədə Ələsgərin möhtəşəm tərənnümü bizlərə nələr, nələr demir:

Ulu Göyçə, ululardan ulusan,

Çəmənlisən, çeşməlisən, sulusan,

Ələsgərin gövhəriylə dolusan,

Dünya boyu bu xəzinən var olsun,

Bar gətirsin, bəxtin sənə yar olsun!

Sazın-sözün vətəni, Dədə Qorqud məskəni, uzun illər dünyaya saz-söz Vətəni, Aşiqlər-Aşıqlar məskəni kimi tanınan qədim türk-Oğuz eli, türkün yeddi minillik əsən yelləri - sazlı, sözlüydü Göyçə, Qoca dağdan, Sarı nərdən əsən yellərdir Göyçə, Göytürkün yeddi minillik tarixi məkanıdır Göyçə... Nənə-baba məzarları, ayaq izləri, cığırlarıdır Göyçə.

Dədə Ələsgərin yaradıcılığı başdan-ayağa o yerlərin toponimləri, etnoqrafiyası, tarixi məkanları və məqamları ilə yoğrulub. Bu yerlər bəni-binadan Aşiqlər eli-Aşıqlar vətəni kimi tanınmışdır. Dədəm Qorquddan üzü bu yana IX əsrdən etibarən Ozan Heydər, Sarıyaqublu, Şah İsmayıl müridi Miskin Abdal, Ağ Aşıq, Aşıq Alı, Dədə Ələsgər, Aşıq Əsəd, Aşıq Nəcəf, Aşıq Əli Mazanoğlu, Aşıq Məhərrəm, Aşıq İmran, Həsən Xəyalli, Aqil İman, Zodlu Abdulla, Aşıq Aydın, Məhəmmədhüseyn, Xəstə Bayraməli, Aşıq Hacı, Aşıq Ədalət və b. bu adları olduqca çoxaltmaq olar. Nə gizlədim, Göyçə adı çəkildikcə, Dədə Ələsgərin şeiriyyəti vərəqləndikcə, yenə Göyçədəyəm ki, Göyçədə! Bizə atılan daşların sorağı uzaqlardan gəlir, bu daşların adı türkün adının ucalığına atılır, halal, bərəkətli torpaqlarımıza atılır, ən öncəsi isə səxavətimizə, insanlığımıza atılır.

Bu daş çoxdan atılmışdı, indi çatırdı! Aşıq Ələsgər yaradıcılığını bir qədər təhlilə keçsək, Göyçənin toponimləri, tarixi qaynaqları, adət-ənənələri ustad Ələsgər yaradıcılığında, onun qoşma və gəraylılarında, təcnislərində, dastan və aşıq məclislərində olduqca sərrast həkk olunub. Əvvəla, aşıq özünü yaradıcılığında tez-tez təqdim edir, bu isə onun Vətəni - doğulub boya-başa çatdığı Göyçəsinə məhəbbətindən, əsil-kökünə olan hörmət-izzətindən irəli gəlir:

Püşti-pənahına daldalanmışam,

Adım Ələsgərdi, əslim Göyçəli!

Göründüyü kimi, Ələsgər böyük sevgisilə göyçəli olduğunu hər zaman dünyaya şərəflə bəyan edir, Göyçə isə öz oğlunu mükəmməl bir halda dünyaya təqdim edir. Göyçə Ələsgəri dünyaya təqdim etdi, Ələsgər isə Göyçəni! “Adım Ələsgərdi, Göyçə mahalım” - bu deyim isə çəkinmədən deyə bilərəm, Aşıq Ələsgər yaradıcılığının şah beytidir!

Aşıq Ələsgər yaradıcılığından Göyçənin - bir ilahi yurdun ətri gəlir. O ətir ki, adına Vətən ətri deyilir. Vətən adlı müqəddəs bir ətir! Onun qoşmalarından, yaradıcılığından dağ yamaclarından, gül-çiçək içindən, lalə-bənövşə, nərgizli, kəkotulu Vətən torpağından alınan zövqün, bəxtiyarlığın, Göyçənin -elat gözəllərinin, alagözlü qız-gəlinlərinin gözəllik ab-havası gəlir.

Aşıq Ələsgər yaradıcılığında daha mühüm bir məqamı qeyd etmək yerinə düşər. Belə ki, onun yaradıcılığında vəsf etdiyi gözəllər, təbii gözəllərə verilən dürüst qiymət, gözəlliyin tərənnümündə işlənən ifadələr şirindir, xoşdur, daha doğrusu, Göyçə ətirlidir, dağ havalı, gül-çiçək soraqlıdır:

Tuti dilli, sərv boylu Salatın,

Yoxmu mərhəməti bu səltənətin?!

Göndər gəlsin Ələsgərin xələtin,

Eyləmə əməyim zay, Sarıköynək!

Ustad yaradıcılığında gözəllərə yanaşma, edilən tərif, verilən qiymət tamam ayrı bir yanaşmadır. Onun aləmində gözəl gözlər “Ala gözlər”dir. Məhz Göyçə ab-havasına uyğun “Ala göz” - mavi-yaşıl gözlər, ağbəniz, sarışın, bir qədər çilli simalar, mütənasib bədən, bənövşə ətirli, əhdinə vəfalı, düz ilqarlıdır Ələsgər gözəlləri.

Ala gözlər Ələsgər yaradıcılığında olduqca tez-tez hallanır, bəzən düşünürsən, bəlkə də, alagözlü Səhnəbanuya olan sonsuz eşqi, aşiqliyi, divanəliyi onu “Ala göz”ləri ən uca mərtəbəyə qaldırmağa imkan vermişdir. Bəlkə yox, bu, elə belədir ki, var, “Ala göz” Aşığın-Aşiqin yaradıcılığının ən yüksək zirvəsini fəth etmişdir.

Azərbaycan-Göyçə gözəllərinin simvoludur onun yaradıcılığı! Dədə Ələsgər yaradıcılığının digər bir adı isə halallıqdır, səxavətdir, kəramətdir, səxavətə, kəramətə verilən qiymət - budur ustad Ələsgərin mənəviyyatı.

Yəqin ki, Azərbaycan klassik Aşıq ədəbiyyatında “Salatın” adı ilə çox gözəllərə qoşmalar deyilmiş, vəsf edilmişdir. Burada kiçicik bir müqayisə aparmaq yerinə düşər. XV əsrdə yaşamış, Azərbaycan türk Səfəvi dövlətinin şahı olmuş Şah İsmayılın sarayında xüsusi hörmətə sahib Aşıq Qurbani, XIX yüzilliyin sonu, XX əsrin əvvəllərində yaşamış Aşıq Ələsgər və onların məşhur “Salatın” qoşması. Və hər ikisindəki özünəməxsusluq, gözəlliyin təsviri, onun təqdim olunması - Təbriz mühiti və Göyçə ab-havası... Heyran qalmaya bilmirsən...

Aşıq Qurbanidə:

Sallana-sallana gələn Salatın,

Gəl elə sallanma, söz dəyər sənə,

Al-yaşıl geyinib durma qarşımda,

Saqın bədnəzərdən, göz dəyər sənə...

Aşıq Ələsgərdə:

Sallana-sallana gələn Salatın...

O sərxoş yerişin yola yaraşır,

Salıbsan gərdənə qızıl həmayil,

Qızıl bazubəndlər qola yaraşır!

Ümumən hər iki gözəllik və gözəli Azərbaycan gözəlidir.

Ulu Göyçə adlı bir müqəddəs, ocaqdı Dədə Ələsgər yaradıcılığı. Ələsgər namusun, qeyrətin simvoludur, başdan-ayağa xalqının - Göyçənin, Azərbaycanın ruhudur Aşıq Ələsgər yaradıcılığı! İçi, çölü, qəlbi nəcibliklə, namus-qeyrətlə döyünən bir ustaddır Ələsgər.

Budur Ələsgər Dədənin böyüklüyü, namus-ar, mərdlikdir yolu! Ana-atalarımızın bizlərə öyrətdiyi düzgünlük və dürüstlük yolu, o yol ki, Dədə Ələsgərdən, Dədə Ələsgərə isə Ozan Heydərdən, üzü uzaqlara dönsək, Dədəm Qorquddan gəlir. Göytürk xaqanlığından gəlir kökləri dərinlərə işləmiş əslimiz-nəslimiz və halallığımız.

Bax, bunlardır xalqın ruhu, atalar sözüdür, hikmətli kəlamlar, müqəddəs məkanlar, aforizmlərdir Dədə Ələsgər! Ustad yaradıcılığı atalar sözləri, aforizmlər, zərb-məsəllər, hikmətli sözlər, el deyimləri, bir sözlə, başdan-ayağa bir Göyçə folklorudur! Məhz bu bütünlüyünə görə yaddaşlarda belə asanlıqla qalır, sevilir, hər an gözlər önündə haqqın əliylə yaradılan gözəl bir Göyçə tablosu yaranır.

Dünyanın nə zamanında olursa-olsun, müxənnət, xain, saxtakar hər zaman nəinki ifşa olunur, daş-qalaq edilir belə, beləsi insanlıqdan kənar atılır, müxənnətin adı elə müxənnət qalır.

Müxənnət meydanda “mənəm” deyibdi,

Bu dərd Ələsgərin qəddin əyibdi

Kor yapalaq kəklik alıb yeyibdi,

Laçın ölüb, o tərlanlar itibdi.

Mərdin adı mərd qalır, namərdin isə qəbri də daş-qalaq olunur (Qatır Məmməd). Yeri gəldikcə bir daha şahidi olursan ki, ustad da xəyanəti-xəyanətkarı nəinki bağışlamır, şərəfsizi, satqını görməyə belə gözü yoxdur.

Erməni adlı mənfur düşmənin 1905, 1907, 1918-ci illərdə Azərbaycanda, o cümlədən Göyçədə apardığı soyqırımlar aşığa pis təsir etmiş, bir müddət Kəlbəcərin Yanşaq kəndində yaşamışdır. Və belə mövzular - ictimai, siyasi mövzular aşığın yaradıcılığında silsilə təşkil etmişdir: “Xaçpərəstlə düşdü bunt...”

Gədadan bəy olmaz, nakəsdən igid,

Lənət müxənnətin əsli-soyuna!

Bu ulu aşığın yaradıcılığından onun öz dininə, dilinə bağlılığı və bilgisi hər an bizləri bir daha düşünməyə vadar edir.

Aşıq Ələsgərin yaradıcılığında təvazökarlığın hər an şahidi oluruq, ağac bar gətirdikcə başını aşağı dikər, bax, belə böyüklüyün simvoludur Dədəmiz Ələsgər.

Ustad Dədə Ələsgər yaradıcılığında onun mübarizliyi, poetik ruhu, elmi cəhətdən dünyagörüşü, hadisələrin içərisinə nüfuzetmə bacarığı və yeri gəldikcə, aşığın bir şəxsiyyət kimi kamilliyi, əxlaqi təmizliyi, mənən zəngin bir övliya kimi görünüşü olduqca zövqvericidir.

Aşıq Ələsgər bütöv Azərbaycan adlanan böyük bir elin yox, bütün türk məmləkətinin ən şanlı səhifəsidir və Aşıq Ələsgər kimi ozanlar - kişilər bütün Türküstan ellərini mənən birləşdirdiyinə və ən azı doğulduğu məkanı - elini bizlərə - dünyaya nişan verdiyinə görə bu haqq aşığına, sənətkara, onun ruhuna rəhmətlər diləyir, dünya var olduqca yaşayacaq, təkcə bu beyti ilə dünyaya hər zaman mesaj verəcək: Adım Ələsgərdi, Göyçə mahalım!

Kimlərdir Aşıq Ələsgər kimi ulu Ustada, ulu Sənətkara əl uzadan, nigaran ruhunu bir daha narahat edənlər?! Bu millətin bir düşməni var, o da erməni. Tarixdə ən çirkin ad erməni kəlməsi, erməni sözüdür. Erməniliyə xidmət isə nadürüstlükdür! Göyçə kimi ulu bir elin, daha doğrusu, bütöv Azərbaycanın adına Dədə Ələsgər adı daha bir hörmət, daha bir izzətdir. Müstəqil Azərbaycan dövləti, başda Prezidentimiz cənab İlham Əliyev, Birinci vitse-prezidentimiz Mehriban xanım Əliyeva olmaqla, eyni zamanda Azərbaycan cəmiyyəti, onun şərəfli ziyalılar ordusu xalqımızı bölməyə çalışanlara ən layiqli cavablar vermişdir: Göyçə mahalı ulu türkün yeddi minillik tarixinin şərəfli daşıyıcısıdır, bineyi-qədimdən türk ocağı olub və orada hər bir zaman türklər məskunlaşmışlar.

Azərbaycanın qeyrətli oğlu Heydər Əliyev tərəfindən 1972-ci ildə YUNESKO-da Aşıq Ələsgərin 150 illik yubileyi olduqca möhtəşəm şəkildə keçmiş SSRİ məkanında qeyd olundu. Bəlkə də, göyçək Göyçə heç bir zaman belə əzəmətli tədbir görməmişdi. Bu yubiley Azərbaycan xalqının dəyərli oğlu Heydər Əliyev tərəfindən Aşıq Ələsgər yaradıcılığına, qədim el sənətinə, Göyçənin sənətkar oğluna verdiyi yüksək dəyərdən xəbər verirdi.

Sənətə və sənətkara verilən qiymət bu gün Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən ləyaqətlə davam etdirilir. Təbii ki, Gədəbəydə “Aşıq Ələsgər adına Aşıq məktəbi”nin açılması çox təqdirəlayiq bir hal kimi cənab İlham Əliyevin xüsusi xidmətidir. Ancaq çox istərdim ki, həmin o “Aşıq məktəbi” - bir qədər də dəqiqləşdirilərək “Aşıq Ələsgər adına Göyçə Aşıq Məktəbi” adlandırılsın. Bununla da həm Dədə Ələsgər adını, həm də ulu Göyçə adını bir daha qorumuş oluruq. Aşıq Ələsgər Azərbaycan xalqı üçün bir folklor dünyasıdır.

2021-ci il Azərbaycanın Müzəffər Ordusu, Ali Baş Komandan və Azərbaycan xalqının birliyi sayəsində erməni işğalından torpaqlarımızın azad edilməsi və zəfər-qalibiyyət ili kimi tarixə düşdü. Məhz belə bir qələbədən sonra Dədə Ələsgərin 200 illik yubileyinin qeyd edilməsi özü də onun müqəddəs ruhundan xəbər verir.

Sonda deyəcəyim bir kəlmə var: “Günün birində Müzəffər Azərbaycan Ordusunun Kəlbəcərdən üzüaşağı Göyçə mahalına enəcəyi gün uzaqda deyil, çünki “Göyçəyə gedən yollar Qarabağdan keçir”.

Məlahət İSMAYILQIZI,

AYB-nin və AJB-nin üzvü, publisist, tədqiqatçı.