ADA Universitetinin Kitabxanası VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək
Elm və təhsil

ADA Universitetinin Kitabxanası VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək

ADA Universitetinin Kitabxanası oktyabrın 6-10-da keçiriləcək VII Bakı Beynəlxalq Kitab Sərgisində iştirak edəcək.

Universitetdən AZƏRTAC-a bildirilib ki, Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi və "Caspian Event Organisers" şirkətinin birgə təşkilatçılığı ilə keçiriləcək sərginin əsas sosial məqsədlərindən biri akademik kitabxanaların müsbət imicini formalaşdırmaqla elektron kitab anlayışı və istifadəsi üzrə məlumatlılığı artırmaqdır.

Müasir akademik və elmi kitabxana konsepti bazasında təşkil edilən sərgidə ADA Kitabxanası 100 nüsxədən ibarət çap kitab kolleksiyası nümayiş etdirəcək.

Oxucular xüsusi zalda həmin kitabları oxuya biləcək, həmçinin Kitabxananın təqdim etdiyi 3500-dən artıq elektron resurs bazası və onlardan istifadə qaydaları ilə bağlı ətraflı məlumat əldə edəcəklər. Həmin resurslardan yararlanmaq istəyən oxuculara ADA Kitabxanası tərəfindən müvəqqəti istifadə hüququ təqdim ediləcək.

Sözügedən sərginin kitabsevərləri bir araya gətirəcəyini bildirən kitabxananın rəhbəri Elçin Məmmədov onları elmi təxəyyüllərini canlandıracaq ADA stendinə baş çəkməyə dəvət edib.

Oxucular elektron kitabların istifadəsində rəqəmsal hüquqların idarə edilməsi, qeyri-kommersiya lisenziyası, açıq resurslardan istifadə və müəlliflik hüquqları barədə standartlarla bağlı məlumat sessiyalarında iştirak edəcəklər.

AZƏRTAC