ADA Universitetində Xarici Siyasət Proqramı çərçivəsində praktiki məşğələ və seminarların ikinci mərhələsi yekunlaşıb
Elm və təhsil

ADA Universitetində Xarici Siyasət Proqramı çərçivəsində praktiki məşğələ və seminarların ikinci mərhələsi yekunlaşıb

ADA Universiteti nəzdində fəaliyyət göstərən İnkişaf və Diplomatiya İnstitutu Xarici Siyasət Proqramı çərçivəsində keçirilən praktiki məşğələ və seminarların ikinci mərhələsini uğurla yekunlaşdırıb.

Bu barədə AZƏRTAC-a ADA Universitetindən məlumat verilib. Bildirilib ki, İnkişaf və Diplomatiya İnstitutunun Xarici Siyasət Proqramı tərəfindən keçirilən praktiki məşğələ və seminarlarda Enerji, Fövqəladə Hallar, Əmək və Əhalinin Sosial Müdafiəsi, Xarici İşlər, Mədəniyyət, Təhsil, Ekologiya və Təbii Sərvətlər, eləcə də İqtisadiyyat nazirliklərinin əməkdaşları ilə yanaşı, bir sıra dövlət qurumlarının, agentliklərin 30-a yaxın nümayəndəsi iştirak edib.

Seminar çərçivəsində İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, tədqiqat və nəşrlər üzrə direktoru Damyan Krnceviç Mişkoviç və Enerji və davamlı inkişaf şöbəsinin direktoru Əhməd Hümbətov diplomatiya, davamlı inkişaf və enerji məsələləri üzrə çıxış ediblər.

İştirakçılar Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü Esmira Cəfərova, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədr müavini Fuad Hüseynov və AZPROMO-nun departament direktoru Sevil Əbilovanın mühazirələrini dinləyiblər.

Tədris müddəti ərzində ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər, eləcə də İqtisadiyyat fakültələrinin dekan və müəllimləri iştirakçıları zəruri bilik və bacarıqlarla təmin ediblər.

Proqramı tamamlayan iştirakçılara İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə və direktor müavini Aygün Hacıyeva sertifikatlar təqdim ediblər.

Bağlanış mərasimində çıxış edən İxtisasartırma Proqramlarının rəhbəri Nərgiz İsmayılova bildirib ki, ADA Universiteti nəzdində yeni təsis edilən İnkişaf və Diplomatiya İnstitutu tərəfindən təqdim edilən Xarici Siyasət Proqramının əsas məqsədi dövlət və özəl sektorda fəaliyyət göstərən mütəxəssislərin peşəkar inkişafını dəstəkləməkdir.

Xatırladaq ki, İnkişaf və Diplomatiya İnstitutunun Xarici Siyasət Proqramı çərçivəsində praktiki məşğələ və seminarların ikinci mərhələsi aprelin 11-14-də keçirilib.

AZƏRTAC