ADA Universitetində tələbə klublarının ilk sərgisi keçirilib
Elm və təhsil

ADA Universitetində tələbə klublarının ilk sərgisi keçirilib

ADA Universitetində fəaliyyət göstərən tələbə klublarının ilk sərgisi keçirilib.

Universitetdən AZƏRTAC-a bildirilib ki, sərgidə hər bir klub ayrıca stendlə təmsil olunaraq öz fəaliyyəti haqqında broşür və digər məlumatlandırıcı materiallar təqdim edib.

Təhsil, ekologiya, idman və digər istiqamətlər üzrə fəaliyyət göstərən klubların üzvləri burada təhsilalanların tələbə həyatını daha fəal keçirmələri üçün dərsdənkənar tədbirlər təşkil edirlər. Həmin tədbirlər sırasında xeyriyyə kampaniyalarını, idman və intellektual yarışları qeyd etmək mümkündür.

ADA Universitetində tələbələrin dinamik həyat tərzinə malik olduğunu deyən universitetin icraçı prorektoru Fariz İsmayılzadə bildirib ki, tələbələr burada keyfiyyətli təhsil almaqla yanaşı, eyni zamanda, sosial cəhətdən fəal vətəndaş kimi yetişirlər.

"Ötən il bu tədbiri pandemiya səbəbindən onlayn formatda keçirsək də, bu il ADA-nın yaşıl kampusunda klublarımızı bir araya gətirə bildik", - deyə prorektor F.İsmayılzadə əlavə edib.

Qeyd edək ki, ADA Universiteti yerli ali təhsil qurumları arasında tələbə klublarının sayına görə ilk sıradadır. Bu klublarda yerli tələbələrlə yanaşı, xarici tələbələr də uğurla təmsil edilirlər.

Sərginin sonunda müsabiqə keçirilib və öz fəaliyyəti ilə seçilən klub "Ayın klubu" mükafatı ilə təltif olunub.

AZƏRTAC