ADA Universitetində Rauf Hacıyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib
Sosial həyat

ADA Universitetində Rauf Hacıyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib

İyunun 16-da ADA Universitetində görkəmli Azərbaycan bəstəkarı, SSRİ Xalq artisti Rauf Hacıyevin 100 illik yubileyi münasibətilə konsert təşkil edilib.

AZƏRTAC xəbər verir ki, tədbirin aparıcısı Tofiq Həsənsoy bəstəkar Rauf Hacıyevin həyat və yaradıcılığından danışıb. Qeyd olunub ki, Rauf Hacıyev zəngin yaradıcılığı ilə Azərbaycanın musiqi mədəniyyəti tarixində özünəməxsus yer tutur. Müxtəlif janrlarda çox sayda qiymətli əsərlər, o cümlədən simfoniya, oratoriya və kantatalar meydana gətirən bəstəkara uğurlu səhnə təcəssümü tapmış operettaları xüsusilə geniş şöhrət qazandırıb. Rauf Hacıyevin milli motivlərlə müasir üslubun vəhdətində ərsəyə gətirdiyi vətənpərvər ruhlu lirik mahnılar məşhur ifaçıların repertuarına daxil olub və Azərbaycan mahnı janrının inkişafında əhəmiyyətli rol oynayıb.

Bəstəkarın yaradıcılığının ilk illərindən danışan aparıcı onun "Vətən" kinoteatrının estrada-caz orkestrinə rəhbərlik etməsi və bu kollektivin fəaliyyəti, eləcə də qurucusu olduğu Azərbaycan Dövlət Estrada Orkestri haqqında maraqlı faktları təqdim edib.

 Vurğulanıb ki, bəstəkar mədəniyyət naziri işlədiyi dövrdə musiqi kollektivlərinin fəaliyyətinə dəstək göstərib. Onlardan biri "Qaya" kvarteti idi. Azərbaycan Dövlət Estrada Orkestrinin tərkibində ilk addımlarını atan bu kvartet o zaman caz ifa edər, "Bakı vokal kvarteti" adlanardı. Yalnız 1966-cı ildə Rauf Hacıyevin dəstəyi ilə Moskvada Ümumittifaq estrada müsabiqəsində qələbədən sonra bu kvartet "Qaya" adlandırılıb və müstəqil fəaliyyət göstərməyə başlayıb.

 Tədbirin maraqlı məqamlarından biri də Rauf Hacıyevin və orkestrin fotolarının, onun nadir lent yazısının təqdim edilməsi olub. Lent yazısında bəstəkarın 1962-ci ildə Moskvada olduğu zaman qısa danışığı yer alıb. Eyni zamanda, R.Hacıyevin rəhbərlik etdiyi Azərbaycan Dövlət Estrada Orkestrinin ifasında instrumental kompozisiya təqdim olunub.

Tamaşaçılara, həmçinin Rauf Hacıyevin görkəmli müğənnilər Rəşid Behbudovla, Mirzə Babayevlə əməkdaşlığı haqqında məlumat verilib, ekranda audiovizual formada mahnılar səsləndirilib. "Sevgilim", "Bakı haqqında mahnı", "Azərbaycanım", "Bahar sənsiz", "İdyot vesna po Apşeronu", "Mir bez tebya", "Leyla", "Azərbaycanım", "Çiçək kimi", "Müştəri, gəl", "Əsmə, külək", "Saçlarına gül düzüm" mahnıları qonaqlara xoş anlar bəxş edib.

Tədbirdə Rauf Hacıyevin bəstəkarı olduğu filmlər haqqında da məlumat verilib. "Qaraca qız", "Bir qalanın sirri", "Kölgələr sürünür", "Romeo mənim qonşumdur", "Qara daşlar", "Əhməd haradadır?" filmlərindən mahnılar audiovizual formada təqdim olunub.

Professor, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar incəsənət xadimi Zümrüd Dadaşzadə çıxışında bəstəkarın Azərbaycan musiqi sənətinə töhfələrindən danışıb.

Azərbaycan və dünya musiqi mədəniyyətinə böyük töhfələr vermiş Rauf Hacıyevin bənzərsiz yaradıcılığını yüksək qiymətləndirən ADA Universitetinin rektoru Hafiz Paşayev vurğulayıb ki, bəstəkarın əsərləri hələ çox yüzilliklər insanların mənəvi dünyasının zənginləşməsinə, zövqünün formalaşmasına xidmət edəcək.

Konsertdə incəsənət xadimləri bəstəkar Rauf Hacıyevin əsərlərini ifa ediblər.

Bəstəkarın ailə üzvləri adından çıxış edən nəvəsi, saksofon ifaçısı İradə Abbaslı tədbirin təşkilatçılarına və iştirakçılarına təşəkkürünü bildirib.

Tədbirdə ADA Universitetinin əməkdaşları və tələbələri, incəsənət xadimləri, eləcə də müxtəlif qurumları təmsil edən nümayəndələr iştirak ediblər.

AZƏRTAC