ADA Universitetində
Digər xəbərlər

ADA Universitetində "Litva tatarları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib

Noyabrın 4-də ADA Universiteti, Litvanın Azərbaycandakı səfirliyi və Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun birgə təşkilatçılığı ilə "Litva tatarları" mövzusunda beynəlxalq elmi konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, ADA Universitetində təşkil olunan tədbirdə akademik sahədə fəaliyyət göstərən ekspertlər, diplomatik korpusun nümayəndələri, habelə Azərbaycandakı tatar icmasının üzvləri və tələbələr iştirak ediblər.

ADA Universitetinin İctimai və beynəlxalq münasibətlər fakültəsinin dekanı Anar Vəliyev tədbirin əhəmiyyətini vurğulayıb.

Multikulturalizmin Azərbaycanın və Litvanın ortaq və mühüm dəyərlərindən biri olduğunu vurğulayan Litvanın ölkəmizdəki səfiri Eqidius Navikas etnik azlıqların tarixi və irsi haqqında məlumatlılığın artırılmasının vacibliyini qeyd edib. Səfir deyib: "Litvada iki özünəməxsus azsaylı nümayəndələr - tatar və karaimlər yaşayır. Litva parlamenti 2021-ci ili "Litva tatarlarının Tarix və Mədəniyyət İli", 2022-ci ili isə "Litva karaimlərinin Tarix və Mədəniyyət İli" elan edib".

Konfransda çıxış edən Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondunun prezidenti Günay Əfəndiyeva öz kimliyini qoruyub saxlayan, əsrlər boyu formalaşmış adət-ənənələrini itirməyən türk xalqlarının tarixinin və mədəniyyətinin təbliğinin vacibliyini vurğulayıb və bu baxımdan tatarların saylarının az olmalarına baxmayaraq onların Litva cəmiyyətində layiqli yer tutduğunu bildirib. G.Əfəndiyeva deyib: "Türk xalqının maddi-mədəni dəyərlərinin beynəlxalq aləmdə təbliği istiqamətində Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fondu Litvanın Azərbaycan Respublikasındakı səfirliyi ilə uğurla əməkdaşlıq edir".

Polşanın Azərbaycandakı səfiri Rafal Poborski mövzunun aktuallığını vurğulayıb.

Konfrans məruzəçilərin çıxışları ilə davam edib.

Litva-Tatar İcmaları İttifaqının sədri professor Adas Yakubauskas tatarların mənşəyi və Litva ərazisində məskunlaşma tarixindən bəhs edib.

Tanınmış diplomat, professor Vilayət Quliyev və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi İnsan hüquqları və ictimaiyyətlə əlaqələr idarəsinin muzey üzrə məsləhətçisi tarix üzrə fəlsəfə doktoru Rauf Rzayev öz çıxışlarında tatar icmalarının tarixi irsindən söhbət açıblar.

Tədbirdə tarixçi Fuad Axundovun videoçıxışı yayımlanıb.

Konfransdan sonra Azərbaycan tatarlarının musiqisi səsləndirilib və fotosərgisi nümayiş etdirilib.

AZƏRTAC