AÇIQ KİTABXANALAR İSTİFADƏYƏ VERİLİB
Region

AÇIQ KİTABXANALAR İSTİFADƏYƏ VERİLİB

XXI əsrdə informasiyanın axtarışı, seçilməsi, qiymətləndirilməsi vərdişlərinə yiyələnmədən həyat və fəaliyyətin istənilən sahəsində uğur əldə etmək qeyri-mümkündür. Bu vərdişlərin reallaşması üçün şəxsin mütaliə və informasiya mədəniyyətinin yüksək səviyyədə olması mühüm şərtdir. Müxtəlif növ informasiya resurslarını mühafizə edib ictimai istifadəyə təqdim edən kitabxanalar bu prosesdə mühüm rol oynayır. Müasir kitabxana istifadəçilərin mütaliəyə olan tələbatını ödəyir, mütaliə və informasiya mədəniyyətini formalaşdırır. İnformasiya mədəniyyəti informasiya cəmiyyətində şəxsiyyətin uğurlu peşəkar və qeyri-peşəkar fəaliyyətinin, eləcə də sosial müdafiəsinin ən mühüm faktorudur. Mütaliə mədəniyyəti isə şəxsiyyətin informasiya mədəniyyətinin bir komponentidir.  Bu baxımdan Qlobal informasiya cəmiyyətinin inkişafı şəraitində Azərbaycan Respublikasının kitabxanaları da dövlətin mədəni tərəqqisinə mühüm töhfələr verməkdədir. Hazırda respublikanın kitabxana-informasiya şəbəkəsinin fəaliyyəti yeni inkişaf mərhələsindədir və informasiya mədəniyyətinin formalaşmasında xüsusi rola malikdir. İlk dəfə Bakı şəhərində reallaşmış “Açıq kitabxana”  layihəsinin əsas məziyyətlərindən biri də kitabı oxuculara yaxınlaşdırmaq və onu hamı üçün əlçatan etməkdən ibarətdir. Məhz bunun nəticəsidir ki, hazırda “Açıq kitabxana”ya gələnlərin sayı 10 min nəfəri keçmişdir. Qısa müddət ərzində layihənin bir çox insanları özünə cəlb etməsini, passiv oxucularda belə mütaliə həvəsinin dinamikasına səbəb olmasını nəzərə alaraq, onun daha da təkmilləşdirilməsi və yeni xidmətlər əlavə etməklə oxuculara təqdim olunması, Milli Kitabxananın bu layihə üzrə əldə etdiyi təcrübənin digər kitabxanalarda tətbiq edilməsi məqsədəuyğundur. Respublikanın ikinci şəhəri olan qədim Gəncədə də şəhər sakinlərinin və turistlərin sərbəst şəkildə kitab mütaliə etməsinə şərait yaradan Açıq kitabxana yaradılmışdır. Bu məqsədlə Gəncə Şəhər İcra Hakimiyyətinin dəstəyi və Kapital Bankın korporativ sosial məsuliyyət strategiyasına uyğun olaraq 15 sentyabr–Bilik günü münasibətilə Gəncədə növbəti sosial aksiya həyata keçirilib. Aksiya çərçivəsində  Heydər Əliyev Park-Kompleksində və Xan Bağında açıq kitabxana quraşdırılıb.

Tədbir “ Nizami ili”nə təsadüf etdiyi üçün Gəncə Dövlət Dram Teatrı tərəfindən  kitabxananın qarşısında  “Xəmsə” ədəbi-bədii kompozisiyası təşkil olunub.

Qeyd edək ki, açıq kitabxanalardan hər bir insan sərbəst şəkildə yararlana, zövqünə uyğun kitabı ödənişsiz götürə bilər. Həmçinin təşəbbüsə dəstək göstərmək istəyən şəxslərin istənilən mövzuda kitabları digərlərinin faydalanması üçün kitabxanalara bağışlamaq imkanı var.

            Zabit  XƏLİLOV,

            “Respublika”.