Açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevrilib
Digər xəbərlər

Açıq dənizlərə çıxışı olmayan Azərbaycan beynəlxalq nəqliyyat mərkəzinə çevrilib

"Tezliklə Bakıda, dəniz limanının yaxınlığında azad ticarət zonası açılacaq. Ümid edirik ki, həmin azad ticarət zonası istehsalat və şirkətlər üçün sərmayə qoyuluşu baxımından münasib məkan olacaq". Bu sözləri Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 19-da Davos Dünya İqtisadi Forumu çərçivəsində keçirilən "Avrasiya Orta Dəhlizi: Yoldan magistrala" mövzusunda panel iclasında söyləyib.

Dövlət başçısı qeyd edib ki, əlbəttə, biznes mühitinin yaxşılaşdırılması uğurun əsas amillərindəndir. Çünki dünyada bütün ölkələrin, hətta ən inkişaf etmiş dövlətlərin əlavə sərmayəyə ehtiyacı var. Ancaq sadəcə, biznes mühiti kifayət deyil. Ölkələr arasında münasibətlər nadir vəziyyət yaradır - qlobal miqyasda ən yüksək dostluq şəraiti. Mən Azərbaycan və Gürcüstan, Azərbaycan və Türkiyə, Gürcüstan və Türkiyə, habelə bizim üçtərəfli əlaqələrimizi nəzərdə tuturam.

Şərq-Qərb və Şimal-Cənub beynəlxalq nəqliyyat dəhlizlərinin inkişafında mühüm rol oynayan Azərbaycan artıq Avrasiyanın mühüm nəqliyyat və logistika mərkəzlərindən birinə çevrilib. Əlverişli coğrafi mövqeyə, zəngin təbii sərvətlərə və enerji ehtiyatlarına malik ölkəmiz Xəzəryanı dövlətlərin transxəzər beynəlxalq nəqliyyat marşrutunun, potensialının, infrastrukturunun inkişafına, dövlətlər arasında əməkdaşlığa mühüm töhfələr verməkdədir. Bakı-Tbilisi-Qars dəmir yolu layihəsi regionun nəqliyyat xəritəsini dəyişdirib. Bu yol Çindən Avropaya olan ən qısa marşrutdur - əvvəllər bu məsafə 30-35 gün ərzində qət olunurdusa, artıq bu gün iki həftə ərzində qət edilir. Beləliklə, bu nəqliyyat və enerji şaxələndirilməsinin yeni xəritəsidir və açıq okeana çıxışı olmayan bir ölkə kimi Azərbaycan regional nəqliyyat dəhlizinə çevrilmişdir. Bu, Azərbaycanın təşəbbüsü ilə reallaşan Bakı-Tbilisi-Qars dəmir yolunun istismara verilməsindən sonra mümkün olmuşdur. Eyni zamanda, Şimal-Cənub nəqliyyat dəhlizi də Azərbaycanın ərazisindən keçir. Azərbaycan yeganə ölkədir ki, hər iki önəmli nəqliyyat dəhlizinin iştirakçısıdır və bu dəhlizlər genişmiqyaslı beynəlxalq əməkdaşlığa yol açıb.

Beləliklə, qapalı Xəzər hövzəsi ölkələrinə və həmin ölkələrdən yükdaşımaları həyata keçirmək və Xəzər dənizi bölgəsindən keçən Şərq-Qərb nəqliyyat dəhlizini reallaşdırmaq üçün zəruri infrastrukturun yaradılmasına böyük sərmayələr qoyulub. Azərbaycan qapalı göl hövzəsi olan Xəzərin də nəqliyyat imkanlarından maksimum istifadədə maraqlıdır. Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi məhz bu yanaşmanın məhsuludur. Şərq-Qərb və Şimal-Cənub nəqliyyat dəhlizlərinin qovşağında yerləşən Bakı Beynəlxalq Dəniz Ticarət Limanı Kompleksi ölkənin tranzit imkanlarının genişləndirilməsində həlledici rola malikdir. Dövlət başçısının da qeyd etdiyi kimi, Xəzər üzərindən yükdaşımaların həcminin artırılması artıq reallıqdır. İndiki şəraitdə biz buna hazırıq. Amma biz Beynəlxalq Dəniz Ticarət Limanının ikinci fazasına başlamalıyıq, limanı genişləndirməliyik.

Azərbaycanın nəqliyyat dəhlizi kimi funksionallığını və əhəmiyyətini artıran həm də odur ki, ölkəmiz yalnız Şərqlə Qərb arasında qapı rolunda çıxış etmir, eyni zamanda, Şimal və Cənubu birləşdirən mühüm dəhlizdir. Azərbaycan bu dəhlizin - nəqliyyat infrastrukturunun formalaşması üçün ciddi siyasi iradə nümayiş etdirib və investisiya yatırımları edib. Nəticədə, istər daxili, istərsə də xarici nəqliyyat infrastrukturu çoxşaxəli haba çevrilib. Azərbaycanın nəqliyyat imkanlarının təhlilini nəzərdən keçirdikdə 4 istiqamət üzrə nəqliyyat xətlərinin inkişafı aydın nəzərə çarpır. Azərbaycan həm daxili, həm də xarici dəmir yolu nəqliyyat infastrukturunu şaxələndirir. Təsadüfi deyil ki, Davos Forumunun hesabatına əsasən, dəmir yollarının səmərəliliyinə görə, ölkəmiz 11-ci yerdədir. Azərbaycan 50-dən çox yük gəmisi ilə Xəzər dənizində ən böyük ticarət donanmasına malikdir. 2013-cü ildə istismara verilmiş Bakı gəmiqayırma zavodu hazırda tam gücü ilə işləyir. Bu zavodda istənilən növ gəmilər inşa edilə bilər. Azərbaycan 18 yük təyyarəsi ilə regionumuzda ən böyük mülki hava yük donanmalarından birinə sahibdir. Növbəti 10 il ərzində yük donanmamıza daha 9 təyyarənin əlavə edilməsi nəzərdə tutulmuşdur. Hazırda Azərbaycanda 8 beynəlxalq hava limanı fəaliyyət göstərir. İşğaldan azad olunmuş Laçında ölkəmizin sayca 9-cu beynəlxalq hava limanının 2024-cü ildə açılması nəzərdə tutulub.

Ölkəmizin ərazisinə görə, bu, olduqca yüksək göstəricidir. Bu sahədə infrastrukturun yaxşılaşdırılması, hava limanlarının ən yüksək səviyyəyə çatdırılması, eləcə də hava məkanından istifadənin liberallaşdırılması istiqamətində ardıcıl işlər görülür. Heydər Əliyev Beynəlxalq Aeroportu sərnişin və yükdaşımalarının, uçuş-enmə əməliyyatlarının həcminə, aerovağzal kompleksinin sahəsinə və yük terminalının buraxılış gücünə görə regionun ən böyük aeroportudur. Artıq Azərbaycan avtomobil nəqliyyatı ilə Avropa, Mərkəzi Asiya, eləcə də Rusiya ilə Yaxın Şərq ölkələri arasında dəhliz rolunda çıxış edir. Böyük İpək Yolunun bərpası ideyasına uyğun olaraq Azərbaycan bütün nəqliyyat infrastrukturunu, eləcə də avtomobil yollarını bu zəncirin aparıcı həlqəsinə çevirmək istiqamətində mühüm tədbirlər həyata keçirir. Ölkəmiz avtomobil yollarının yenidən qurulmasına da böyük həcmdə investisiya yatırır. Avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması, eyni zamanda yeni yolların çəkilməsi Azərbaycanın beynəlxalq nəqliyyat dəhlizindəki rolunu artırmaqla yanaşı, daxili iqtisadi dinamikanı da stimullaşdırır.

Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda qeyri-neft sektorunun inkişafının təmin olunması, iqtisadiyyatın müxtəlif sahələrinin şaxələndirilməsi, ölkəmizin ixrac potensialının artırılması, xarici investisiyanın cəlb edilməsi, biznes və investisiya mühitinin daha da yaxşılaşdırılması istiqamətində çox vacib layihələr icra olunur. Dünyada yaranan böyük iqtisadi və maliyyə çətinliklərinə baxmayaraq, Azərbaycanda bu proseslər uğurla davam edir. 2021-ci ildə Ələt Azad İqtisadi Zonasının yaradılması bunun bariz nümunəsidir. Bütün bunlar Azərbaycana böyük iqtisadi dividendlər qazandırmaqla yanaşı, ölkəmizin regionda mövqelərini daha da gücləndirəcək, Şərq-Qərb və Şimal-Cənub tranzit-nəqliyyat dəhlizlərində mühüm rolu olan respublikamızın strateji əhəmiyyətini daha da artıracaq. Azad iqtisadi zonalar iqtisadiyyatımızın sürətli inkişafına təkan verəcək

Mustafa KAMAL,

"Respublika".