Acımız da, kədərimiz də bir canda
Digər xəbərlər

Acımız da, kədərimiz də bir canda

Qardaş Türkiyədə baş verən güclü zəlzələ xəbəri bizi sarsıtdı, qəlbimiz parçalandı, dağıntılar altında qalan qardaş-bacılarımıza, körpələrimizə ilk köməyə tələsən Azərbaycan bu ağır günlərdə türkün yanında dayandı, xalqımız öz duaları, sonsuz məhəbbəti, duyğuları ilə zərərçəkənlərə təskinlik verirlər. Dəhşətli fəlakətin miqyası çox genişdir, 10 əyalətdə 6 mindən çox ev dağılıb, faciə qurbanlarının sayı artır, dağıntılar altından sağ çıxarılanlar yaxınlarını, əzizlərini axtaran insanların ümidini artırır. Təbii fəlakətin ilk saatlarında dövlətimizin başçısı İlham Əliyevin göstərişi ilə xilasedicilər, həkimlər zəlzələ zonalarına göndərilir, orada səyyar hərbi hospitallar quraşdırılır, zərərçəkənlərə yardımlar yola salınır. Bir millət, iki dövlətin bütün qurumları əlaqəli şəkildə insanların xilas edilməsinə, dağıntıların aradan qaldırılmasına, yaralılara tibbi xidmət göstərilməsinə çalışırlar.

Xeyirxahlıq missiyası ilə dünyada tanınan Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva türk xalqına başsağlığı verib və onun təşəbbüsü ilə tələb olunan ən zəruri dərman preparatlarının, isti geyimlərin, ərzaq məhsullarının, sobaların, generatorların zəlzələ bölgəsinə çatdırılması üçün maşın karvanı yola salınır. Üç gündür ki, Azərbaycan xalqı ayaqdadır, dəhşətli itkilərə göz yaşı tökür, qardaş ölkəyə yardım etmək üçün insanlar birlik nümayiş etdirirlər. Bakı şəhərinin bir neçə guşəsində yardım toplama məntəqələrində könüllülər, qadınlar, gənclər gecə-gündüz çalışaraq imdad gözləyən qardaşlarımıza hər cür məmulatlar göndərirlər.

Bütün bölgələrdə əhali qardaş Türkiyəyə yardım etmək üçün ayağa qalxıb, kimin gücü nəyə çatırsa onu əsirgəmir, evinin ən gözəl əşyalarını toplama məntəqəsinə gətirir. Ağdam rayonunda da insanlar ən zəruri geyim və ərzaq məhsullarından ibarət olan bağlamaları təhvil verir, hətta bəzi ağdamlılar öz şəxsi maşınları ilə yardımları Bakı şəhərindəki toplama məntəqələrinə aparırlar. 1993-cü il iyul ayında Ağdam rayonu Ermənistan tərəfindən işğala məruz qalanda on minlərlə ağdamlı evindən məhrum oldu, əyinlərindəki paltardan başqa heç nə götürə bilməyən insanlar humanitar fəlakətlə üzləşdilər. Həmin ağır günlərdə ilk harayımıza çatan Türk Qızıl Ay Təşkilatı böyük bir ərazidə çadır düşərgəsi quraşdırdı, keçmiş məcburi köçkünləri geyim və ərzaqla təmin etdi, yardıma möhtac qalan ailələrin yanında dayandı. Acıları da birlikdə çəkən qardaşlarımız heç kəsin kənarda qalmasına yol vermirdilər. Yardım gətirən TIR-ların üzərinə yazılmış "Türk xalqından qardaş Azərbaycan xalqına humanitar yardım" sözləri erməni işğalı ilə qaçqın həyatı yaşayanların ocağının yanmasına, çırağının sönməməsinə səbəb oldu. Türkiyənin köməyi və mənəvi dayağı ilə böyük bir el yenidən ayağa qalxdı. 33 il əvvəl türk qardaşlarının köməyini minnətdarlıqla xatırlayan həmin insanlar indi deyirlər ki, malımız, mülkümüz qardaşlarımıza qurbandır, canımızı belə əsirgəmərik, icazə versələr elliklə köməyə gedərik. Ağdamlı müəllimə Tünzalə Vəliməmmədova deyir ki, həyatın sərt üzü iki qardaş arasındakı bağları daha da möhkəmləndirib, birliyimizi daha da sarsılmaz edib, dağıntılar altından çıxarılan hər uşağın gözlərinə həyəcansız baxmaq olmur, göz yaşlarımız qurumur, ruhumuzla, varlığımızla onların yanındayıq. Möhkəm bağlar, qırılmaz tellər, tarixin gərdişi bir millət, iki dövlətin əzəmətini, qürurunu, əyilməzliyini bütün dünyaya nümayiş etdirir. Vaxtilə Türk Qızıl Ay çadır düşərgəsində yaşamış, sonradan dövlətimiz tərəfindən tikilmiş çoxmərtəbəli binada üçotaqlı mənzildə yaşayan Vahid Əliyev keçmiş günləri heç vaxt unutmur, həyatının ən ağır məqamlarında ona kömək əlini uzadan türk qardaşlarımızın xeyirxahlığı haqqında ürəklə danışır və bildirir ki, qızının cehizi üçün hazırladıqları yorğan-döşəyin bir hissəsini Türkiyədə zəlzələdən əziyyət çəkənlərə göndərir. Təsirli bir məqamdır, onu sözlə təsvir etmək mümkün deyil.

Türkiyədə ötən ilin yayında baş vermiş meşə yanğınları zamanı ilk yardım göstərən Azərbaycan qardaşlığın və birliyin sarsılmaz təməl üzərində olduğunu bir daha göstərdi. İki qardaş xalq aləmi qovuran yanğına qarşı çiyin-çiyinə mücadilə etdi. Həmin yanğınlar zamanı azərbaycanlı yanğınsöndürənin alovların ağuşundan xilas etdiyi Türk bayrağını necə böyük məhəbbətlə, qürurla sinəsinə sıxdığının şahidi olduq. 2021-ci ildə Qarabağın ürəyi, Azərbaycanın mədəniyyət paytaxtında iki qardaş ölkə arasında imzalanan Şuşa Bəyannaməsi qardaş ölkələr arasında son iki yüz illik tarixin yeni mərhələsinə çevrildi.

Yeri gəlmişkən, təxminən yüz il bundan əvvəl baş vermiş bir tarixi hadisəyə nəzər yetirək. Ağdam rayonunun Əlimədədli kəndi ərazisində "Osman təpəsi" deyilən tarixi bir məkan var, bura Şəhidlər qəbiristanlığıdır. 1918-ci ildə salınıb. "Osman təpəsi" Xaçın çayının sol sahilində Tayırrar qışlağı, Məşədi Qurban - Salman bəy dəyirmanı tuşunda yerləşir. Yaşlı insanların köməyi ilə həmin yer müqəddəs bir guşə kimi qorunub saxlanılıb. İşğaldan əvvəl mən də həmin yerdə olmuşam, dəfələrlə həmin yeri ziyarət etmişik. Bura türk qəbiristanlığı idi və adını Osmanlı təpəsi qoymuşdular. Keçən əsrin əvvəllərində Azərbaycan, Bakı qəzası, o cümlədən Qarabağ erməni terroruna və işğalına məruz qalanda ilk köməyə gələn Osmanlı Türkiyəsi olub. 1918-ci ildə Bakının azad edilməsindən sonra Nuru Paşa başda olmaqla, əsas özəyi Osmanlı döyüşçülərdən ibarət olan Qafqaz İslam Ordusu Qarabağ, Şuşa istiqamətində erməni barbarları ilə döyüşüb. Mənbələrdə göstərildiyi kimi, 1918-ci il noyabrın 1-də Nuru Paşa Ağdama gələrək döyüş hazırlıqlarına başlayıb, noyabrın 4-də Əsgəran-Şuşa istiqamətində və Xaçın çayı boyunca yerləşən erməni işğalçılarının mövqelərinə hücum əməliyyatı həyata keçirib. Fərrux, Daşbaşı, Sırxavənd, İsmayılbəyli, Ballı qaya, Koladəy, Dovşanlı, Vəng istiqmətlərində də erməni daşnakları ilə Qafqaz İslam Ordusu arasında qızğın döyüşlər gedib. Qafqaz İslam Ordusuna məxsus 9-cu və 106-cı türk alaylarının mühüm bir qismi və qərargahı Xaçınçayın kənarında mövqe tutmuşdu. Bu yer sonradan xalq arasında "Osmanlı təpəsi" adlandırılıb. Buradan Yeddixırman, Fərrux dağı və Vəngə qədər Xaçınboyu kəndləri asanlıqla nəzarətdə saxlamaq və idarə etmək olurdu. Döyüşlərdə həlak olan əsgərlər məhz həmin ərazidə dəfn ediliblər. 1915-ci ildə Türkiyə dörd ölkə tərəfindən hücuma məruz qalanda Azərbaycandan köməyə gedən insanlar Çanaqqala döyüşlərində öz həyatlarını bu torpaqlara fəda ediblər. Əslində, bu qardaşlığı əks etdirən örnəklər daha çoxdur. Azərbaycan Prezidenti İlham Əliyev fevralın 8-də Türkiyə Respublikasının ölkəmizdəki səfirliyində olub, Türkiyədə baş vermiş zəlzələ nəticəsində çox sayda insanın həlak olması ilə əlaqədar başsağlığı verib. Dövlətimizin başçısının Türkiyə-Azərbaycan artıq bir yumruqdur, bir ürəkdir, bir candır. Biz belə görürük, Türkiyə və Azərbaycan vətəndaşları da belə görürlər. Bu ağır günlərdə Türkiyənin yanında olmaq bizim üçün böyük şərəfdir. Əminəm ki, Türkiyə bu acı sınaqdan da şərəflə çıxacaq, bunu da aşacaq. Ancaq bu, inanılmaz dərəcədə böyük faciədir. Hər bir qurtarılan can elə bil ki, bizə bir dünyanı bağışlayır -sözləri xalqımızın döyünən nəbzi kimi çox qiymətli və çox dəyərlidir.

Salman ALIOĞLU,

"Respublika".