Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə-reabilitasiya mərkəzinə göndərilib
Sosial həyat

Abşeronlu şəhid ailələri və qazilər Naftalana müalicə-reabilitasiya mərkəzinə göndərilib

Müzəffər Ali Baş Komandan, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə xalqımızın qələbə qazandığı 44 günlük Vətən müharibəsində şəhidlik zirvəsinə yüksələn abşeronlu igidlərimizin ailələrinin və qazilərimizin diqqət mərkəzində saxlanılması, onların qayğılarının öyrənilməsi, qarşılaşdıqları problemlərin aradan qaldırılması və eləcə də onların müalicəsinin və istirahətlərinin təşkil olunması istiqamətində Abşeron Rayon İcra Hakimiyyəti tərəfindən həyata keçirilən layihələr davam etdirilir. Abşeron RİH-in təşkilatçılığı ilə şəhid ailələrindən və qazilərimizdən ibarət növbəti 14 ailə (15 nəfər) ölkəmizin səfalı guşələrindən olan Naftalan şəhərinə yola salınıb. Onlar Naftalandakı istirahət mərkəzlərindən birində müalicə kursu qəbul edəcək və istirahətləri təmin olunacaqdır.

Bu münasibətlə Abşeron Rayon İcra Hakimiyyətində şəhid ailələri və qazilərlə görüş keçirilib. Görüşdə RİH başçısı Abdin Fərzəliyev bildirib ki, rayon icra hakimiyyətinin müvafiq şöbəsinin hazırladığı plana uyğun olaraq abşeronlu şəhid ailələrinin və qazilərin hissə-hissə ölkəmizin səfalı yerlərində istirahəti təşkil olunacaqdır. Bu göndərişin artıq ənənə halı daşıdığını, bundan sonra da layihənin davam etdiriləcəyini vurğulayan RİH başçısı qeyd edib ki, bu gün cəmiyyətimiz şəhidlərimiz və qazilərimizlə fəxr edir, onlar hamımızın qürur yeri, vətənpərvərlik nümunəsidir.

Daha sonra çıxış edən şəhid ailələri və qazilər onlara dövlət səviyyəsində böyük diqqət və qayğının göstərildiyini qeyd edib və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə və Birinci vitse-prezident Mehriban xanım Əliyevaya təşəkkürlərini bildiriblər.

Tədbirdən sonra xatirə şəkli çəkilib, şəhid ailələri və qazilər yola salınıb.

Söhrab SƏFİYEV,

"Respublika".