Abşeronda üçüncü kəşfiyyat quyusu qazılır
Digər xəbərlər

Abşeronda üçüncü kəşfiyyat quyusu qazılır

Abşeron yarımadasının dayazsulu hissəsi layihəsi üzrə üçüncü kəşfiyyat quyusunun qazılmasına başlanılıb. Bu barədə BP-nin mətbuat xidmətinin məlumatında bildirilir ki, "Satti" özüqalxan qazma qurğusu Saziş sahəsinin Cənub-Şərq perspektiv hissəsində yerləşən Qarabatdağ geoloji-kəşfiyyat quyusu sahəsinə keçirilib.

Qeyd edək ki, bundan əvvəl Abşeron yarımadasının dayazsulu hissəsi (AYDH) layihəsi üzrə qazılan ikinci kəşfiyyat quyusu (BHEX01) bağlanıb. Bu quyu AYDH üzrə müqavilə sahəsinin Qərb perspektiv hissəsində 4230 metr ümumi dərinliyinədək qazılıb və mart ayının ortalarında təhlükəsiz şəkildə bağlanaraq tərk edilib. Quyuda iqtisadi cəhətdən səmərəli karbohidrogen ehtiyatları aşkarlanmayıb.

Qarabatdağ geoloji-kəşfiyyat quyusu (QBDX01) AYDH sahəsində qazılacaq üçüncü kəşfiyyat quyusudur və AYDH üzrə əsas kəşfiyyat dövrü ərzində planlaşdırılmış fəaliyyətlərin sonuncu mərhələsidir. Bu quyunun qazma əməliyyatları 2022-ci il aprelin 3-də başlanıb və təxminən üç aya ümumi dərinliyə çatacağı gözlənilir. Bundan sonra isə əgər kollektor haqqında əlavə məlumat toplamaq üçün qiymətləndirmə yan lüləsi qazmaq lazım gələrsə, qazma işləri əlavə bir ay da davam edə bilər.

QBDX01 kəşfiyyat quyusu sahildən təqribən 7 kilometr aralıda suyun dərinliyi təqribən 6 metrə çatan ərazidə qazılır. Əsas quyunun ümumi dərinliyinin 2155 metrə çatacağı planlaşdırılır.

Bəybala BƏYBALAYEV,

"Respublika".