ABŞ və Azərbaycan arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsi hər iki ölkə üçün faydalıdır
Digər xəbərlər

ABŞ və Azərbaycan arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsi hər iki ölkə üçün faydalıdır

Martın 15- Azərbaycan Respublikasının fövqəladə hallar naziri general-polkovnik Kəmaləddin Heydərov ölkəmizdə səfərdə olan Amerika Birləşmiş Ştatlarının Avropa Komandanlığının tərəfdaşlıq, təhlükəsizlik siyasət imkanları üzrə direktor müavini briqada generalı Edvard Voqan ilə görüşüb.

Bu barədə Nazirlikdən verilən məlumata görə, nazir Kəmaləddin Heydərov hər iki ölkənin fövqəladə hallarla mübarizə üzrə uyğun qurumları arasında əlaqələrin hazırkı səviyyəsindən məmnunluq ifadə edib. Qurumlararası əlaqələrin, o cümlədən mülki müdafiə sahəsində əməkdaşlığın genişləndirilməsi üçün yaxşı imkanların mövcud olduğunu vurğulayan nazir qarşılıqlı səfərlərin, təlimlərin əhəmiyyətindən danışıb. Bu çərçivədə ABŞ-nin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi tərəfindən FHN-in Mülki müdafiə qoşunlarına avadanlıqların verilməsinə təlimin keçirilməsinə görə təşəkkür edən nazir iki qurum arasında prioritet sahələr üzrə gələcək ikitərəfli əməkdaşlıq perspektivlərinin müəyyən olunması məqsədilə müzakirələrin aparılmasının vacibliyini vurğulayıb.

Nüvə təhlükəsizliyi məsələlərinə toxunan nazir K.Heydərov Ermənistanda köhnə texnologiya ilə fəaliyyət göstərən ciddi texniki problemlərinin olduğu Metsamor Atom Elektrik Stansiyasının bütün region üçün yaratdığı böyük nüvə təhlükəsi barədə danışıb.

Nazir fevralın 6-da Türkiyədə baş vermiş güclü zəlzələnin fəsadlarının aradan qaldırılması axtarış-xilasetmə əməliyyatlarına dəstək məqsədilə Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən qardaş ölkəyə göndərilmiş FHN-in çevik xilasetmə qüvvələrinin fəaliyyəti barədə ətraflı məlumat verib, əldə edilmiş təcrübələri diqqətə çatdırıb.

Səmimi görüşə görə təşəkkür edən briqada generalı Edvard Voqan iki ölkənin uyğun qurumları arasında fövqəladə hallarla mübarizə üzrə əlaqələrin inkişaf etdirilməsinin qarşılıqlı faydalı olduğunu vurğulayıb. Bu çərçivədə, qonaq ABŞ-nin Təhlükənin Azaldılması üzrə Müdafiə Agentliyi ilə Azərbaycan Fövqəladə Hallar Nazirliyi arasında əməkdaşlıq münasibətlərinin genişləndirilməsi perspektivləri barədə fikirlərini bölüşüb.

Qonaq Türkiyədə baş vermiş dağıdıcı zəlzələnin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Azərbaycan Fövqəladə Hallar Nazirliyinin əldə etdiyi təcrübələri bölüşdüyünə görə nazir Kəmaləddin Heydərova təşəkkür edib. Bundan əlavə, E.Voqan dənizdə neft dağılmaları ilə mübarizə üzrə uyğun qurumlar arasında əməkdaşlığın genişləndirilməsində maraqlı olduqlarını qeyd edib.

M.KAMAL,

Respublika”.