ABŞ səfiri Naxçıvanın mədəniyyət, səhiyyə müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub
Mədəniyyət

ABŞ səfiri Naxçıvanın mədəniyyət, səhiyyə müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub

Amerika Birləşmiş Ştatlarının ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Örl Litzenberqerin rəhbərlik etdiyi nümayəndə heyəti muxtar respublikaya səfəri çərçivəsində qədim diyarın mədəniyyət, təhsil, səhiyyə müəssisələri, gəzməli-görməli yerləri ilə tanış olub.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, qonaqlar əvvəlcə ümummilli liderimiz Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsi önünə gül dəstəsi qoyub, dahi şəxsiyyətə ehtiramlarını bildiriblər. Daha sonra Heydər Əliyev Muzeyi ziyarət edilib, Ulu Öndərin həyat və fəaliyyətini əks etdirən eksponatlarla tanışlıq olub. Bildirilib ki, muzey Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1999-cu il fevralın 18-də imzaladığı Sərəncam əsasında yaradılıb və 1999-cu il mayın 10-da fəaliyyətə başlayıb. Muzeydə ümummilli lider Heydər Əliyevin uşaqlıq və gənclik illərinə həsr olunmuş stendlər, onun Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri işlədiyi dövrə aid (1991-1993-cü illər) şəxsi sənəd və materiallar, imzaladığı sərəncamlar, qərarlar və digər sənədlərin surətləri, həmin illərdə Azərbaycan Respublikasının müxtəlif bölgələrində yaşayan vətəndaşların müraciətləri toplanıb. Muzeyin kitabxanasında ulu öndər Heydər Əliyevin həyat və fəaliyyətini əks etdirən jurnal, albom və kitablar saxlanılır.

Naxçıvan Biznes Mərkəzinə gələn qonaqlara məlumat verilib ki, mərkəzin sərgi salonunda müəssisələrdə, ailə təsərrüfatlarında istehsal olunan müxtəlif növ və çeşiddə məhsullar, sənətkarlar tərəfindən hazırlanan əl işləri, rəsm əsərləri, xalçalar və Naxçıvan Muxtar Respublikasının istehsal müəssisələrinin xəritəsi nümayiş olunur.

Vurğulanıb ki, muxtar respublikada sahibkarlığın bütün parametrlər üzrə inkişafı yerli istehsalın həcminin artmasına və xarici ticarət əlaqələrinin genişlənməsinə töhfə verib, ixracyönümlü məhsul istehsalına nail olunub. Hazırda muxtar respublikada 384 növdə məhsul istehsal olunur, 350 növdə məhsula olan tələbat isə tamamilə yerli istehsal hesabına ödənilir. Təqdirəlayiq haldır ki, dünyanın 72 ölkəsi ilə ticarət əlaqələri olan muxtar respublikada 11 ildir ki, xarici ticarət əlaqələrində müsbət saldo qeydə alınır. Bu da sahibkarlığa dövlət qayğısının bəhrəsidir.

Duzdağ Fizioterapiya Mərkəzinə gələn nümayəndə heyətinə bildirilib ki, mərkəz 1979-cu il dekabrın 29-dan 50 çarpayılıq xəstəxana kimi Naxçıvan duz mədəni bazasında, dəniz səviyyəsindən 1173 metr hündürlükdə fəaliyyət göstərir. 2003-cü ildə xəstəxananın yeraltı şöbəsində ən müasir tələblərə uyğun olaraq yenidənqurma işləri aparılıb, yeraltı şöbə genişləndirilib, müasir avadanlıq və ləvazimatlarla təmin edilib. Mərkəzin digər duz şaxtalarından üstünlüyü ondadır ki, şaxta horizontal yerləşdiyindən xəstələr yeraltı şöbəyə tez adaptasiya olunurlar. Dağın altına doğru 300 metr uzanan mərkəzdə yüksək səviyyəli xidmət şəraiti yaradılıb. Son illərdə ölkəmizin müxtəlif regionlarından, habelə dünyanın bir çox yerlərindən bronxial-astma xəstələri buraya gələrək müalicə alırlar.

Səfərin ikinci günü “Naxçıvanqala” Tarix-Memarlıq Muzeyi, “Xan Sarayı” Dövlət Tarix-Memarlıq, Möminə Xatın və Açıq Səma Altında Muzey kompleksləri, Nuh Peyğəmbərin məzarüstü türbəsi, Naxçıvan Dövlət Xalça Muzeyi ilə tanışlıq qədim diyarımızın tarixi, mədəniyyəti, milli-mənəvi dəyərləri, adət-ənənələri barədə nümayəndə heyətində dolğun təəssürat yaradıb.

AZƏRTAC