ABŞ rəsmiləri Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinin birgə təşkil etdiyi Novruz tədbirində
Türk dünyası

ABŞ rəsmiləri Azərbaycan, Türkiyə və Orta Asiya ölkələrinin birgə təşkil etdiyi Novruz tədbirində

Martın 17-də ABŞ-ın paytaxtı Vaşinqton şəhərində Azərbaycan, Qazaxıstan, Qırğızıstan, Özbəkistan, Tacikistan, Türkiyə və Türkmənistan səfirliklərinin birgə təşkilatçılığı, Meridian Beynəlxalq Mərkəzi (Meridian International Center) və Mərkəzi Asiya Məsələləri üzrə Oksus Cəmiyyətinin (Oxus Society) moderatorluğu ilə Novruz bayramına həsr edilmiş onlayn tədbir keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirə yüksək səviyyəli qonaqlar qismində qatılan ABŞ-ın dövlət katibi Entoni Blinken, ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer, ABŞ Konqresinin Nümayəndələr Palatasının Xarici İşlər Komitəsinin sədri Qreqori Miks, ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Novruz bayramı ilə əlaqədar təbrik mesajlarını çatdırıblar.

Dövlət katibi Entoni Blinken çıxışı zamanı ABŞ Prezidenti Co Baydenin və Amerika xalqının adından bütün dünyada Novruz bayramını qeyd edən xalqları təbrik edib, baharı qarşılamaq üçün gözəl fürsət olan Novruzun keçmişi işıqlandırmaqla yanaşı, yeni fəsil və imkanlar üçün insanlara yeni nəfəs gətirdiyini bildirib. O, yeni fəslin gəlişi ilə dünyadakı bütün böyük və kiçik çətinliklərin aradan qalxacağına, yeni ilin sağlamlıq və sülhlə yadda qalacağına ümidini ifadə edib.

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) administratoru Samanta Pouer Novruz bayramını təşkil edən səfirliklərə təşəkkürünü bildirərək təbriklərini çatdırıb. O, qarşılaşdığımız çətin zamanlarda Novruzun ürəklərə istilik gətirərək insanları birlik, müstəqillik və azadlıq kimi birgə dəyərlərə səslədiyini qeyd edib.

ABŞ Müdafiə Katibinin köməkçisinin müavini Rebekka Zimmerman Müdafiə Katibi Lloyd Oustinin adından Novruz təbriklərini çatdırıb, bu il region ölkələri ilə diplomatik və müdafiə sahələrində münasibətlərin 30 illiyinin qeyd edilməsinə diqqət çəkib, regional əməkdaşlığın gücləndirilməsi, sülh və sabitliyin təşviqi istiqamətində göstərilən səyləri yüksək qiymətləndirib. O, 20 il ərzində ABŞ-ın Əfqanıstanda sülhyaratma missiyasına, hərbi əməliyyatlar zamanı Əfqanıstanın sabitliyinə dəstək verən Mərkəzi Asiya ölkələri və digər tərəfdaş türk dövlətlərinə təşəkkürünü bildirib. R.Zimmerman indi ədalət və sülh üçün birliyə əvvəlkindən daha çox ehtiyac olduğunu diqqətə çatdırıb.

ABŞ Konqresində Xarici İşlər Komitəsinin sədri Qreqori Miks baharın ilk günü hesab edilən Novruzun vahid məram və dəyərləri birləşdirdiyini, insanları sülh və həmrəyliyə səslədiyini vurğulayıb. O, Konqresdə Xarici İşlər Komitəsinin sədri qismində qarşılaşdıqları çətinliklərin öhdəsindən gəlmək üçün birlik və tərəfdaşlığın gücləndirilməsində maraqlı olduqlarını bildirib.

Daha sonra Azərbaycan, Qırğızıstan, Tacikistan, Türkmənistan və Özbəkistan səfirləri, Qazaxıstan və Türkiyənin səfir müavinləri çıxış edərək Novruz bayramı ilə bağlı təbrik mesajlarını çatdırıblar.

Azərbaycanın ABŞ-dakı səfiri Xəzər İbrahim Novruz bayramının təbiətin, insanların, fikirlərin yenilənmə zamanı olduğunu bildirərək, ölkəmizdə bu dəyərin yüksək qiymətləndirildiyini qeyd edib. Səfir Prezident İlham Əliyevdən sitat gətirərək, Novruz bayramının Azərbaycan xalqının dünyagörüşü, gələcəyə nikbinliyi və milli birliyinin təcəssümü olduğunu vurğulayıb. O, Azərbaycan-ABŞ diplomatik münasibətlərinin 30-cu ildönümündə bu xüsusi bayramın qardaş dövlətlərlə birlikdə keçirilməsinin əhəmiyyətini qeyd edib, daha yaxşı gələcək üçün Novruz dəyərlərini təcəssüm etdirən əməkdaşlığın güclənəcəyinə əminliyini bildirib.

Tədbir zamanı ölkələrin tarixini, mədəniyyətini və ənənələrini əks etdirən Novruz bayramı münasibətilə hazırlanmış xüsusi videoçarxlar yayımlanıb. Azərbaycanlı tar ifaçısı, Əməkdar artist Vüsal İsgəndərzadə rəhbərlik etdiyi "Şur Trio" qrupu ilə birlikdə Azərbaycan musiqisinin gözəl nümunəsini ifa edib.

Novruz tədbiri ABŞ-da yaşayan çoxsaylı icma nümayəndələri, ABŞ rəsmiləri tərəfindən maraqla izlənilib. Tədbirdən sonra ABŞ-ın dövlət qurumlarına və rəsmi şəxslərinə tədbirin təşkilatçı ölkələri tərəfindən birgə hazırlanmış təamlar və bayram sovqatları göndərilib.

AZƏRTAC