ABŞ-ın dövlət katibi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirib
SİYASƏT

ABŞ-ın dövlət katibi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycanla əməkdaşlığı yüksək dəyərləndirib

Dekabrın 2-də Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov ATƏT-in Nazirlər Şurasının Stokholmda keçirilən 28-ci iclası çərçivəsində ABŞ Dövlət katibi Entoni Blinkenlə görüşüb.

Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsindən AZƏRTAC-a bildirilib ki, görüşdə tərəflər, ikitərəfli əməkdaşlıq gündəliyi üzrə, o cümlədən iqtisadi, energetika, təhlükəsizlik və digər sahələrdə əməkdaşlığın inkişafı məsələlərini müzakirə ediblər.

Nazir Ceyhun Bayramov qarşı tərəfə 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatın imzalanmasından sonra bölgədə mövcud olan vəziyyət, işğaldan azad edilmiş ərazilərdəki dağıntıların miqyası, mina təhlükəsi, sərhəd məntəqəsində gərginliyin səbəbləri, azad olunmuş ərazilərdə həyata keçirilən bərpa və yenidənqurma işləri barədə ətraflı məlumat verib.

Söhbət zamanı Azərbaycanın enerji sahəsində verdiyi töhfə, həm mühüm neft-qaz layihələrinin təşəbbüskarı və icraçısı olduğu, həm də Avropa İttifaqının enerji təhlükəsizliyində mühüm amil kimi çıxış etdiyi qeyd olunub.

ABŞ rəsmisi beynəlxalq sülh və təhlükəsizlik məsələlərində Azərbaycan ilə əməkdaşlığı, o cümlədən ölkəmizin Əfqanıstanda fəaliyyətini yüksək dəyərləndirib.

Mütəşəkkil cinayətkarlıq, terrorçuluq, narkotik vasitələrin qanunsuz dövriyyəsinin qarşısının alınması, sülhə və təhlükəsizliyə təhdid və maneə törədən bir sıra hallarla mübarizədə Azərbaycanın rolu vurğulanıb.

Görüşdə tərəflər, habelə qarşılıqlı maraq doğuran regional və qlobal məsələləri müzakirə ediblər.

AZƏRTAC