Abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub
Digər xəbərlər

Abidələrin qorunması və bərpası məsələləri müzakirə olunub

Şamaxı Rayon İcra Hakimiyyəti və Mədəniyyət Nazirliyi yanında Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin birgə təşkilatçılığı ilə “Mədəni irsimizi tanıyaq, tanıdaq və birgə qoruyaq” mövzusunda görüş keçirilib.

Respublika-news.az xəbər verir ki, bu barədə Mədəniyyət Nazirliyinin Mətbuat xidmətinin yaydığş məlumatda qeyd olunub. Məlumata görə, daşınmaz tarix-mədəniyyət abidələrinin mühafizəsi, bu sahədə maarifləndirmə işinin təşkili, abidələrin qorunmasına ictimaiyyətin diqqətinin artırılması məqsədilə keçirilən görüşdə hər iki qurumun əməkdaşları, bələdiyyə sədrləri, təhsil müəssisələrinin rəhbərləri və rayon ictimaiyyətinin nümayəndələri iştirak edib.

Tədbirdə çıxış edən Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov rayon ərazisində yerləşən abidələrin mühafizəsi, bərpa və konservasiyası istiqamətində görülən işlərlə bağlı geniş məlumat verib. Qeyd edib ki, son illər bu sahədə həyata keçirilən tədbirlər rayonun tarixi simasının qorunmasına xidmət edir.

Dövlət Xidmətinin rəisi Səbinə Hacıyeva zəngin tarixi irsi olan Şamaxı rayonda yerləşən abidələrin mühafizəsi işinin gücləndirilməsinin vacibliyini qeyd edib. Tarixi irsin qorunması, bərpa-konservasiyası və bu sahədə ictimaiyyətin maarifləndirilməsi ilə bağlı aidiyyəti bütün dövlət orqanları, o cümləndən rayon icra hakimiyyətləri ilə birgə fəaliyyətin qurulacağını diqqətə çatdırıb.