Abidələr- tariximizin daş yaddaşı
Region

Abidələr- tariximizin daş yaddaşı

İşğaldan azad olunmuş torpaqlarda erməni vandalizminə məruz qalmış mədəni irsimizin bərpasına start verildi

Abidələr... Zamanın sərt sınaqlarından çıxıb bu günədək yaşayan insan əlinin yaratdığı, təbiətin özünün üzüb-düzüb bəzədiyi tarixi incilər dili olsaydı, nələr danışardı, görəsən? İnsanların laqeydliyindən, üzüdönüklüyündən, qəddarlığındanmı gileylənərdi? Daşı-qayası uçurulub, divarları sökülən, sinəsi gülləbaran edilən daş yadigarlar onları bu günə salanları lənətləmirmi? Otuz il sinəsinə çalın-çarpaz dağ çəkilən abidələrimiz!.. Hər gecədən işıqlı bir sabah doğur deyirik axı... Xəbəriniz varmı, sizin də sabahınız, günəşiniz doğdu. Bu Zəfər sizindir. Torpağına, daşına, qayasına dəyər verən oğullarımızın canı, qanı bahasına qazandığı Qələbə ağrılarınıza, acılarınıza məlhəm olacaq, zaman-zaman bir-bir hər birinizə nəfəs gələcək, yaşayacaqsınız.

Bəşər sivilizasiyasının ilk meydana gələn ərazilərindən biridir Azərbaycan. Arxeoloji qazıntıların nəticələri göstərir ki, bu yerlərdə yaşayan insanlar tarix boyu çoxlu sayda abidələr yaradıb. Dünya və Şərq memarlığının ən gözəl incilərindən olan həmin abidələrin əksəriyyəti bu günə kimi qorunub saxlanılır. Tarixi abidələrimizin qorunması və gələcək nəsillərə çatdırılması istiqamətində böyük işlər görülür. Dövlətimiz öz daxili siyasətində bütün abidələrin, tarixi irs örnəklərinin qorunması və mühafizəsi istiqamətində tədbirlər həyata keçirir. Təəssüf ki, otuz ilə yaxın bir müddətdə bu işləri ölkənin bütün ərazilərində aparmaq mümkün olmayıb. Maddi mədəniyyət abidələrinin zənginliyi ilə seçilən Qarabağ bölgəsinin Ermənistan tərəfindən işğalı nəticəsində orada İslam mədəniyyətinə aid olan bütün abidələr məhv edilib. İlk insan məskənlərindən olmuş məşhur Azıx və Tağlar mağaraları, Qaraköpək, Üzərlitəpə kurqanlarından hərbi məqsədlər üçün istifadə edilərək dağıdılıb. Xocalı, Ağdam, Füzuli, Cəbrayıl rayonlarındakı kurqanlarla yanaşı, işğal olunmuş Şuşa, Laçın, Kəlbəcər, Qubadlı, Zəngilan, Füzuli rayonlarının ərazilərindəki  qəbiristanlıqlar, türbələr, məzarüstü abidələr, məscidlər, məbədlər, Qafqaz Albaniyasına məxsus  abidələr də digər milli abidələrimiz kimi məhv edilib.

Ötən müddətdə yerli mütəxəssislərlə yanaşı, uzun illər Qarabağ abidələrini öyrənən tanınmış rus alimlərindən akademik İ.İ. Meşşaninov, A.İ. İessen, V.P. Lyubin, alman tədqiqatçılarından E.Resler, V.İ. Qummel, hətta erməni tarixçiləri X.K. Kuşnareva və O.A. Danielyan da Azərbaycan xalqının maddi irsi kimi dəyərləndirilən bu tarixi abidələrin ermənilərin vandallıq siyasəti nəticəsində məhv edilərək sıradan çıxarıldığını dönə-dönə vurğulayıblar.

Erməni mənbələrində ayrı-ayrı vaxtlarda yer alan məlumatlara, peyk çəkilişlərinə, ATƏT-in işğal olunmuş ərazilərdəki vəziyyəti araşdıran missiyasının hesabatına, habelə digər mənbələrdən toplanan informasiyalara görə, bu ərazilərdə indiyədək yüzlərlə tarixi abidə tamamilə dağıdılıb, dağıdılmayanlar isə erməni abidələri kimi təqdim edilib.

Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 avqust 2001-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Dünya əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”, “Ölkə əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı” və “Yerli əhəmiyyətli daşınmaz tarix və mədəniyyət abidələrinin siyahısı”na əsasən, işğaldan azad olunmuş ərazilərdə dövlət qeydiyyatında olan tarix və mədəniyyət abidələrinin sayı 900-dən çoxdur. Bəzi məlumatlara görə isə dövlət qeydiyyatında olmayan abidələrin sayı 1500-dən artıqdır. Beynəlxalq əhəmiyyətli abidələrin sayı onlarla, qəbiristanlıqların sayı isə 900-dən artıq göstərilir.

Xarici İşlər Nazirliyinin hazırladığı “Azərbaycan Respublikasının Ermənistan tərəfindən işğal olunmuş ərazilərində İslam dininə aid tarixi və mədəni irsin məhv edilməsi” və “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı davam edən təcavüzü nəticəsində Azərbaycanın tarixi və mədəni irsinin dağıdılması və təhqir  olunması” adlı hesabatlar UNESCO başda olmaqla, BMT, ATƏT, Avropa Şurası, İslam Əməkdaşlıq Təşkilatı, ICESCO-ya, digər beynəlxalq təşkilatlara göndərilib. Görülən işlərin nəticəsidir ki, İslam Əməkdaşlıq Təşkilatı tərəfindən Ermənistanın təcavüzü nəticəsində işğal olunmuş Azərbaycan ərazilərində İslam dininə aid tarixi və mədəni irsin və məbədlərin dağıdılması və təhqir edilməsi barəsində mütəmadi əsasda qətnamələr qəbul edilib.

Dini Qurumlarla İş ürzə Dövlət Komitəsi tərəfindən təsbit olunmuş siyahıda həmin ərazilərdə təqribən 403 tarixi dini abidə olduğu göstərilir. Həmin ərazilərdə rəsmi fəaliyyət göstərmiş 67 müsəlman məscidinin (Şuşada 13, Ağdamda 5, Füzulidə 16, Zəngilanda 12, Cəbrayılda 5, Qubadlıda 8, Laçında 8) 63-ü tamamilə, 4-ü isə qismən dağıdılaraq yararsız hala salınıb. Yalnız beynəlxalq təşkilatların təzyiqləri nəticəsində Ağdam Cümə məscidini, Şuşa şəhərindəki Aşağı Gövhərağa, Yuxarı Gövhərağa və Saatlı məscidlərinin divarlarını salamat saxlamaq mümkün olub. Ermənilər daha bir əxlaqsızlıq nümayiş etdirərək, Ağdam Cümə məscidinin  içərisində ev heyvanları, o cümlədən donuz saxlamaqla azərbaycanlılara qarşı öz nifrətlərini nümayiş etdiriblər.

Ermənistan ərazisindəki Azərbaycana məxsus tarixi və mədəni irs də eyni aqibəti yaşayır. Yerevandakı Dəmir bulaq məscidi yer üzündən silinib, Göy məscid isə orijinal xüsusiyyətlərinin dəyişdirilməsi məqsədilə “Yenidən təmir edilib”. Dağıdılmış arxitektura abidələri arasında XVIII əsrin ikinci yarısında Qara Seyid tərəfindən İrəvanda tikilmiş Hacı Novruzəli bəy məscidi, “Sərdar sarayı” adlı kompleks də vardır. İrəvanın Sərdar məscidi də sistemli dağıntıya məruz qalıb və 2014-cü ildə tamamilə məhv edilib.

Zəngin təbii və mədəni irsin, o cümlədən dünya əhəmiyyətli unikal abidələrin işğal altında olması əslində dünya irsinə qarşı qəsd demək idi.

Bu gün işğaldan azad olunmuş ərazilərdə abadlıq-quruculuq işlərinə başlanılıb. İndi Qarabağ bölgəsində dağıdılan infrastrukturun bərpasına yönələn kompleks işlər aparılır, müxtəlif sahələrin dirçəldilməsi üçün təkliflər hazırlanır, tədbirlər planı təsdiq edilir. Təbii ki, işğaldan azad olunan ərazilərdə bizi ciddi işlər gözləyir. Bu baxımdan Azərbaycan Milli Elmlər Akademiyasının qarşısında da mühüm vəzifələr durur. Qarabağda müxtəlif səpkili elmi tədqiqatların aparılması üçün AMEA Rəyasət Heyətinin müvafiq qərarları ilə akademiyanın İqtisadiyyat İnstitutunun strukturunda Post-konflikt Ərazilərin Bərpası Elmi Mərkəzi yaradılıb, həmçinin AMEA-nın Qarabağ Regional Elmi Bölməsinin və Albanşünaslıq Elmi Mərkəzinin yaradılmasına başlanılıb.

Mütəxəssislərin fikrincə, Qarabağ bölgəsində arxeoloji tədqiqatların yeni qaydalar əsasında təşkilinə böyük ehtiyac var. Dağlıq Qarabağın və ətraf rayonların abidələrinin tədqiq  edilməsi, qədim və orta əsrlər tarixinin öyrənilməsi, elmi araşdırmaların  nəticələrinin beynəlxalq aləmdə yayılması qarşıda duran ən mühüm vəzifələrdəndir. Bu sahədə tədqiqatlar sistemli, mərhələli şəkildə həyata keçiriləcəkdir.

Məlumdur ki, ermənilər 30 ilə yaxın müddətdə işğal altında qalan  abidələrimizə müxtəlif şəkildə ziyan vurublar. Belə ki, onlar qədim dövr arxeoloji abidələrdə qeyri-qanuni qazıntılar aparıb, hətta bu işə bəzi Avropa alimlərini də cəlb ediblər.

Dağıntılara və mənimsəmələrə məruz qalmış növbəti qrup abidələr Azərbaycanın qədim dövlətlərindən olan Qafqaz Albaniyası dövrü  və sonrakı orta əsrlərə aid xristian dini təyinatlı arxeoloji-memarlıq kompleksləridir. Bu abidələrin bir çoxunun əvvəlki vəziyyəti dəyişdirilmiş, bərpa adı ilə erməniləşdirilməsi işləri aparılmışdır.

İslam mədəniyyəti abidələri isə daha çox dağıntılara, vandalizm əməllərinə məruz qalıb.

Birinci mərhələdə məlum abidələrin hazırkı vəziyyəti, onlara vurulan ziyan müəyyənləşdirilməlidir. “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 29 oktybar tarixli Fərmanına uyğun olaraq Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin nümayəndələri tərəfindən artıq tarix və mədəniyyət obyektlərinin (abidələrinin və müəssisələrinin) ilkin inventarlaşdırılması və mühafizəsi məqsədilə abidələrin və mədəniyyət müəssisələrinin monitorinqlərinə başlanılmışdır.

Düşmən üzərində tarixi qələbənin bir ilinin  tamamına az qalır. Ötən müddət ərzində Qarabağda infrastrukturun yaradılması istiqamətində artıq müəyyən işlər görülüb. Abidələrimizin bərpası yönündə də hər birimizi sevindirən işlərin şahidiyik. Hələlik bu istiqamətdə işlər İslam mədəniyyətinin paytaxtı qədim Şuşada daha aydın görünür. Bu il Ramazan bayramı ərəfəsində bərpa edilib dindarların istifadəsinə verilən Gövhərağa məscidindən eşidilən azan səsi  dünyaya barış və sülh mesajı kimi səsləndi. Güllələnmiş heykəllər: Üzeyirin, Bülbülün, Natəvanın qərib büstləri öz yerinə qaytarıldı. Üzeyir Hacıbəylinin yeni bir heykəli ucaldıldı. Bülbülün və  Üzeyirin ev-muzeyləri açıldı. Görkəmli Azərbaycan şairi və dövlət xadimi Molla Pənah Vaqifin  1982-ci ilin yanvarında Şuşada açılan və Qarabağın tacı olan bu şəhərin işğalından sonra ermənilərin dağıtdığı məqbərəsinin bərpası da əsl mədəniyyət hadisəsi kimi yadda qaldı. Şuşada keçirilən Vaqif Poeziya  Günlərinin açılış mərasimində çıxış edən Prezident İlham Əliyev demişdir: “Şuşanın tarixi abidələrinin bərpasına start verildi. Vaqifin məqbərəsi artıq bərpa edildi. Ermənilər tərəfindən dağıdılmış Vaqifin büstü bərpa edildi... Üç  məsciddə təmir-bərpa işləri gedir. Yuxarı Gövhərağa məscidinin təmiri demək olar ki, bitmək üzrədir. Saatlı və Aşağı Gövhərağa məscidlərinin təmiri ilə bağlı göstərişlər verildi...”

Tarixin daş yaddaşı abidələr ümumbəşəri dəyərlərdir, onların bərpasında bu sahədə humanitar yardım missiyasını yerinə yetirən beynəlxalq təşkilatlar da köməyini əsirgəməməlidir.

Zümrüd QURBANQIZI,

“Respublika”.