Abidə-bulaq kompleksi
Region

Abidə-bulaq kompleksi

İmişli  Rayon  İcra  Hakimiyyətinin   başçısı   Elçin  Rzayev,  hüquq-mühafizə  orqanlarının   rəhbərləri, ictimaiyyət  nümayəndələri,  məktəblilər  və  şəhidin  yaxınlarının  iştirakı  ilə  44  günlük  Vətən  müharibəsində  şəhidlik  zirvəsinə  ucalan  Həsənov  Nemət  Emin   oğlunun   xatirəsini  əbədiləşdirmək  məqsədilə   rayonun  Qaralar   kəndində   abidə-bulaq  kompleksinin  açılışı oldu.  Kompleksdə  Nemətlə  yanaşı,   Aprel   döyüşlərində,   eləcə  də  Birinci  Qarabağ  müharibəsində  canından  keçərək  Şəhidlik   zirvəsinə  ucalan  Vətən  oğullarının  şəkilləri də  yer  alıb.

Tədbirdə  çıxış  edən  rayon  icra hakimiyyətinin başçısı  Elçin  Rzayev şəhidimizə  Allahdan  rəhmət, ailəsinə  səbir  dilədi.  Nemət  kimi  qəhrəman  oğullarımızın  daim  qəlblərdə  yaşayacağını,  Azərbaycan xalqının  qüruru,  fəxri olan   bütün  şəhidlərimizin,   xatirəsinin  daim  əziz  tutulacağını  bildirdi. Vətən  müharibəsində  Şəhidlik  zirvəsinə  ucalan  İmişlinin  igid  oğullarının  sırasında  dayanan Nemətin  təkcə  doğma   el-obasının  deyil,  bütöv  Azərbaycanın  övladı  olduğunu,  onunla  hər  kəsin qürur  duyduğunu  vurğuladı.  Çıxış  edənlər   bildiriblər  ki,  bu  cür  bulağın  inşa  olunmasında  əsas məqsəd  şəhidlərimizi   gələcək   nəsillərə  tanıtmaqdır.  Sonra   doğulub   boya-başa  çatdığı  evində   Nemətin   ildönümü  mərasimi   keçirildi.

Nemət   Həsənov   1992-ci il  noyabr  ayının  11-də  İmişli  rayonunun  Qaralar  kəndində  anadan  olub.   Vətən  müharibəsi  zamanı  Zəngilanın  azad  edilməsi  uğrunda  gedən  döyüşlərdə  qəhrəmancasına şəhid  olub.   Azərbaycan  Prezidenti   İlham  Əliyevin  müvafiq  sərəncamlarına  əsasən  ölkəmizin  ərazi  bütövlüyünün  təmin  edilməsi  uğrunda  döyüş  əməliyyatlarında  iştirakına,  hərbi  hissə  qarşısında  qoyulmuş tapşırıqların  icrası  zamanı  vəzifə  borcunu  şərəflə  yerinə  yetirdiyinə  görə  Həsənov  Nemət  Emin  oğlu   ölümündən  sonra  “Vətən  uğrunda”  və  “Cəsur  döyüşçü”  medalları  ilə təltif  edilib.

Ərəstun  ABDULOV, 
“Respublika”.